Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən 2014-cü ildə "Azərneftyağ" NEZ-in "Bakı Ağ Şəhər" layihəsi ərazisində yerləşən istehsalat sahələrindən 662 min 398 kubmetr neftlə çirklənmiş torpaqların daşınması təmin edilib.
Teleqraf.com QSC-yə istinadən məlumat verir ki, il ərzində Departamentin 1-ci və 3-cü sahələrinin əməkçiləri ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 11 min ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində 6 624 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində 18 304 ədəd, "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 49 012 ədəd, müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstəriblər. Yaşıllıq sahələrində mövsümi işlər yerinə yetirilib, bitkilərin normal inkişafı üçün məqsədyönlü tədbirlər görülüb.
2014-cü ildə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi və sahələrin genişləndirilməsi tədbirlər planı çərçivəsində Departament "Abşeronneft" NQÇİ-nin mədən ərazilərində (Pirallahı qəsəbəsi) 4 124 ədəd, "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 1000 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində isə 1 800 ədəd, "Azneft" İB ilə birgə ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 2 200 ədəd zeytun, sərv, eldar şamı ağacları və dekorativ bəzək kolları əkilib.
Yaşıllıq sahələrinin bərpası məqsədilə, ting ehtiyatının artırılması üçün "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən Departamentin 3-cü sahəsində 2013-cü ildə tikilib istifadəyə verilmiş 320 kvadratmetrlik istixanada 8 minə qədər akasiya, həmişəyaşıl oleyandr, iydə və s. ağacların toxumları əkilərək aqrotexniki xidmətlər göstərilib və normal bitiş alınıb.