17 May 2023 15:37
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial İşin Əsasları” təhsil proqramının dördüncü mövsümünün icrasına başlanılıb.

Birliyin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə bununla əlaqədar keçirilən tədbirdə çıxışı zamanı “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı layihə iştirakçılarını salamlayaraq, proqram çərçivəsində baş tutacaq fəaliyyətlərdə gənclərə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, “Sosial İşin Əsasları” təhsil proqramı çərçivəsində indiyədək 200-ə yaxın gənc nəzəri və praktiki tapşırıqlar əsasında peşəkar mütəxəssislər tərəfindən sosial iş sahəsində yeni bilik və bacarıqlara yiyələnib. Şahin Rəhmanlı qeyd edib ki, layihənin bu dəfəki mövsümündə karyera, şəxsi inkişaf, risk qrupları ilə sosial iş, yumşaq bacarıqlar və bir sıra istiqamətlər üzrə təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirin ilk hissəsi başa çatdıqdan sonra ilkin tanışlıq sessiyasına keçid edilib. Sessiya müddətində gənclər öz fəaliyyətləri haqqında təqdimatlarla çıxış ediblər. Təqdimatlar başa çatdıqdan sonra iştirakçılar müxtəlif komandalara bölünərək, müxtəlif keyslər üzrə praktiki tapşırıqlar icra ediblər.
Qeyd olunub ki, 50-dən çox gəncin iştirakı ilə keçirilən təhsil proqramı müddətində müharibənin sosial-psixoloji aspektlərinin qazilərə təsiri, cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin aradan qaldırılması, şəhid ailələri və qazilərlə sosial işin təşkili məsələlərinə xüsusi yer veriləcək. Layihənin əsas məqsədi qeyri-formal təhsil metodları vasitəsilə gənclərin sosial iş sahəsində bilik və bacarıqlarını artırmaq, habelə gənc təlimçi, fasilitator və potensial sosial işçilərin hazırlanması ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər