Fövqəladə Hallar Nazirliyinin (FHN) “İzotop” xüsusi kombinatı ərazisində kombinatın ştatdankənar yanğınsöndürmə qrupları və Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Qaradağ Rayon Yanğından Mühafizə Hissəsinin 13 nömrəli Yanğından Mühafizə Bölməsinin şəxsi heyətinin birgə iştiraki ilə təlim keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində məqsəd kombinat ərazisində baş verə biləcək yanğın zamanı qarşılıqlı fəaliyyətin təşkili, yanğın zamanı əməkdaşların təhlükəsiz əraziyə təxliyə olunması, yanğının söndürülməsi və fərdi yanğınsöndürmə vasitələrindən istifadə qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.
Təlim zamanı kombinat ərazisində baş vermiş şərti yanğın qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”, “zərərçəkmişlər“ təhlükəsiz əraziyə təxliyə edilib.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.