Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, konfrans iki gün davam edəcək.
Konfransın açılış mərasimində YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Tahir Budaqov, BDU-nun rektoru Elçin Babayev, Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli və Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk iştirak edirlər.
Açılış mərasimindən sonra konfrans panel iclaslarla davam edəcək.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransı Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universiteti, əsasını qoyduğu, müstəqil dövlətimizin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası və Ulu Öndərin “Bir millət – iki dövlət” kəlamı ilə sarsılmaz birliyimizi ifadə etdiyi qardaş Türkiyənin Ankara Universiteti tərəfindən birgə təşkil edilib. 2 gün ərzində 3 bölmədə işini davam etdirəcək, 110-dan çox məruzə dinləniləcək.
Onun sözlərinə görə, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib:
"Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib.
Dövlət başçısının 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub”.
Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir.
Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi.
Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu.
O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi.
1993-cü ilin 15 iyunu – müdrik xalqımızın haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığı bu tarixi gün – xalqımızın və dövlətimizin taleyində dönüş nöqtəsi oldu.
Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi.
Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün Ulu Öndər tərəfindən misilsiz addımlar atıldı. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu".
Elçin Babayev bildirib ki, ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi: "İllər sonra möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri yaradıldı.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı.
Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan cənab İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu.
2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi.
Müqəddəs ata vəsiyyətini, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı xalqımızın ən ülvi və müqəddəs arzusunu şərəflə yerinə yetirdi.
2020-ci ildə qardaş Türkiyənin siyasi dəstəyi, müdrik xalqımızın sarsılmaz birliyi, qəhrəman əsgərlərimizin qanı və canı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi ilə cəmi 44 gün ərzində 30 illik işğal bitdi.
Xalqımız müzəffər xalq olduğunu bütün dünyaya sübut etdi.
Xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq böyük qürur, fəxarət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq hissləri ilə qarşılayır.
Eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir neçə gündən sonra yaradılmasının şanlı 20 illik yubiley ilinə qədəm qoyacaq Heydər Əliyev Fondunun Ulu Öndərin tükənməzirsinin tədqiqi və təbliği sahəsindəki əvəzsiz xidmətlərini xalqımız yüksək qiymətləndirir.
Bu gün biz qürur hissi ilə onu da qeyd edirik ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xöşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kolektivi də bütün xalqımız kimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı rəğbətlə qarşılayır, həmişə olduğu kimi, bu yubiley günlərində də Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir.
Hörmətli konfrans iştirakçıları, çıxışımı adı çəkilən Sərəncamda yer almış aşağıdakı fikirlərlə bitirmək istəyirəm: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”".