Ötən ilin yayında xalq yazıçısı Əzizə Cəfərzadənin varisi hörmətli Turan İbrahimov bəyin qonağı oldum. Turan bəy Əzizə xanımın irsini qorumaq üçün yaratdığı ev muzeyində tədqiqatçılar üçün rahat şərait yaradıb. Əzizə xanıma aid kitablar, qəzet materialları, müxtəlif sənədlər, məktublar, əşyalar dəqiqliklə kataloqlaşdırılıb, mövzu ilə bağlı çalışan şəxslərə təmənnasız təqdim edilməkdədir. Turan bəyin bu səxavətindən yararlanaraq mühacirət tariximizə işıq tutacaq bəzi materialları oxumaq, tədqiq etmək üçün aldım.
Yada salaq ki, 1980-ci illərin ortalarından etibarən Türkiyəyə səfərlər edən Əzizə xanım orada yaşayan azərbaycanlı mühacirlərin övladları, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlərlə görüşüb, onlarla dostlaşıb, məktublaşıb.
Bu səfər təəssüratlarını mətbuatda dərc edən Əzizə xanım eyni zamanda mühacir irsimizlə bağlı qiymətli materialları da ölkəmizə gətirib. Professor Əhməd Cəfəroğlunun qızı Nazan Ölçer, Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göygöl, Əli bəy Hüseynzadənin qızları Səidə Santur və Feyzavər Alpsarla görüşən Əziz xanım Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli ilə də tanış olub.
1990-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində Türkiyə və Kipr xatirələrini çap edən Əzizə xanım mühacir övladları ilə görüşləri barədə yazıb: “Hər şeyə gümanım gələrdi, amma iki şeyə yox: bunların biri o idi ki, mən eyni bir gündə, eyni bir saatda mərhum Əli bəy Hüseynzadənin iki qızı ilə tanış oldum, səslərini və surətlərini lentə aldım. Ədibin böyük qızı Səidə Santur və Feyzavər xanımla. Səlim Turan adlı bir qardaşlarının Fransada yaşadığını, vətənlə heç bir ilgisi olmadığını təəssüflə qeyd etdilər”.
Bu görüşdə Səidə xanım Əli bəyin çəkdiyi Ömər Xəyyam və Süleymaniyyə türbəsi rəsm əsərlərinin surətini, Əli bəy haqqında biblioqrafiyanı və sair materialları Bakıya aparmaq üçün Əzizə xanıma verib.
Digər görüşdüyü mühacir ailənin varisi haqqında isə bunları yazıb: “İkinci gözləmədiyim şey Zərifə xanım Kürdəmirlə görüş idi. Mən onu sadəcə bir azəri qızı kimi tanımaq istəmişdim. Yanıma qovluqla gəldi. Və bir aləm açdı: Sən demə, Zərifə Kürdəmir Əlimərdan bəy Topçubaşovun nəvəsi, Həsən bəy Zərdabinin nəticəsi imiş. Mənə iki şəkil, Əlimərdan bəy Topçubaşov haqqında fransızca yazılmış iki məqalə, başlıcası Əlimərdan bəyə İsmayıl bəy Qaspıralının yazdığı məktubların fotosurətini gətirmişdi...
Səhəri günü Zərifə Kürdəmir Zöhrə xanımla birlikdə yanıma gəldi. Zöhrə xanımın gətirdiklərini təsvir etməzdən əvvəl deməliyəm ki, mən müraciət etdiyim bütün tanışlardan yalnız fotosurətlər vermələrini xahiş edirdim. Nəzərə alırdım ki, bunlar əzizlərinin son yadigarı ola bilər, verməyə ürəkləri gəlməz. Həm də bunları sərhəddən buraxmaya bilərlər. Amma Zöhrə xanım babasının onda olan yadigarlarının hamısını, özü də əslini gətirmişdi. “Necə ürəyiniz gəldi, Zöhrə xanım?” deyə soruşdum. Qəmliydisə də, sualıma gülümsədi: “Allah mənə oğuldan oğlu, qızdan qızı əsirgəməmişdir. Amma görürəm ki, orada bunların qiymətini daha yaxşı bilirlər. Aparın, orada yaxşı qalar”. Üçümüz də kövrəlmişdik.
Üç ixtiyar qadın kədərini qəlbinə yoğurub gətirdiyi qiymətli yadigarları nəzərdən keçirməyə başladıq. Bunlar dörd fotoşəklin əsli (biri Bakıda 1919-da açılmış qız məktəbi müəllimlərinin kollektiv şəklidir), İsmayıl bəyin səkkiz məktubunun əsli, Bakı ilə bağlı bir proqram və başqa materiallardır. Zöhrə xanımın təxəllüsü Göygöldür, şairlik qabiliyyəti də varmış, həm də bizim o ağır günlərimizdə bir mərsiyə yazıbmış və bu parçanı yanımdaca bir ağ vərəqə qeyd edib mənə bağışladı:
Bu qaranlıq gecələrdə
Yazı ağlar, Araz ağlar.
Qara bağlar analar
Qara bağlar “Qarabağlar”
Gül bənövşə pərişan
Qərənfillər qan ağlar.
Zöhrə Göygöl
Onu da qeyd edim ki, Zöhrə xanımın Azərbaycana bağlılığı elədir ki, mən onun yazısını heç bir dəyişiklik etmədən yalnız əlifbanı çevirmişəm. Sonra öyrəndim ki, Zöhrə xanımın anası Şəfiqə xanım Azərbaycan Demokratik Cümhuriyyət başçısı Nəsib bəy Yusifbəyovun arvadı imiş. Ana Qaspıralı, ata Azəri... Bu imiş Zöhrə xanımı danışdıran”.
Zərifə Kürdəmirin məktubları
Turan bəyin arxivindən əldə etdiyimiz materiallar arasında Zərifə Kürdəmir xanıma aid iki məktub vardı. 1991-ci ilin yanvarında göndərilmiş məktubda yazılıb:
“Ocak. 1991
Sevgili Azize hanım.
Sizin mektubunuzu aldım. Teşekkür ederim. Hayırlı ve mutlu seneler size ve ailenize. Bugün Zühre hanıma gideceğim. Orada Zaur beyi göreceğiz.
Azize hanım babamın ismi Ali Eşref Sultanofdur. Fakat burada mecbur oldu soyadını değiştirmeğe (Atatürk bunu istedi) ve Ali Eşref Kürdemir oldu.
Babam Tiflislidir ve babasının halı fabrikaları vardır. Kız kardeşi Haver hanım Trabzonda oturuyordu. İki kızları vardır. Aliye ve Asiye - hepsi öldüler. Babamın başka kız kardeşi vardır. Surreya. Hiç evlenmedi ve o da vefat etti.
Annesi de Parise ve Türkiyeye geldiler. Yalnız babası gelemedi.
Mayısda inşallah gelmek istiyorum Bakiye.
Sizleri öpüyorum.
Zarife”
Digər məktubunda isə Zərifə xanım bunları yazıb:
“5-8-1992
Muhterem Azize hanım. İyi misiniz!
Ben Baküye gidemedim, çünkü rahatsızlandım. Tansiyonum yüksektir.
İnşallah yakında sizleri görmeğe gelirim.
Sizleri çok düşünüyorum.
Amber hanım çok sevdiğim arkadaşımın kızıdır. Kendisi gazetecidir ve Azerbaycanlıları çok seviyor. Lütfen ona yardım edin. Çünkü Baküyü hiç bilmiyor. Çok kiymetli bir gazetecidir.
Fatma hanım Melikova (kuzenim) ve Sevil Topçubaşovaya (kuzenim) çok sevgiler. İkisini de çok düşünüyorum.
Sizin aileniz nasıldır?
Hepinizi çok çok öpüyorum.
Çok sevgiler.
Zarife Kürdemir”.
Əliəşrəf bəy Sultanov kimdir?
Zərifə xanımın bəhs etdiyi atası Əliəşrəf bəy 2 aprel 1889-cu ildə Şamaxıda doğulub. Atası Tiflisin ikinci gildiya taciri Əbdülxalıq Sultan oğlu Sultanov, anası Mәlәknisә Mәşәdi Mәhәmmәdhüseyn qızı olub. İlk təhsilini evdə alıb, 1900-cü ildə Tiflis Kommersiya Məktəbinə daxil olub, 1910-cu ildə bitirib. Atası Şamaxıdan Tiflisə köçüb, orada ticarətlə məşğul olub.
Əliəşrəf bəy Sultanov 1910-cu ilin sentyabrında Moskva Kommersiya İnstitutunun iqtisad bölmәsinә qәbul edilib, buradan məzun olub. Cümhuriyyət dövründə ticarәt, sәnaye vә әrzaq naziri Ağa Əminov 27 may 1919-cu il tarixli әmri ilә onu Ticarәt, Sәnaye vә Ərzaq Nәzarәtinә işә götürüb.
Əminovun 31 may 1919-cu il tarixli әmri ilә Sultanova müvәqqәti olaraq nazirlik üzrә malların gәlmәsi vә getmәsi ilә bağlı bütün işlәrә rәhbәrlik hәvalә olunub vә nazirin 10 avqust tarixli әmri ilә hәmin işdәn, 29 oktyabrda isә ümumәn nazirlikdәn çıxıb.
Əliəşrəf bəyin Əlimərdan bəy Topçubaşovun qızı Sara xanımla evliliklərindən Zərifə (1921-2006) və Gülnar (1923-2021) adlı qızları doğulub. Ailə Parisdə yaşasa da, İstanbula gəlib-gediblər. Bu barədə Əlimərdan bəyin Əli bəy Hüseynzadəyə yazdığı məktubunda oxuyuruq: “Bu gün mənim kürəkənim İstanbula gəlir və mən istəyirəm onunla Sizə kiçik bir məktub göndərim. Onunla bərabər, qızım Sara xanım da mənim həddindən çox sevdiyim iki nəvəmlə oraya gəlirlər. Şübhə etmirəm ki, Siz və Ədhiyə xanım (Əli bəyin xanımı – D.Ə.) mənim gözəl nəvələrimi sevəcək, İstanbula köçməyə qərar vermiş qızıma və kürəkənimə diqqətli olacaqsınız. Onlar hər ikisi mənim ailəmin buradakı həyatı, mənim hazırkı vəziyyətim və planlarım barədə Sizə ətraflı məlumat verəcəklər...”
Əliəşrəf bəy İstanbula gəldiyi zaman Maltada əsir həyatı yaşayan Əhməd bəy Ağaoğlunun da ailəsinə kömək edib. 30 sentyabr 1920-ci il tarixli məktubunda Əhməd bəy ailəsinə yazıb: “Əşrəf bəy Sultanovu, təəssüf ki, xatırlamıram. Bu, bizim Sultanovlardanmı, yaxud Bakı Sultanovlarındanmı? Nə olur-olsun, ona etdiyi insaniyyətə görə çox təşəkkür edirəm. Qızımız, Əlimərdan bəyin kəriməsini də təbrik edirəm. Onun evlənərək İstanbula gəldiyi zaman orada olmaq və əmilik vəzifəsini ifa etmək istəyərdim. Fəqət təəssüf ki, bu hadisə bizim çox pərişan və mənim İstanbuldan çox uzaq olduğum zamana təsadüf elədi”.
Əhməd bəyin 4 oktyabr 1920-ci il tarixli məktubdan aydın olur ki, Ələşrəf bəy onun oğlu Əbdürrəhmanın təhsil haqqının ödənilməsinə kömək edib.
Əliəşrəf Sultanovla bağlı Türkiyə arxivində iki sənəd var. 1923-cü ilin may-iyun aylarında onun İzmir və Trabzona işlərini həll etmək üçün getməsi üçün TBMM hökumətindən icazə istənilib. Bu vasitəçiliyi məşhur jurnalist Yunus Nadi bəy edib. Sənəddə Əliəşrəf bəy öz işi-gücü ilə məşğul olan bir şəxs kimi qeyd edilib, Ticarət naziri müavinliyinin isə mərhum İbrahim Əbilovdan əvvəlki Azərbaycana aid olduğu vurğulanıb.
Əliəşrəf bəy 6 noyabr 1969-cu ildə İstanbulda vəfat edib, Zincirliquyu məzarlığında dəfn olunub. Zərifə xanım isə 2006-cı ildə haqq dünyasına qovuşub.
Qaynaq:
Əzizə Cəfərzadə arxivi.
Ağaoğlu Ahmet. “Malta Sürgünlüğünden Gözümün Nurlarına Mektuplar”. Hazırlayan: Ömer Erden, İstanbul, 2021.
“Azerbaycan Cumhuriyeti 1918-1920: Osmanlı Arşiv Belgeleri”. Hazırlayanlar: Qiyas Şükürov, Vasif Qafarov. İstanbul, 2018.
Cəmil Həsənli. “Tarixi şəxsiyyətin tarixi. Əlimərdan bəy Topçubaşov. Bakı, 2013.
Misir Mərdanov, Ədalət Tahirzadə. “1920-ci ilәdәk ali mәktәblәrdә oxumuş azәrbaycanlılar. (Ensiklopedik soraq kitabı)”. VII cild, Bakı, 2022.
“Ədəbiyyat və İncəsənət” qəzeti, sayı 34 (2429), 7 sentyabr 1990.