3 Aprel 2023 17:08
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nəriman Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlanın, həm də yamanlanıb. Həm sovet dövründə, həm müstəqillik zamanı, hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib edib. Onun amalı Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq, Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi.

Bunu Teleqraf.com-a Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.

Niyə ermənilər Nərimanovu düşmən bilirdilər?

Nəriman Nərimanovun Naxçıvanda olan abidəsinin sökülməsi ətrafında müzakirələrə toxunan tarixçi alim xatırladıb ki, onun əvvəlcə siyasi təcridi başlayıb, sonra da fiziki həyatı hələ də müəmmalı sayılan tərzdə sona yetib: "Özündən sonra adı belə yasaq edildi, siyasi bəraətdən sonra 100 illiyini qeyd edib, abidə ucaltmaq istəyəndə erməni millətçi-kommunistləri haray qaldırıb qarşısını almağa səfərbər olunmuşdular".

Ermənilərin Nərimanovu düşmən hesab etməsinə Firdovsiyyə Əhmədova belə aydınlıq gətirib: "Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi. Onun iradəsi ilə Mikoyan daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə edirdi. Lakin təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi”.

“Nərimanov Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı”

Tarixçi alim bildirib ki, Nəriman Nərimanov Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırmışdı: “O, Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını almışdı. Eyni zamanda Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu vermişdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə aparmış, Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək vermişdi. O həmçinin Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərib. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu. Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə xalq adamı idi”.

“Özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi...”

Firdovsiyyə Əhmədova bildirib ki, Nərimanovu bolşeviklərin proqramı öz cazibəsinə salmışdısa, hakimiyyətə də xalq arasında nüfuzuna görə gətirmişdilər: “İllərlə qazandığı nüfuzunu başda Stalin olmaqla bolşevik elitası öz maraqları yönündə sərf etməyə səy göstərib. Onlara müsəlmanların etibar etdiyi şəxs lazım idi. Bu nə Qarayev idi, nə Axundov, nə də başqaları. Bu amili Nərimanov da anlamışdı və etiraf etmişdi. Artıq müsəlmanlar arasındakı nüfuzu onun mərkəzi bolşevik hakimiyyətinə qarşı mübarizədə əsas təzyiq silahı idi. Bu silahdan da axıra qədər istifadə etdi. Amma yalnız mərkəzlə deyil, Azərbaycanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmağına tərəfdar olan, formal müstəqilliyini belə itirməyə razı olan yerli türk-müsəlman kommunistlərlə mübarizə aparmalı oldu. Bu təkbaşına mübarizəsində hər zaman istəyinə nail ola bilmirdi. O cümlədən, özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi ilə bağlı...”.

“Nərimanov Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi?”

Firdovsiyyə Əhmədova hesab edir ki, baş verənləri Nərimanovun adı ilə bağlamaq isə dövrün reallığını nəzərə almamaqdır: “Nərimanov kommunist olmasaydı, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi? Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri ciddidir. Əksinə onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər