30 Sentyabr 2023 14:20
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dövlət arxivində İstanbulda yaşayan Əli Əsgər Ağaoğlu adlı bir şəxsin Xariciyyə Vəkalətinə (Xarici İşlər Nazirliyinə) göndərdiyi bir ərizə/məktub mövcuddur. Sənəddə Əli Əsgər Ağaoğlu Bakıda həbs edilən oğlunun taleyindən narahatlığını bildirib:

“Bakının (Azərbaycan) Çadrovaya caddəsində 63 nömrədə yaşayan oğlum, 1919-cu ildə İstanbulda doğulan Asəf Ağaoğlu 21 mart 1937 tarixində Sovet orqanları tərəfindən həbs edilərək 10 il həbs cəzasına məhkum edildi. Ona isnad edilən qəbahət də guya Sovet rejimi əleyhində bəyannamə dağıtmaq məsələsi idi. Tutulduğu zaman 17 yaşı olan bir çocuğun belə bir şeyə ağlı yetməyəcəyi kimi əxlaqını olduqca yaxşı bildiyim oğlumun da belə bir şeyə cəsarət edə bilməyəcəyini də çox yaxşı bilirəm.

Əsasən Bakı konsulxanasının dosyalarında mövcud olması lazım gələn məhkəmə qərarının da heç bir şeyə istinad etmədən verilmiş olduğu da bu iddiamı isbata kafidir.

Məmləkətinə dönmək üzrə konsulluqdan aldığı pasporta viza vurdurmaq üçün Sovet Daxiliyyə Komissarlığı Əcanib Dairəsinə verdiyi bir zamana təsadüf etmiş olması isə ikinci bir dəlildir.

Oğlum Bakıda həbs edildikdən sonra mənə də ailəmlə birlikdə Sovet ərazisini tərk etməkliyim təklif edildi. İşi o vaxt Bakı konsulu olan Fuad Nebil Ertoka ərz etdim. Keyfiyyəti səfirliyə yazacağını və oğlumun yaxın zamanda qurtulacağına ümid etdiyini söylədi. Bunun üzərinə hər şeyimi tərk edərək yurduma gəldim.

Budur üç il hər gün göz yaşları içində oğlumuzu gözləyirik. Tamamilə məsum və günahsız olan oğlumun bir an əvvəl qurtarılması üçün hökumətimizin şəfqət və ədalətinə sığınıram.

Adres: İstanbul. Nişantaşı. Ihlamur yolu. No. 16. Əli Əsgər Ağaoğlu

26/IV.1939”

Bu ərizədən sonra Xariciyyə Vəkaləti II Dairəsi II şöbə müdirliyi 3 may 1939-cu ildə Türkiyənin Moskva səfirliyinə müraciət edərək Asəf Ağaoğlunun qurtarılması ilə bağlı məsələnin araşdırılmasını istəyib.

Təəssüf ki, Bakıda 10 il müddətinə həbs edilən Asəf Ağaoğlu haqqında başqa sənədlərə rast gəlmədik. Əli Əsgər Ağaoğlu və onun oğlu Asəfin məşhur Ağaoğlular nəslindən olacağı şübhəsizdi.

Çünki Əhməd bəy Ağaoğlu ilə yanaşı onun bəzi qohumları da Türkiyəyə mühacirət ediblər. Onlardan biri haqqında ötən yazılarımızda bəhs etmişdik: Xudadad və Südabə Ağaoğlular və onların idmançı oğlu Mehdi Ziya Ağaoğlu. Həmin yazımızda Ağaoğlular ailəsindən İstanbulda yaşayan şair Yeşim Ağaoğlu bizə kömək etmişdi. Bu dəfə də Yeşim xanım Asəf Ağaoğlu haqqında bu məlumatı verdi: “Əli Əsgər bəy mənim babam, Asəf bəy isə əmimdir. İstanbulda doğulması bilgisi yanlış ola bilər. Asəf bəy öldürülüb. Bizim ailəmiz də bu səbəbdən İstanbula köç etmişlər”.

Asəf Ağaoğlu haqqında əlavə məlumatlar əldə etməyə çalışacağıq.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər