Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibləri mükafatlandırılıblar.
Teleqraf.com xəbər verir ki, Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafəni hamıdan öndə tamamlayan ilk üç idmançı üçün mükafatlandırma mərasimi təşkil olunub.
İtaliyalı Emanuele Ansaloni qızıl, Rumıniya yığmasının üzvü Kristian Raileanu gümüş, Ansaloninin komanda yoldaşı Martin Nessler isə bürünc medala yiyələniblər.
Ümumi turniri qazanan Ansaloni sarı formanı da heç kimə verməyib. Azərbaycan millisinin üzvü Samir Cəbrayılov ən yaxşı dağ velosipedçisi kimi qırmızı formanı özündə saxlayıb. Qazaxıstanın “Astana” klubunun idmançısı Remxi Rudolf ən yaxşı gənc velosipedçi kimi ağ forma alıb.
Komanda hesabında isə İtaliyanın “Team Technipes” klubu çempion olub.
Qaliblərə mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, daxili işlər nazirinin müavini İsmət Əliyev və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İlqar Nəzərov təqdim ediblər.