Qardaşım və otaq yoldaşlarından nə yaxşı, nə də pis xəbər var, rəsmi qurumlardan cavab gözləyirik.
Bu sözləri Teleqraf.com-a dağıntılar altında qalan Malatya İnönü Universitetinin tələbəsi Gündüz Nəzərzadənin qardaşı Arzuman Nəzərzadə deyib.
O, binadan çıxan şəxsi əşyalar içərisində də qardaşı və digər üç azərbaycanlıya aid heç nə tapılmadığını söyləyib.
Arzuman Nəzərzadə tələbələrin zəlzələ baş verən gecə yaşadıqları binada olmama ehtimalına belə cavab verib: "Bu ehtimala inanmırıq, evdə olmasalar belə valideynlərə xəbər verərdilər. Heç bir xəstəxana siyahısında adları yoxdur".
Qeyd edək ki, Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələdən sonra heç bir məlumat yoxdur, onların yaşadığı bina dağıntıya məruz qalıb.