Ermənistan özlərinin təhriki ilə Qarabağdan çıxan ermənilər üçün təzminat tələb etməyə başlayıb. Bununla bağlı Ermənistan beynəlxalq təşkilatlardan dəstək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, I Qarabağ müharibəsində Azərbaycanın dağıdılan, viran edilən tarixi, mədəni irsi ilə bağlı da beynəlxalq hüquq çərçivəsində addım atılmalıdır:
“Sadəcə olaraq bu gün bəzi beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın yalanlarına dəstək verirlər”.
Deputat bir çox Qərb dairələrinin Azərbaycanın tarixi ərazilərində dini, tarixi abidələri dağıtdığına görə Ermənistanı qınamalı olduğunu vurğulayıb.
Deputat Tural Gəncəliyev isə deyib ki, Fransanın Cənubi Qafqaz siyasəti müstəmləkəçilik xarakteri daşıyır:
"Bu ölkə özünün maraqları naminə Cənubi Qafqazda yer almağa çalışır. II Dünya müharibəsinin nəticələrinə belə şərik olmağa çalışır. Fransa ilə Ermənistan arasında imzalanan hərbi əməkdaşlıq haqqında sənəd də onun bölgə ilə bağlı maraqlarının növbəti ifadəsidir".