24 Yanvar 2023 09:14
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqının Ermənistana müşahidəçilər göndərmək niyyəti Brüssel və Praqa görüşünün ruhuna ziddir. Dünənə qədər vasitəçi olmağa, regionda əsaslı sülh yaratmağa çalışan Aİ indi açıq tərəfsizlik mövqeyini itirir, Ermənistanın tərəfinə çevrilir və ona uyğun olan addımlar atmağa çalışır. Azərbaycan və Ermənistan arasında müqayisə apardıqda məlum olur ki, Bakı birliyin üzləşdiyi problemlərin həllində ona böyük dəstək verir. Məsələn, Aİ-nin karbohidrogen ehtiyatları, qaz və neftlə təmin edilməsi üçün Azərbaycan səylərini artırır. Hazırda Azərbaycan Avropaya qaz ixracatını azı bir dəfə artırıb, növbədi ildə bu rəqəm iki dəfə artırma ilə müşahidə oluna bilər. Üstəlik Azərbaycan və Aİ arasında ikitərəfli sazişin imzalanması hazırlanır. Bu sazişin bir çox müddəaları razılaşdırılıb. Amma qəfildən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və burada əsassız fikirlərlə Azərbaycana qarşı fikirlər irəli sürülür. Bu da Azərbaycanın Aİ ilə bağlı fikirlərini dəyişməyə gətirib çıxara bilər”.

Bunu Teleqraf.com-a professor Qabil Hüseynli Avropa Parlamentinin anti-Azərbaycan qərarından sonra Aİ-nin Ermənistana növbəti müşahidə missiyası göndərmək niyyətini şərh edərkən deyib.

Qabil Hüseynli qeyd edib ki, əslində missiyanın adı Aİ-nin, dadı isə Fransanındır: “Bəli, Fransa regiona daxil olmağa çalışır. Bununla müstəmləkəçilik ənənələrinə sadiq qaldığını ortaya qoyur. Əlbəttə, yad qüvvələrin regiona gəlişi bizim tərəfimizdən rədd olunur. Buranı yalnız regionda tərəf olan Azərbaycan və Ermənistanın razılaşması sülhə apara bilər. İndiki halda kənar qüvvələrin prosesə qatılması və ya aktivliyi ancaq onun özünün marağındadır. Hələlik bu müşahidəçilər əsasən Ermənistanda olacaq, monitorinq aparacaq. Amma nədənsə 3 il bundan əvvəl Aİ belə monitorinqlərin aparılmasına heç maraq göstərmirdi. Bu da siyasətdə ikiüzlülüyün göstəricisidir”.

Qabil Hüseynli daha bir maraqlı məqama toxunub, diqqəti regiona kənar qüvvələrin gəlişinə qarşı “üsyan edən” İranın bu mövzuda susmasına yönəldib:

“İran prinsipi olmayan dövlətdir, Tehran Azərbaycana qarşı olan bütün addımları müdafiə edir. Çünki anlayır ki, İran adlanan ölkədə milyonlarla azərbaycan türkü nə vaxtsa ayağa qalxacaq. Odur ki, Azərbaycan müstəqilliyini əldə etdikdən bu yana əleyhimizə işləyir. Tehran bağırır ki, kənar qüvvələr regionda hər hansı formada iştirakı arzuedilən deyil. Amma qəribədir ki, Fransa və Aİ-nin nümayəndələri Ermənistanda oturmağa çalışır, lakin Tehran buna susur. Onların əsas fəaliyyəti Azərbaycan dövlətinin artan nüfuzuna xələl gətirmək, dövlətimizi gözdən salmaqdır. Lakin bunlar baş vermir, verə də bilməz. Bizim oradakı soydaşlarımızın milli kimlik şüuru formalaşıb. Amma hər halda İranın AB qarşısında maksimum dözüm göstərməsi əslində biabırçılıqdır”.


Müəllif: Nemət