Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak edib.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.
Çıxış edənlər tədbirin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.
Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interkativ formada keçirilən tədbirdə suallar ətraflı cavablandırılıb.