Azərbaycanın elm, tarix, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları Cornell və Purdue Universitetlərinin, həmçinin Ford Fondunun dəstəyi ilə hazırlanmış “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”na qarşı etiraz məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”nda Qarabağın Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycanın maddi və mədəni irsinə qarşı törədilmiş cinayətlərin ört basdır edildiyinə diqqət çəkilib.
Etiraz məktubunda “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”ının hazırlanmasında mütəxəssislərdən 2-si milliyyətcə erməni, digərləri isə ermənipərəst mövqeyi ilə tanınması xüsusi qeyd edilib və bu şəxslərin belə bir təhrif edilmiş hesabatın hazırlamasında iştirakının təəccüb doğurmadığı vurğulanıb.
Qeyd edilən universitetlərin və Fondun təmsilçilərinə ünvanlanan məktubda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və doğurduğu nəticələr ilə bağlı ətraflı məlumat təqdim edilib.
Bildirilib ki, əgər universitetlərin və Fondun təmsilçiləri bu mövzuda araşdırmaları Azərbaycanın Qarabağ bölgəsində aparmaq istəsələr, onlar üçün müvafiq şəraitin yaradılmasına köməklik göstərilə bilər.