Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
İlham Əliyev 20 il əvvəl, 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevin siyasi iradəsi və sərkərdəliyi, ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
ƏÜO-nun şəxsi heyəti “Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, – deyən İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümünü bayram əhval-ruhiyyəsi ilə qeyd edir və onun Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur hisslərini nümayiş etdirir.
ƏÜO-da Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq xüsusi təyinatlılar Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş edib. Çətin dağ aşırımlarından keçərək Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3905 metr olan Qapıcıq zirvəsinə qalxan xüsusi təyinatlılar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilini tərənnüm edən və üzərinə dəmir yumruğun əks olunduğu lövhəni qaya üzərində bərkidiblər.