20 Fevral 2023 11:30
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Türkiyə Cümhuriyyətinin 100-cü, bu ölkənin ilk qadın vəkili olan Sürəyya Ağaoğlunun isə doğumunun 120-ci ildönümüdür.

Sürəyya xanım atasının ilk davamçısı olaraq Türkiyə Cümhuriyyətinə xidmət edib, ömrünü qadınların haqları uğrunda mübarizəyə həsr edib.

O, 29 iyul 1903-cü ildə Şuşada doğulub. 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. 1921-ci ildə Bezmə Aləm Validə Sultan məktəbini bitirib. Həmin ildə iki xanımla birgə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini verib, 1925-ci ildə buranı bitirib. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olub. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq, Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanıb. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçib. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edib. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü kimi fəaliyyət göstərib.

1950-ci ildə alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurub, lakin övlad sahibi olmayıb.

S.Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak edib, Yeni Türkiyə Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib.

Sürəyya xanım iki kitab müəllifidir. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” əsərləri Ağaoğlu ailəsi ilə bağlı zəngin xatirələrdən ibarətdir.

Sürəyya xanım 1982-ci ildə Bakıda olub. 29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən beyninə qan sızması nəticəsində vəfat edib.

1933-cü ildə Sürəyya xanım “Milliyet” qəzetində Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü ilə bağlı “Cümhuriyyət və qadın” adlı məqalə yazıb. Bu yazıda o, Mustafa Kamal Atatürk inqilablarının qadına verdiyi haqlardan bəhs edib.

Sürəyya xanımın bu yazısınından bir il sonra Türkiyədə qadına ən əsas haqq olan – seçmə və seçilmə haqqı verilib. Bundan qısa müddət öncə bu haqq sadəcə bələdiyyələri ehtiva edirdi.

Teleqraf.com Sürəyya Ağaoğlunun həmin yazısını təqdim edir:

***
Sürəyya Ağaoğlu

Cümhuriyyət və qadın

Bu gün Türkiyə Cümhuriyyətinin 10-cu ildönümüdür. Bu günün bütün məmləkət üçün olan böyük qiyməti yanında Türk qadınlığı üçün daşıdığı ayrı bir dəyəri də vardır. Bu gün Türk, daha doğrusu Şərq qadınının bayram günüdür.

Türk qadınına Cümhuriyyət rejiminin qazandırdığı haqlar olduqca çoxdur. Baxmayaraq ki, ümumi hərbin doğurduğu ehtiyaclar Türk qadınını həyata atmışdır. Fəqət o zamanlar ümumi olaraq qadına verilən işlər kiçik işlərdi. Çünki “Qadın böyük işlər görməyə müqtədir deyildir” zehniyyəti hökm sürürdü.

Heç unutmuram, bundan 13 il əvvəl 3 xanım ilk dəfə olaraq Hüquq fakultəsinə girdik. Bu, olduqca böyük hadisə oldu. Hüquq məzunu olan xanım nə edəcəkdi? Vəkilmi, hakimmi olacaqdı? Baxmayaraq ki, darülfünunun digər fakultələrində qadınlar vardı. Fəqət onlar müəllim yetişdirirdilər. Müəllimlik kimi böyük və mühüm işi qadınların bacaracağını qəbul edən zehniyyət nədənsə qadının vəkil, hakim ola biləcəyini qəbul edə bilmirdi. Hüquq məzunu olmaq kişi kimi həyata atılmağa hazırlanmaq deməkdi. Qadın kişi kimi necə çalışardı? Daha dünən yeniləşmə tariximizin ən möhtərəm bir siması Namiq Kamal belə qadına “həmən həmən insan” deməmişdimi?

İştə bu “həmən həmən insan”ın hökm verə bilməsini, bir haq təqib etməsini kimsənin hövsələsi almırdı. Fəqət məktəbi bitirdik. Bizdən sonra bir çox xanım yoldaşlar yetişdilər və bu gün hakimlik, vəkillik, müddəiümumilik (prokurorluq – D.Ə) edən, polisdə çalışan bir çox hüquq məzunu xanımlar var. Az zaman zərfində edilən təcrübə türk qızlarının oğlan dostları ilə çiyin-çiyinə hər ictimai fəaliyyət sahəsində yürüyə biləcəyini göstərdi.

Türk qadınına çalışma sahəsində qabiliyyətini göstərmək fürsətini bir vətəndaşlıq haqqı olaraq verən Cümhuriyyət qanunlarıdır. Əvvəlcə evdə, hərəmdə qapalı yaşayan, uşağı üzərində, evində heç bir haqqı tanınmayan Türk qadını Mədəni Qanunun ona bəxş etdiyi haqlarla bu gün uşağının tam mənası ilə anasıdır və kişisinin hər haqqına bərabər haqlara sahibdir. Artıq Türk anasını ata istədiyi zaman qapını göstərib bir kəlmə ilə uşağını analığından, evinin qadınlığından uzaqlaşdıra bilməz.

Ailədə baş verən bu məsud inqilab iqtisadi, ictimai sahədə də özünü təcəlli etdirir. Qadın bələdiyyə seçkilərində iştirak edir, qadın bələdiyyə üzvü olur; banklarda qadın müdirlər var; dəyərli həkim xanımlar var; fabrikdə çalışan qadınlar var. Bu gün Türkiyədə bir çox ailələr qadının əməyi ilə yaşayırlar.

Türk qadını Cümhuriyyət rejiminin ona verdiyi haqlara nə qədər layiq olduğunu hələ Mücadilə illərində isbat etmişdir. Cəbhəyə gedən kişinin yerinə evinə hər xüsusda baxan bu qadın cəbhəyə də mərmilər daşımaq surəti ilə iştirak etmişdir. Məmləkətin hər dərdinə bütün canı ilə sarılan Türk qadınına haqlarını verən Cümhuriyyət və onu idarə edən böyük və müqəddəs əllərə məmləkət qadınlığı hər zaman minnətdar və mütəşəkkirdir. Türk qadını hər haqqın bir vəzifə qarşılığı olduğunu bilir və bunun üçün azad bir məmləkətin azad bir vətəndaşı olaraq vəzifəsində ciddiyyət və vüqarla yürüyür.

“Milliyet” qəzeti, 29.10.1933


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər