Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağın erməni sakinlərinin sosial, humanitar, iqtisadi problemlərinin, eləcə də bölgənin infrastruktur məsələlərinin həlli üçün görülən tədbirləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından bildirilib ki, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Eyni zamanda, erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.
Bundan başqa, sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək.
Bildirilib ki, Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur.
Vurğulanıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.
BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.