Bu gün Naxçıvan şəhərində "Qərbi Azərbaycana qayıdış" festival-konqres öz işinə başlayıb. Açılışdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi və muzeyi ziyarət olunub.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqində Qərbi Azərbaycandan deportasiyanın tarixindən bəhs edib.
"Bu gün Qarabağ və Şərqi Zəngəzurun dirçəlişindən sonra Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı sistemli tədbirlərə başlanmış, konsepsiya qəbul edilmişdir. Ona görə də Qərbi Azərbaycanın tarixinin, mədəni irsinin öyrənilməsi, tarixi faktlara diqqət yetirilməsi vacibdir. XIX əsrdən etibarən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız etnik təmizləməyə məruz qalmış, insanlar didərgin salınmış, kütləvi qətliamlar törədilmişdir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin tarixi Azərbaycan torpaqlarına köçü başladılmış, bununla da deportasiya siyasətinin əsası qoyulmuşdur. 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illərdə bu deportasiya mərhələli şəkildə davam etdirilmişdir. "Böyük Ermənistan" xülyası təkcə deportasiya ilə müşayiət olunmayıb, eyni zamanda mədəni irs məhv edilmiş, türbələr, karvansaraylar, məscidlər, körpülər, qalalar dağıdılmış, toponimlər uydurma adlarla saxtalaşdırılmışdır".
Daha sonra Fuad Nəcəfli ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlı atdığı addımlarından bəhs edib, ali baş komandan İlham Əliyevin ata vəsiyyətinə uyğun olaraq Qarabağın azadlığından sonra Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya irəli sürdüyünü bildirib: "Bu konsepsiya üç prinsipə əsaslanır: Tarixi faktlar, beynəlxalq hüquq, sülh".
Sonda Fuad Nəcəfli tədbir içtirakçılarına uğurlar arzulayıb.