27 Dekabr 2022 13:18
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sumqayıtda polis bölməsinə qeydiyyatda olan on minlərlə insanın qeydiyyatı xəbərsiz ləğv edilib”.

Bunu Teleqraf.com-a BAXCP sədrinin müşaviri, Sumqayıt şəhər bələdiyyəsinin üzvü Azər Qasımov deyib.

O bildirib ki, ailə üzvləri ilə birlikdə 12 ildir Sumqayıt qeydiyyatındadır: “Təxminin bir ay əvvəl bir tanışım qeydiyyatının ləğv olunduğu haqqında mənə məlumat verdi. Doğrusu, inanmadım. Daxili İşlər Nazirliyindən ona bildiriblər ki, kim hansı ünvanda yaşayırsa, o ərazidə də qeydiyyata düşməlidir. Əgər dövlət yeri olmayan insanları polis idarəsinə qeydiyyata alınmasını məsləhət bilibsə, həmin insanların həyatında nə dəyişdi ki, onları qeydiyyatdan çıxardılar? Bu kateqoriyada olan insanlar hamısı kirayələrdə yaşayır, kim onları qeydiyyata alar? Bəlkə də 5-10 nəfər olsa, buna haqq qazandırmaq olar. Amma söhbət 100-150 min insandan gedir”.

Azər Qasımov ailə üzvlərinin də qeydiyyatının ləğv edildiyin deyib: “Bir neçə gün əvvəl qızım da eyni problemlə üzləşib. Ötən gün özüm poçtla pul göndərmək istəyəndə gördüm ki, şəxsiyyət vəsiqəmin fin kodu etibarsızdır. Yəni minlərlə insan kimi, mən də “havada” qalmışam yaxın ailə üzvlərimlə birlikdə.

Bu, doğru iş deyil. İnsanların incidilməsi bəlkə də məqsədli xarakter daşıyır. Məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a sözügedən prosesin 6-7 aydır davam etdiyini bildirib.

O qeyd edib ki, polisin inzibati binasında qeydiyyat anlayışı yoxdur:

“Vətəndaşın qeydiyyatı ilə bağlı dövlət qanununa müvafiq olaraq onun yaxın qohumları və ya hansısa bir rəsmi ünvanı olmalıdır ki, həmin ünvana yerləşdirilsin. Vətəndaşlar əvvəlki illərdən kütləvi şəkildə polisin inzibati binasında qeydiyyata düşüblər və elə orada da qalıblar. Belə qeydiyyatlar ləğv edilib.

Bütün hallarda vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, yaşadıqları ərazidə müvafiq qeydiyyatı olan və yaxud yaxın qohumlarının birinin ünvanında qeydiyyata düşməyə çalışsınlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər