2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində “Şahmat” fənninin tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib. 2017-ci ildə isə heç bir açıqlama verilmədən bu dərslərin tədrisi ləğv edilib.
Teleqraf.com şahmat dərslərinin tədrisinin dayandırılması səbəbini araşdırıb.
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
"Şagirdlərin intellektual inkişafı üçün şahmatın tədrisinə ehtiyac var. Onun ləğv edilməsindən sonra bədən tərbiyə dərsinin içərisində bu və digər formada bir neçə dərs məhz şahmata ayrılır. Digər idman növləri ilə məşğul olmaqla bağlı ortada müəyyən narazılıqlar var idi. Biz buradakı əsas problemi ixtisaslı kadr çatışmazlığında görürük.
Orta ümumtəhsil müəssisələrində tədrisin təşkili qaydalarına, eyni zamanda ştat vahidinə görə idman dərslərini idman müəllimi keçir. Amma şahmat dərsləri mütəxəssis tərəfindən keçirilməlidir və orta ümumtəhsil müəssisələrində elə bir büdcə yoxdur ki, ayrıca şahmat dərsləri keçirilsin deyə onlara büdcə ayrılsın".
Kamran Əsədov vurğulayıb ki, bunun ödənişli əsaslarla keçirilməsində müəyyən problemlər var idi və bu bir fəaliyyət kimi təşkil edilirdi: "Digər tərəfdən, sonradan fakultativ əlavə məşğələlər ləğv edildi. Yaxşı olardı ki, fakultativ məşğələlər məhz şagirdlərdə şahmat, rəsm və digər fərdi bacarıqların formalaşması üçün əlavə edilsin. Dövlət büdcəsindən ayrıca şahmat dərslərinin təşkil edilməsi üçün xüsusi vəsait olmadığına görə bu saxlanıldı. Amma bunlara vəsait ayrılsaydı, şagirdlərin intellektual inkişafına çox böyük fayda vermiş olardı. Həmçinin şagirdlərdə müsbət bacarıqlar formalaşa bilərdi.
Təhsil Nazirliyi o qədər əhəmiyyətsiz yerlərə vəsait xərcləyir ki, onun əvəzinə ən zəruri ehtiyaclar kənarda qalır. Ümumiyyətlə, şagirdlərdə rəqəmsal bacarıqların formalaşması, intellektual baxımdan inkişafı üçün nazirliyin büdcəsinin doğru və səmərəli xərclənməsinə ehtiyac var. Amma bu günlərdə biz bunu müşahidə edə bilmirik".
Təhsil ekspertinin fikrincə, dünyanın inkişaf etmiş ölkələrinə nəzər salsaq, məhz gənclərin inkişaf etməsi üçün bu tipli intellektual və rəqəmsal oyunlar daha çox tətbiq edilir: "Əgər bu gün bizim məktəblərdə elektron lövhələr varsa, niyə bunu daha rahatlıqla elektron formada keçməyək?"
Finlandiya, Cənubi Koreya, Sinqapur modelinə baxsaq görərik ki, orta məktəblərdə şahmat dərsləri xüsusi olaraq tədris olunur və bu, heç də tədrisin yüklənməsinə gətirib çıxarmır. Əksinə, uşaqların zehni inkişafına müsbət təsir göstərir. Ölkəmizi beynəlxalq turnirlərdə təmsil edən məşhur qrossmeysterlərimiz var və onların qazandığı uğurlar fərdi çalışmalarının nəticəsidir.
Azərbaycanda şahmat oyununa maraq kifayət qədər çoxdur, bu oyun çox populyardır. Azərbaycanı beynəlxalq arenalarda təmsil edən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, həmçinin Məmmədyarovlar ailəsinin hər biri kifayət qədər uğur qazanıblar. Ona görə də hesab edirəm ki, vəziyyət yaxşıdır. Amma kütləvi idman növünə çevrilməlidir. Şagirdləri zərərli vərdişlərdən uzaq tutmaqdan ötrü biz şahmatı orta ümumtəhsil məktəblərinə tətbiq etməliyik, bu isə onlar üçün faydalı ola bilər.
Bu idman növü ödənişli fəaliyyət növünə çevrilməsə, dövlət büdcəsindən əlavə vəsait ayrılmasa məsələni həll etmək mümkün deyil. Bu idman növünü idman müəllimləri tədris etməməlidir, çünki onlar peşəkar səviyyədə bilmirlər. Şahmatı müəyyən səviyyədə bilən mütəxəssislər tədris etməlidir. Hazırda bu sahədə kadr çatışmazlığı var və bölgələrdə bunun tədrisi effektiv deyil".
Sport24.az adlı yerdə baş redaktoru Ceyun Əliyevin sözlərinə görə, şahmatın inkişafı ölkəmizdə çox yüksək səviyyədədir: "Bunun nəticəsidir ki, səkkiz, on, on iki, on altı, on səkkiz yaşlılar arasında biz daim dünya və Avropa çempionatlarında böyük uğurlar qazanırıq. Müxtəlif kuboklar, medallar qazanırıq və bundan sonra əsas məqsəd ölkəmizə şahmat tacını gətirmək olur".
O, bununla belə hesab edir ki, uzun illərdir fərqli nəticənin şahidiyik: "Səbəb isə uşaq vaxtı, yeniyetmə çağında uşağın şahmatda irəliləməsinin maddi tərəflərinin hamısının valideynin özünün qarşılaması ilə bağlıdır. Artıq kişi və ya qadın şahmatına qədəm qoyduqdan sonra inkişaf üçün orada elə bir vəsait tələb olunur ki, yalnız imkanlı şəxslər bu vəsaiti qarşılaya bilir. Ən elitar 2700 reytinqdən yuxarı olan şahmatçılar ay ərzində otuz, əlli min dollar vəsait alırlar.
Onu da qeyd edim ki, 2700 reytinq Azərbaycanda cəmi iki nəfərdədir: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov. Bu reytinqi qazanmaq isə çox müşkül məsələdir.
Kasıb ailələr, orta təbəqənin insanları övladlarını şahmata yönəltmək üçün maddi cəhətdən problem yaşayırlar. Ancaq bu problem olmasa, həmin uşaqlar çalışsalar, öz üzərlərində işləsələr 2700 reytinqə çata bilərlər. Hazırda 2700 bir kənara heç 2600 reytinqə sahib şahmatçı yoxdur. Bunun başında isə Şahmat Federasiyası durur, bu qayğını onlara federasiya göstərməlidir. Federasiya isə çox təəssüf ki, lazımi istiqaməti götürmür və daha çox öz piarı ilə məşğul olur".
Jurnalist xatırladıb ki, 20 yaşlılar içərisində son dünya çempionu azərbaycanlı oldu: "Təsəvvür edin, bu, necə bir şadyanalıq, bayram kimi qeyd olundu. Məsələ burasındadır ki, həmin şahmatçı 20 yaşlılar arasında dünya şahmat sıralamasında 68-ci yerdə idi. Bir anlıq düşünsək ki, 68-ci sırada olan gənc necə çempion oldu? Çünki 20 yaşa qədər olan əsl elitar şahmatçılar o tip yarışa qatılmır. Onlar artıq şahmat tacı uğrunda fikirləşirlər.
Orta məktəblərdə isə şahmat dərsini xüsusi müəllim deyil, məktəbin idman müəllimi tədris edir. Bu, çox gülüncdür və düzgün deyil. Çünki idman müəllimi cüdo, qılıncoynatma, karate və sair kimi sahələrlə məşğul olub, şahmatdan nə dərs deyəcək? Bu, Azərbaycanda faciəvi bir problemdir".
Ceyhun Əliyevin fikrincə, orta məktəblərdə şahmatın aşağı səviyyədə olması kadr çatışmazlığı ilə bağlı deyil: "Naxçıvanda gənclər arasında şahmat olimpiadası keçiriləndə yarışda qardaş Türkiyə olimpiya çempionu oldu. Komandanın baş məşqçisi isə Cəmil Ağamalıyev idi. Maraqlı bir sual yaranır, ölkənin ən güclü mütəxəssisi Cəmil nəyə görə Azərbaycanda yox, Türkiyədə çalışır? Çünki Azərbaycanda bu cür mütəxəssislərə dəyər verilmir. Eləcə də Elmar Məhərrəmov Dubayda çalışır.
Onu da qeyd edim ki, Rauf Məmmədov kimi təcrübəli qrossmeysterimizi yetişdirən məhz Cəmil Ağamalıyev olub. Buna baxmayaraq Cəmilə Azərbaycanda yer tapılmır".
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Sorğuya cavab olaraq bildirildi ki, əvvəlki tədris illərində olduğu kimi 2022-2023-cü tədris ili üçün təsdiq edilmiş tədris planlarında da ümumi təhsil müəssisələrinin müəyyən edilmiş iki və dördüncü siniflərində dərsdənkənar məşğələlərə ayrılan 1 saat “Şahmat” kursunun tədrisinə verilib.