Bu gün 2014-cü ili yola salıb yeni ili qarşılayacağıq. Azərbaycanda bayram bayrama qarışıb. Ölkəmizdə Yeni illə yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur. Çin təqviminə görə 2015-ci il qoyun, Şərq təqviminə görə isə keçi üzərindədir.
Adətən, qoyun ilində bolluq olur. İnsanlar yaxşılıqlar etməyə daha çox meyil edirlər.
Astronomik il Yupiterin hərəkət istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün sutökən bürcünün dövrünə (20 yanvar -19 fevral) düşür. Qarşıdan gələn ağac ünsürlü göy keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtilə 04:47-də başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək.
Astroloqların fikrincə, ilin planeti Yupiter, uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü isə çərşənbə və şənbədir. Rəng göy, yaşıl, bənövşəyi, daş-qaş sapfir, ametist və zümrüddür.
Bir qayda olaraq keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar. Qədim Çin astrologiyasına görə, keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı - tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələrin minimum səviyyəyə enəcəyi gözlənilir.
İndiyədək dünya tarixində keçi ilində çox vacib hadisələr olub. Məsələn, keçi ilində Azərbaycan müstəqillik qazanıb, Bakı Dövlət Universiteti yaradılıb, Bakıda metro nəqliyyatı işə düşüb, Təbrizdə Azərbaycan Demokratik Firqəsi fəaliyyətə başlayıb. Bundan başqa radio bu il altında ixtira olunub, Nobel mükafatı təsis olunub. İlk vertolyot Fransada havaya qalxıb. Tehranda Çörçill, Ruzvelt və Stalin arasında İkinci Dünya müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib, Dünyada ilk dəfə olaraq SSRİ “RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib, İsrail Şərqi Qüdsü işğal edib. İranda İslam İnqilabı qələbə çalıb. Sovet ordusu Əfqanıstanı işğal edib. SSRİ dağılıb, ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib.
“Gündəlik Teleqraf” “Brifinq” layihəsi çərçivəsində redaksiyamızda qonaq olan ictimai-siyasi xadimlərdən, mədəniyyət sahəsinin nümayəndələrindən bayram təəssüratlarını öyrənib. Qonaqlarımız 2015-ci ildən gözləntilərini dilə gətirib və yola saldığımız at ilini xarakterizə ediblər.
“Arzu edirəm, tamaşaçı qarşısına üzü ağ çıxaq”
Layihəmizdə 2014-cü ilin sonuncu qonağı Sənubər İsgəndərli olub. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər xanım söylədi ki, heç vaxt yeni illə bağlı xüsusi planlaşdırma etmir: “Bu, ailə bayramıdır. Ailələr bir araya toplaşır. Ya qızımgil bizə gələcək, ya da mən heç olmasa 1 saatlıq onlara baş çəkəcəyəm”.
S.İsgəndərli 2015-ci ildən yeni rollar, maraqlı işlər gözləyir: “Sənət adamı nə gözləyər? Tamaşaçı qarşısına üzü ağ çıxaq, xəcalətli qalmayaq. Gözlədiklərim yalnız sənət uğurlarıdır, bir də Allah əmin-amanlıq eləsin, ürəyimiz sevinsin. Ancaq can sağlığı istəyirəm, balalarımın canı sağlam olsun”.
“Sənət baxımından demək olar ki, heç nə olmadı”
O, 2014-cü ildə kataklizimlər olmadığı üçün şükür etdiyini dedi: “Elə bir yaş dövründəyəm ki, səhər yuxudan oyananda Allahıma şükür edirəm ki, gözümü açdım. Yəni bu ili qadasız, xəstəliksiz, müharibələrsiz, zəlzələlərsiz başa vurmuşamsa, buna min şükür. Amma sənət baxımından demək olar ki, heç nə olmadı”.
“Ən gözəl bayramı atam sağ olanda keçirərdik”
“Bakılı oğlanlar” komandasının məşhur üzvü, Bəhram Bağırzadə keçi ilini öz ailəsi ilə birgə qarşılayacaq: “Şükürlər olsun Allaha, bu ili yola verdik. 2015-ci ildə özümə, əzizlərimə, dostlarıma, millətimə, xalqıma ancaq can sağlığı və böyük səbir arzulayıram”.
Onun fikrincə, ən gözəl bayramları atası sağ olanda keçiriblər.
Qeyd edək ki, B.Bağırzadə “Brifinq”də qonaq olanda atası barədə danışdığı bir hadisə sosial şəbəkələrdə də geniş müzakirə olundu. O, uzun müddət KVN-dən pul qazanmaq üçün aralı qaldığını və müxtəlif işlərdə çalışdığını söyləmişdi: “İş həyatına fəhləlikdən başlamışam. ”Azərnəşr" mətbəəsində fəhlə işləmişəm. Tələbə idim, 114 rubl maaş alırdım. 500 kiloqramlıq rulonlar daşıyırdım, digər tanınmış insanlar mənimlə orada fəhlə işləyiblər, adlarını çəkmək istəmirəm, onlar utanırlar, amma çox tanınmış insanlardır. Maşınlar kağız gətirəndə sürücü deyirdi ki, Bəhram, al 5-10 manatı bunları daşı. O pul da maaşımdan əlavə qazanc idi. “Azərnəşr”lə üzbəüz Daxili İşlər Nazirliyinin binası yerləşirdi, atam da polis polkovniki kimi 4-cü adam idi. Bir dəfə gəlib dedilər ki, Bəhram, oğurluq etməmisən, dava etməmisən? Dedim yox, dedilər səni polis axtarır. Atam da girdi otağa, mən də utanıram deyəm ki, atamdır. Atam soruşdu ki, çörək yemisən, pulun var? Dedim “hə”, qayıtdı ki, get işlə. Hamısı soruşdu ki, atandır? Bəs, sən burda nə edirsən? Dedim pul qazanıram. Bizi evdə elə tərbiyə ediblər. Atam da o cür zəhmətkeş olub".
“Yaxşı kabab bişirirəm”
Xalq artisti, tanınmış xanəndə Aygün Bayramova 2015-ci ildən çox şeylər gözləyir: “Allah mənim də istəklərimi çin etsin, qismət eləsin, hamının arzularını yerinə yetirsin. Sənət uğurları, yaxşı səhnə fəaliyyəti arzulayıram. Canımız sağlam olsun. Bayramı ailəmizlə birgə evdə keçirəcəyik. Rayona gedəcəyəm, yeni ili anamgillə qeyd edəcəyik”.
A.Bayramova bayram süfrəsini hazırlamaqda evdəki xanımlara yardım edəcəyini söylədi: “Çox şükür əl qabiliyyətim yaxşıdır. Deyilənlərə görə bişirdiklərim dadlı olur. Şirniyyatla aram yoxdur, amma plovdan tutmuş salatlara qədər hazırlamağı bacarıram. Hətta kababı çox yaxşı bişirirəm. Ola bilər bayram süfrəsini elə özüm hazırladım (gülür).
Xanəndə 2014-cü ilin onun üçün uğurlu keçdiyini dilə gətirdi: “At ilində əlamətdar günlər çox olub. Ən unudulmazı isə sentyabrda İtaliyada ”Arena di Verona"da simfonik orkestrlə olan konsert idi. Deyərdim ki, səhnə fəaliyyətimdə ən yaddaqalan və gözəl konsert oldu".
A.Bayramovanın ailəsi müəyyən müddət Bakıda yaşasa da, anasının israrı ilə Bərdəyə köçüblər. Əslən Ağdamdan olan A.Bayramovanın ailəsi hələ işğaldan öncə paytaxta gəliblərmiş: “Atam bir neçə il Bakıda yaşayıb, ancaq anam Bakıda qala bilməyib. Anamı da götürüb qayıdıb Ağdama. Amma atam o zaman Əbülfət Əliyevlə tanış olub, vaxtilə ”Basin" küçəsində qaval alıb, Əbülfəz Əliyevlə toylara gedib. Bir neçə il yaşayandan sonra anam deyib ki, burada qala bilmərəm. İndi Bərdəyə gedəndə deyirəm, gəlin gedək bir neçə gün bizdə qalaq. Burda gəlib 3 gündən artıq qala bilmirlər. Başa düşürəm, həyət evinə uyğunlaşıblar. Onlara Bərdədə rahatdırsa, mən də rahatam".
“Ən böyük arzuma 2014-cü ildə çatdım”
Aşıq Zülfiyyə qohumlarla birgə bayram keçirməyə qərar verib: “Fikirləşdik ki, qaynım, baldızım, qudamın ailəsi bir yerdə bizim bağ evinə yığılaq və yeni ili qeyd edək. 2015-ci ili Novxanıda qarşılayacağıq”.
Onun sözlərinə görə, 2014-cü ildə ən böyük arzusuna çatıb: “Şükür Allaha gözümün ağı - qarası bir oğlumun toyunu gördüm. 2015-ci ildə onların nübarını görsəm, daha çox sevinərəm”.
Onun keçi ilində özündən daha çox oğlu Babəkdən gözləntiləri var: “Babək söz verib ki, daha gözəl mahnılar ifa edəcək. Bu yaxınlarda Qazaxıstanda Üzeyir Mehdizadə ilə konsertdə idi. Uğurlu konsert baş tutub”.
Aşıq Zülfiyyəni bu sənətdə oğlu və həyat yoldaşı müşayiət edir.
“Bayramı valideynlərimlə bir yerdə keçirəcəyəm”
“525-ci qəzet”in redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid uzun illərdir bayramı valideynləri ilə bir yerdə keçirir: “Allah canlarını sağ eləsin, övladlarım baba, nənələrinin yanına yığışırlar. Bu il də ənənəni davam etdirəcəyik”.
“At ili uğurlu oldu”
R.Məcid yola saldığımız 2014-cü ili uğurlu il hesab edir: “Əvvəla, 50 yaşımı qeyd elədim. Xeyli insanlar, gözləmədiyim adamlar yubileyimlə bağlı yazılar yazdılar. Akademik İsa Həbibbəyli yaradıcılığımdan kitab yazdı. Digər dəyərli insanlar - Anar müəllim, Elçin Əfəndiyev ad günümü təbrik elədilər. İlin başlanğıcında ”Dəlicəsinə" kitabım çap olundu, Mətbuat Şurasında onun təqdimatını keçirdik. Əflatun Amaşov başda olmaqla bütün həmkarlarım, sağ olsunlar, ürək sözlərini dedilər. Baba oldum, nəvəm dünyaya gəldi".
“Nəvəmin təbəssümü mənə hədiyyədir”
Nəvəsi hələ balaca olduğundan şaxta babaya məktub yazmayıblar: “Əksinə, nəvəmin yavaş-yavaş reallaşan təbəssümü mənə hədiyyədir. Gələn il yanvarda mən ona sürprizlər edib sevindirəcəyəm. Onun təbəssümünü görməyimiz bizim üçün hədiyyədir. 2015-ci ildə Azərbaycanda böyük tədbirlərin uğurla keçirilməsini arzulayıram. Torpaqlarımızın işğaldan azad olunması köhnə arzumuzdur, onun gerçəkləşəcəyinə ümid edirəm. Mətbuatımızın 140 illik yubileyi gəlir, mətbuatımızın daha güclü olmasını diləyirəm. Xalqımızı təbrik edirəm, hamıya can sağlığı diləyirəm!”
“İstərdim ki, Azərbaycan teatrı tamaşaçıların etimadını doğrultsun”
Xalq artisti Nurəddin Mehdixanlı yeni ili Bakıda, ailəsi ilə birgə keçirəcək: “Harasa səfərə çıxmaq planım yoxdur, amma ola bilsin bayramın növbəti günlərində uşaqları götürüb rayona gəzintiyə getdik. Qohumlarla bayramlaşacağıq. 2015-ci ilin hamımız üçün uğurlu olmasını, can sağlığı arzulayıram. Ən ağrılı yaralarımızın sağalmasını gözləyirəm. İnanıram ki, Qarabağla bağlı ciddi dönüş olacaq. Sənət aləmində də dönüşlərin olmasını, uğurlu tamaşalar, səhvlərimizdən nəticə çıxarıb düzgün yaradıcılıq istiqamətlərini müəyyənləşdirməyi arzulayıram. Biz sənət adamlarıyıq, istərdik ki, Azərbaycan teatrı, o cümlədən ”Azdrama" tamaşaçıların etimadını və ümidlərini doğrultsun. Uğurlu tamaşalar olsun. Biz də bu şəkildə millətimizin qarşısında borcumuzu yerinə yetirməkdə davam edək. İnsanlarımızın maddi durumunun daha da yaxşılaşmasını istəyirəm.
O əlavə edib ki, “Gündəlik Teleqraf” qəzetinin kollektivi Azərbaycanın ictimai-siyasi, mədəni həyatına olan diqqətini daha da artırsın: “Səmimi şəkildə deyirəm ki, qəzetiniz Azərbaycanın ən çox oxunan bir neçə qəzetdən birinə çevrilib. Tərəfsiz, qərəzsizdir, intellektual yazılar dərc olunur, sənət adamlarına xüsusi diqqətlə yanaşırsınız. ”Brifinq" layihəsində millətimizin istər yaşlı, istərsə də gənc nəslinin layiqli övladlarını görəndə çox sevinirəm. Çox arzu edərdim ki, digər mətbuat orqanları da bu sayaq diqqət yetirsinlər. Sizə uğurlar arzulayıram! “Gündəlik Teleqraf”ın heç zaman oxucu sevgisi əksik olmasın, ömrü uzun olsun".
“Bu il taleyimdə ”Əmir Teymur" ili oldu"
At ili N.Mehdixanlının taleyində “Əmir Teymur” ili oldu: “Bunu heç vaxt unutmayacağam. Mübahisələrə və müzakirələrə səbəb olan tamaşa idi. Bu mənada mənim üçün çox əziz tamaşadır. Çox arzu edərdim ki, 2014-ci ildə teatrımızın yaradıcılıq və repertuar sahəsində buraxılan səhvlər 2015-ci ildə buraxılmasın. Truppa tam gücü ilə işləsin. Aktyorlar ötən ilin ağrısını 2015-ci ildə çıxarsınlar”.
N.Mehdixanlının “Brifinq”də “Əmir Teymur”la bağlı səsləndirdiyi fikirlərini diqqətə çatdırırıq: “İstədik ki, dünyanın böyük Əmir Teymuru ancaq, Topal Teymur kimi təqdim etməsinə öz münasibətimizi bildirək və tamaşamız ”Əmir Teymur" adı ilə getsin. Böyük Teymuru aşağılamaq üçün ona ancaq o şəkildə müraciət edirdilər. Aktyor olmaqdan əlavə, tarixlə çox maraqlanıram. Əmir Teymur tarixi şəxsiyyət kimi mənə bəlli idi. Amma təbii ki, bu prosesin özündə rejissordan çox şey öyrəndim. Ola bilər ki, bizim Əmir Teymuru böyük aktyorumuz Hamlet Xanızadənin televiziyadakı “Topal Teymur”u ilə, yaxud böyük aktyorumuz Yusif Vəliyevin oynadığı “Əmir Teymur”la müqayisə eləsinlər. Amma bu, Mehriban Ələkbərzadənin və Nurəddin Mehdixanlının təqdim elədiyi Əmir Teymurdur. Biz onu bu cür görürük. Qışqıran, bağıran, nitqlər söyləyən yox, həm də düşünməyi bacaran Əmir Teymur yaratmışıq".
“Ən çox tənha qalmağı xoşladığım günlər bayram günləridir”
Şair Aqşin Yenisey yeni ili paytaxtda qeyd edəcək: “Adətən, bayramlarda yola çıxmağı sevmirəm. Bayram ərəfəsində bir-birindən zəhləsi gedən qohumlar belə axışıb bir-birinin üstünə gedirlər. Ən çox tənha qalmağı xoşladığım günlər bayram günləridir. Ona görə də bayramı sakitlikdə və rahat qeyd etməyi üstün tuturam, nəinki maşını işə salıb yollarda qalmağı. 2015-ci ili də əvvəlki illəri necə qeyd etmişiksə, o cür də keçirəcəyik. Xüsusi bir təmtəraq və yenilik gözlənilmir”.
“Şaxta baba mən olacağam”
O, yeni ildən gözləntiləri olduğunu gizlətmədi: “O gözləntilərreallaşacaqsa, sevinəcəyik. Şeirlər kitabımı çap etməyi planlaşdırıram. Bilmirəm, həyat yaxud digər işlər imkan verəcəkmi onu çap edə bilim. Amma məqsəd kimi qarşıya qoyulub və üzərində iş gedir. Həyat həmişəki axarı ilə davam edəcək. Evdə yeni il ab-havası yaratmağa o qədər də fikir vermirik. Amma şaxta baba kimi deyəsən məni planlaşdırıblar. Xanımın bir az kilosu var deyə qar qıza uyğun gəlmir. Evdə gedən söz-söhbətdən belə nəticəyə gəlmişəm ki, yəqin tənha şaxta baba ilə qeyd edəcəyik (gülür).
“Övladlarımla ”skype"dabayramlaşacağıq"
Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu həyat yoldaşı, övladları və nəvələri İsraildə olduğu üçün yeni il axşamı bacıları ilə birgə olacaq: “Bayramın növbəti günlərində qohumlarla bayramlaşacağıq. Amma övladlarım və nəvələrimlə ”skype"-da danışacağam".
“Azərbaycanı sevdiyim üçün ailəmin yanına getmirəm”
İsraildə yeni ilin qeyd edilmədiyini deyən N.Cəfəroğlu Novruzqabağı ailəsinin yanına gedəcək: “Bizim Novruzdan sonra onların bayramı başlayır. Mən də onlara paxlava, şəkərbura, qoğallar aparıram. Düzdür, oğlumun, nəvələrimin yanımda olmaması xoş təsir eləmir. Amma hamıya can sağlığı arzulayıram. Mən azərbaycanlı olmağımla fəxr edirəm. Vətənimizə çox bağlı insanam. Azərbaycanın yaxşı imici məni hər yanda fərəhləndirir. İsraildə də keçirə bilərdim bayramı. Övladlarım deyirdi ki, gəl bura. 24 ildir Azərbaycanda yaşayıram. Üç oğlumun hamısı yaxşı vəzifədə çalışırlar. Evləri, eşikləri var. Amma doğrudan da, Vətənimi sevdiyim üçün gedə bilmirəm. Bircə arzum odur ki, Azərbaycana kimsə söz deməsin. Ölkəmiz Qafqazda nümunəvi dövlət olsun, o birilər ibrət götürsün. İqtidarlı, müxalifətli bütün millət buna çalışmalıdır”.
VilenMarkeviçEppelbaumla ailə həyatı quran N.Cəfəroğlunun üç oğlu, 6 nəvəsi var.
“Ən yaddaqalan hadisə əməkdar artist adı almağım idi”
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əməkdar artist adını alan gənc opera ifaçısı, “Koroğlu”nun Nigarı olan İlahə Əfəndiyeva bayramı dünəndən qeyd etməyə başlayıb: “Milli Konservatoriyada tələbələrimlə bayramlaşmışıq, dünən dostlarımla, yaxın insanlarla, iş yoldaşlarımla bir yerə toplaşmışam. Bu gün isə yeni ili ailəmlə birgə qarşılayacağıq”.
O qeyd edib ki, 2014-cü il onun üçün yaddaqalan il oldu: “Müxtəlif səhnələrdə olmuşam, diplomlarım, medallarım olub. Amma ilin sonunda ən yaddaqalan hadisə Prezidentimizin verdiyi fəxri ad idi. Ondan öncə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ”Əməkdar mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşdum. Bu il bütün varlığımla səhnədə olmuşam, operadan əlavə dövlət televiziyasında çalışıram, Konservatoriyada pedaqoji fəaliyyətlə məşğulam. Yeni ildə özümə və həmkarlarıma yeni səhnələr, obraz və rollar arzulayıram. Sənət adamı özünə həmişə bunları diləyir. Güclü olmağı, səsimin zirvələrdən gəlməsini istəyirəm. Çalışacağam ki, mənə verilən adları doğrulda bilim".
“Könül istər ki, Qarabağ problemi köklü həll olunsun”
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bayramı bir qədər fərqli ampluada qeyd edəcək: “Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə bağlı hüquqları pozulan güneyli soydaşlarımızın azad olunması üçün piketimiz olacaq. Günə ənənəvi olaraq Əbülfəz Elçibəyin xatirəsini yad etməklə başlayacağıq. Bayram adi qaydada qeyd ediləcək. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bütün dünya Azərbaycan türklərinin həmrəylik günüdür. 2015-ci ildən gözləntilərimiz arzu və istəkdən yox, əməllərdən asılıdır. Könül istər ki, Qarabağ problemi köklü həll olunsun. Növbəti il millətimizə, dövlətimizə xeyirli-uğurlu il olsun, inşallah”.
Nərgiz EHLAMQIZI