Qarabağdan Türkiyəyə gələn Ağaoğlu ailəsi qardaş ölkədə bir sıra mühüm işlərə imza atıblar. Əhməd bəy Ağaoğlu və övladlarının Türkiyənin ictimai-siyasi həyatındakı rolu buna bariz nümunədir. Amma Ağaoğlu ailəsi arasında tamamilə başqa bir sahədə uğur qazanan şəxs var: Mehdi Ziya Ağaoğlu. Bu şəxs Qalatasaray üzgüçülük yığmasının kapitanı olaraq bu kluba çempionluq qazandırıb.
Feriköydə unudulmuş məzarlar
Mehdi Ağaoğlu adına ilk dəfə Feriköy İslam Məzarlığında Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edərkən rast gəlmişdim. Ağaoğlu ailə məzarlığının sol tərəfində hasara alınmış bir məzarda eyni soyadı daşıyan bu şəxslər dəfn olunub:
Tamara Ağaoğlu (1917-1999)
Südəba Ağaoğlu (1884-23.03.1970)
Mehdi Ziya Ağaoğlu (18.03.1914 – 13.11.1936)
Məhəmmədsadıq Ağaoğlu (1920- 11.01.1973)
Daha sonra bu adı Əhməd bəyin nəvəsi mərhum Tektaş Ağaoğlu ilə görüşərkən eşitdim. Tektaş bəy Mehdi adlı idmançı qohumları olduğunu, gənc ikən vəfat etdiyini söylədi. Ötən ay isə yenə ailənin qohumlarından şair Yeşim Ağaoğlu bu adı mənə xatırlatdı və bir neçə material göndərərək Mehdi bəyin unudulmasına kədərləndiyini bildirdi. Yeşim xanımdan onu da öyrəndik ki, Südabə Mehdi Ağaoğlunun anası, Tamara isə bacısı olub.
Mehdi bəyin məzar daşında belə yazılıb:
“21 yaşının baharında dünyaya gözlərini qapayan Qalatasaray üzmə çempionlarından Mehdi Ziya Ağaoğlu burada yatır. Allahın rəhməti üstündən əskik olmasın”.
Qalatasaray tarixində kürəkçəkmə
1873-cü ildə, Osmanlı sultanı Əbdüləzizin dövründə Məktəbi-Sultaniyyədə (bugünkü Qalatasaray liseyi) bədən tərbiyəsi dərsini deyən müsyo Moiroux adlı fransız müəllim ilk dəfə olaraq tələbələrinə kürəkçəkmə və üzgüçülük təlimləri verib. Bununla da Qalatasaray liseyinin şagirdləri yeni idman növləri ilə tanış olublar. Lakin məktəb bu sahədə yetərli imkana bir qədər sonra sahib olub.
25 avqust 1913-cü ildə Qalatasaray sultanisi ilə İstanbul sultanisi arasında baş tutan kürəkçəkmə yarışını Qalatasaray qazanıb. Sultan Rəşadın da izlədiyi bu yarışmada qalib olan qalatasaraylılara kuboku vəliəhd Yusif İzzətdin əfəndi verib.
1914-cü ildə Donanma Cəmiyyəti Osmanlını tərk edən əcnəbilərə aid bir qayığı Qalatasaraya bağışlayıb. Qayığa İnci adı verilib. Bununla da futbol idmanında tanınan Qalatasaray kürəkçəkmə sahəsində də işə başlayıb. Kalamış bölgəsindəki italiyalılara aid ərazinin də Qalatasaraya verilməsi nəticəsində dənizçilik şöbəsi də fəaliyyət göstərib. Klubun qurucusu Əli Sami bəyin futbolla yanaşı, dənizçiliyə də olan marağı su idman növlərində də Qalatasarayın inkişafına səbəb olub. Əli Sami bəy hətta o dövrdə dənizçiliyə aid materialları və qalatasaraylı idmançıların qazandıqları kubokları bir yerə yığaraq muzey təsis edib.
18 avqust 1917-ci ildə Kadıköy Füqərapərvər Cəmiyyəti adına tərtib edilən yelkən yarışında İnci kotrası (tək dirəkli, incə gövdəli yelkənli qayıq) ilə qatılan Bəkir və Tevfik (Bircan) qardaşları Kınalıada-Fenerbahçe yolunu 6 saat 40 dəqiqə ərzində tamamlayaraq birincilik qazanıblar. Lakin Qalatasarayın bu uğuru qısa davam edib. Çünki İstanbulu işğal edən qoşunlar həm qayığı, həm də dənizçilik şöbəsinin binasını mənimsəyiblər.
Mustafa Kamal paşanın işğalçıları gəldikləri yerə göndərməsindən sonra Kamil Ethem bəyin təşəbbüsü ilə dənizçilik şöbəsi yenidən canlanmağa başlayıb. İstanbulun Bebek ərazisindəki Suphi bəyin malikanəsi dənizçilik şöbəsi kimi istifadə edilməyə başlanılıb. Klub daha sonra İtalyan Lokantasına, 1932-ci ildə isə misirli İsmayıl paşa malikanəsinə, ardınca da “Moskovit binası” kimi tanınan yerə köçüb. Sonuncu ərazini klub uzun müddət istifadə edib.
1930-cu illərdə Türkiyədə kürəkçəkmədə Qalatasaray ilə yanaşı Fenerbahçe, Altınordu, Anadolu, Beykoz, Beylerbeyi, Anadoluhisarı, Bakırköy Sümerspor və Samatya Demirspor kimi klublar da vardı.
Cümhuriyyətin ilk illərində Kamil Ethem, Naci, Sübhi, İsmayıl Haqqı kimi kürəkçəkənlərdən ibarət komanda böyük uğurlar qazanıb. Lakin 1920-ci illərin sonunda Qalatasarayın ən uğurlu kürəkçəkəni Nevin Hassan olub. Onun adı əfsanəyə çevrilib. Nevin Hassanla yanaşı Kazım, Karakaş, Əziz Mümtaz, Bedii Kamal, Məmduh, Tevfik, Turqut, Bülbül Kamal kimi idmançılar da ard-arda uğurlar qazanıblar. Həmin dövrdə Qalatasaray Türkiyədə ilk qadın kürəkçəkənlər klubunu da yaradıb. Belkıs, Semiha və Mələk xanımların liderliyində fəaliyyət göstərən klub bir çox yarışmaların qalibi olublar.
Mehdi Ziya Ağaoğlu Qalatasarayda
1930-cu ildə Qalatasaray klubunda yeni simalar peyda olub: Müzəffər Eser (sükançı), Mehdi Ağaoğlu (hamla – kürəklərin suya batırılıb çıxarılması), Rüknəddin Öztamur (pruva – qayığın baş hissəsi), İbrahim Göktalay (sivirya).
Mehdi Ziya kürəkçəkmə ilə yanaşı Qalatasarayın sutopu oyununda, üzgüçülükdə təmsil olunub. 1931-ci ildə Qalatasaray, Beykoz, Beylerbeyi, Deniz liseyi klublarının iştirakı ilə sutopu üzrə ilk İstanbul çempionatı keçirilib. Qalatasaray klubunda Əhməd və Tələt Yüzmən, Şərəf Hüsam, Suat Erler, Rauf və Mebrur Oral, Mehdi Ağaoğlu, Məmduh Soysal, Nevin Hassan, Naili Moran təmsil olunublar. Bütün oyunlarda rəqiblərini məğlub edən Qalatasaray ilk çempionluğunu qazanıb.
1934-cü ildə türk su idmançıları ilk dəfə olaraq beynəlxalq arenaya çıxıblar. Rusiyaya yollanan idman heyəti arasında Mehdi Ağaoğlu da olub. Heyətdə iki qadın idmançı da yer alıb. Türkiyəni bu heyət təmsil edib: Leyla Asım Turqut (Fənərbaxça), Cavidan Erbelger (İstanbul Üzgüçülük Klubu), Naili Moran (Qalatasaray), Suat Erler (Qalatasaray), Alparslan (İzmir Karşıyaka), Safvan Serim (Beykoz), Mehdi Ağaoğlu (Qalatasaray), Adnan (Beykoz). 4x100 metr bayraq yarışında Suat, Safvan, Xəlil və Mehdidən ibarət komanda ikinci yeri qazanıblar.
1934-cü ildə Mehdi Ziya Ağaoğlunun kapitanlığında Qalatasaray klubu sutopu idman növü üzrə çempionluq qazanıb.
Gənc yaşda vəfat edən idmançı
Yeşim Ağaoğlunun bizə verdiyi məlumata görə, Mehdi Ziya ciyərlərinə soyuqdəymə nəticəsində zatürrə (sətəlcəm) olub, həkimlərin düzgün diaqnoz qoya bilmədikləri üçün yanlış müalicə üsulu seçilib, nəticədə 21 yaşlı idmançı vəfat edib. Türkiyə mətbuatında apardığımız tədqiqat nəticəsində Mehdi Ziyanın vəfatı ilə bağlı iki xəbərə rastladıq. “Akşam” qəzetinin 14 noyabr 1935-ci il tarixli 6134-cü sayında “Bir itki. Qalatasarayın üzgüçülük kapitanı öldü” başlıqlı xəbər dərc edilib. Bu xəbərdə Mehdi Ziya haqqında cüzi də olsa bilgilərə rast gəlinir: “Qalatasarayın üzgüçülük kapitanı, Türkiyə üzgüçülük çempionlarından Mehdi Ziya dörd aylıq xəstəlikdən sonra dünən həyata gözlərini yummuşdur. Mehdi Ziya dostları arasında çox sevilən ciddi bir idmançı idi. Ölümü istər klubu, istərsə də ölkə idmanı üçün böyük bir itkidir. Mərhum 21 yaşında idi. Cənazəsi bu gün saat 14-də Teşvikiyə məscidindən götürüləcəkdir. Qalatasaray klubuna, idmançılarımıza, atası Xudadad bəy Ağaoğluna və əmisi Əhməd Ağaoğluna başsağlığı veririk”.
Eyni tarixdə çıxan “Kurun” qəzetində Mehdi Ziya 400 metrə çempionu olaraq təqdim edilib. Atasının adı isə Sedat Ağaoğlu yazılıb. Fikrimizcə, “Akşam” qəzetindəki Xudadad Ağaoğlu daha doğrudur. Görünür, Xudadad bəy Əhməd bəy Ağaoğlunun əmisi oğlu olub.
Beləliklə, Türkiyənin tarixi klubu olan Qalatasaraya birincilik qazandıran Mehdi Ziya Ağaoğlu haqqında əlimizdəki materiallar hələ ki bu qədərdir. Tədqiqatlarımızı davam etdirəcəyik.