12 May 2023 11:40
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üç ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir:

“Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq.

Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq. Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. Human Rihgts Watch son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan ikinci Saakaşvili düzəldirlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər