“Ötən gün həkimlərimizin Qarabağda səhhəti pisləşən erməniləri Xankədidəki xəstəxanaya çatdırması Azərbaycan dövlətinin humanistliyindən xəbər verir. Həkimlərimiz bütün dünyaya, o cümlədən ermənilərə sülh mesajı göndərdi. Göstərdilər ki, Azərbaycan dövlətinin ermənilərlə heç bir düşmənçiliyi, qisas niyyəti yoxdur. Artıq ermənilər də anladılar ki, onlar Azərbaycan vətəndaşı kimi bu ölkədə yaşaya bilər və onları heç bir təhlükə gözləmir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının Şuşa həkimlərindən ermənilər üçün yardım istəməsi və tibb işçilərimizin buna müsbət reaksiyası müharibənin artıq geridə qaldığını və bölgənin yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Yayılan məlumatdan aydın olur ki, əraziyə gətirilən xəstə ermənilərə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili onları Xankəndi xəstəxanasına çatdırıblar. Həkim üçün xəstənin kimliyi, hansı din, dil, etnik qrupdan olmasının heç bir fərqi yoxdur. Bizim həkimlərimiz çox doğru qərar veriblər və üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. Əslində biz o ermənilərə ona görə tibbi yardım göstərmədik ki, dünya bizim humanistliyimizi görsün. Bu bizim həyat tərzimizdir, milli, insani xarakterimizdir”.
R.Əliyev qeyd etdi iki, ötən gün baş vermiş müsbət hadisə Ermənistan və onun havadarlarına cavab olmalıdır: “Onlar iddia edirlər ki, guya Azərbaycan Laçın-Xankəndi yolunu bağlayıb, Qarabağda etnik təmizləmə aparır və s. Yəqin ki, bu iddiada olanlar Azərbaycan həkimlərinin ermənilərə qarşı nəcib addımlarından sonra utanarlar, bəyanatlarına çəki-düzən verərlər. Onlar ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına dəstək vermək əvəzinə bu prosesə mane olurlar. Qoy erməni həkimlər də yayılan o görüntülərə baxıb ibrət dərsi götürsünlər, insanlığı öyrənsinlər. Əminəm ki, bizim vətəndaşlar erməni həkimlərinin əlinə düşsəydi, onlar başqa cür davranardılar. Əsir və girovlarımızın açıqlamalarından, müsahibələrindən də oxuyuruq ki, erməni həkimlər azərbaycanlılara qarşı çox qəddarlıq ediblər. Hətta erməni hərbçilərin etmədikləri qəddarlıqları erməni həkimlər ediblər. Yəqin ki, Azərbaycanda düşmənçilik aparan ermənilər o kadrlara baxıb xəcalət çəkdilər”.
Politoloq hesab edir ki, Qarabağdakı ermənilər Azərbaycan dövlətinin onlara yönəlmiş siyasətini, addımlarını ciddi izləməli, götür-qoy etməlidirlər: “Qarabağdakı ermənilərin Azərbaycanda digər vətəndaşlara yaradılan bütün imkanlardan yararlanmaq şansları var. Baş verənlər hələ ilk addımlardır. Gələcəkdə Xankəndi erməniləri Azərbaycan dövlətinin digər xidmətlərindən də faydalanacaqlar”.