Bakı Media Mərkəzinin (BMC) icraçı direktoru, əməkdar mədəniyyət işçisi Orman Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bakı Media Mərkəzi artıq 10 ildir fəaliyyət göstərir. Əvvəlcə Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi istərdik.
- Bakı Media Mərkəzi olaraq qarşımıza qoyduğumuz məqsəd ondan ibarət idi ki, peşəkar qurum formalaşdırmaqla Azərbaycan audivizual bazarını yüksək keyfiyyətli avadanlıqlar və texniki təchizatla yanaşı, həm də kadr potensialı baxımından bu sahəni yaxşı bilən peşəkar yerli mütəxəssislər yetişdirək.
İndi son 10 il ərzində keçdiyimiz yola nəzərə yetirəndə qürurla deyə bilərik ki, biz məqsədimizə çatmışıq. BMC-nin mütəxəssisləri Avropa, Türkiyə və digər ölkələrdə öz həmkarları sırasında çox layiqli və uğurlu yer tutublar. Bununla yanaşı Azərbaycanda reklam bazarının inkişafında da böyük rolumuz var. Əminliklə deyə bilərəm ki, biz istər televiziya yayımı, istərsə də reklam çarxlarının hazırlanması baxımından digər ölkələrdən geri qalmırıq. Məsələn, “Eurosport”, “BBC Sport” və bir çox mötəbər idman kanalları üçün televiziya yayımları həyata keçirmişik. Bunların hər birinin öz televiziya standartı və protokol qaydaları var. Onların tələblərinə cavab vermək üçün yalnız texniki avadanlıq yox, eləcə də peşəkar mütəxəssislərimiz olmalı idi. Və biz peşəkar komandamızla bu məsuliyyətli işin öhdəsindən gəlirik.
Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən atıcılıq üzrə Dünya Kuboku və idman yarışlarının bir çoxunun yayımını aparırıq. Bu, çox spesifikteleviziya yayım formatıdır. Bu sahədə dünyada ixtisaslaşan çox az sayda rejissor var. Bu gün fəxrlə deyə bilərəm ki, mütəxəssislərimiz bir neçə idman növünün çəkilişi, yayımı və yüksək keyfiyyətlə video kontentin hazırlanması sahəsində ixtisaslaşıblar. Onları dünyanın bir çox ölkələrinə mütəxəssis kimi dəvət edirlər. Beynəlxalq İdman Atıcılıq Federasiyası bizim mütəxəssislərə dəvət göndərib.
Bildiyiniz kimi bu il Yay Olimpiya Oyunları Parisdə keçiriləcək. Parisə Bakı Media Mərkəzinin də mütəxəssisləri dəvət olunublar. Artıq müqavilə bağlanılıb. Olimpiya oyunlarında atıcılıq idman növündə bir neçə vacib canlı yayımı bizim əməkdaşlarımız həyata keçirəcək. Ümumiyyətlə, bizim beynəlxalq idman yarışları ilə bağlı geniş təcrübəmiz var. Misal üçün, Beynəlxalq Su Xizəyi və Veykbord Federasiyasının təşkilatçılığı ilə 2019-cu ilin iyul ayında Avropa, Asiya və Afrikadan 25-dən çox atlet mübarizə apardığı Səudiyyə Ərəbistanının Neom şəhərində keçirilən beynəlxalq turnirin yayımını həyata keçirdik. Çəkiliş xüsusi şərtlər altında aparıldı.
Havanın temperaturunun 50 dərəcədən çox olduğu çəkilişlər dənizdən və dronlar vasitəsilə aparıldı, turniri peyk vasitəsilə yayımladıq. Bununla yanaşı bütün, Qafqazda ilk dəfə teleskop krandan istifadə etdiyimiz "Tbilisi-2015" 13-cü Avropa Gənclər Olimpiya Festivalını göstərə bilərəm.
Gürcüstan paytaxtında baş tutan Festivalın peşəkar çəkiliş komandamızın ölkə sərhədlərindən kənarda həyata keçdirdiyi ilk layihə kimi tarixə düşdü. BMX üzrə Dünya Çempionatının çəkilişləri də bizim mütəxəssislər tərəfindən yüksək səviyyədə icra olundu. Nəhayət, 2019-cu il UEFA Avropa Liqası Finalını göstərə bilərəm ki, tək Avropada deyil, bütün dünyada futbol azarkeşlərinin diqqəti Bakıya yönəldiyi an qitənin ikinci ən nüfuzlu klub turnirinin siqnal yayımı tərəfimizdən peşəkarlıqla yerinə yetirildi.
Qitəmiqyaslı yarışın final oyununda diqqətçəkən anların çəkilişi və yayımını UEFA və FIFA-nın standartlarına uyğun şəkildə həyata keçirdik. Biz bu təcrübəmizlə qürur duyuruq. Çünki biz bu zaman təkcə BMC-ni yox, ən asası Azərbaycan mütəxəssislərinin bacarığını, ölkəmizin potensialını dünyaya göstərdik.
- Peşəkar mütəxəssisləri Bakı Media Mərkəzi olaraq özünüz yetişdirirsiniz?
- Mən Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasını bitirmişəm. Amma ikinci kursda anladım ki, daha yüksək təhsilə və təcrübəyə ehtiyacım var və paralel olaraq televiziyada işləməliyəm.
Bakı Media Mərkəzi fəaliyyətə başlamazdan öncə televiziyada rejissor köməkçisi və rejissorluqdan başlayaraq bədii rəhbər vəzifəsinə qədər yol keçmişəm. Bu sahədə yaxşı təhsil almaq və yaxud təcrübə toplamaq istəyirsənsə, çəkiliş meydançasında, telekanallarda, kinostudiyalarda fəaliyyət göstərmək daha məqsədəuyğundur. Bu sahədə fəaliyyət göstərən insanların əksəriyyətini tanıyıram. Mütəxəssislərin sayı çox deyil. Biz artıq bilirik ki, kim nəyə qadirdir, kimin potensialı nədir.
Şübhəsiz ki, bir çox mütəxəssisləri də dəvət edib, çəkiliş və layihələri həyata keçirən zaman da öyrənmişik. Bundan əlavə, öz mütəxəssislərimizi bir çox treninqlər, texniki təlimlər, festivallar və yarmarkalara da göndəririk. Mən özüm də hər il belə tədbirlərdə iştirak etməyə çalışıram.
Bakı Media Mərkəzi Avropa Yayım İttifaqının üzvüdür. Regiondakı beynəlxalq tədbirlərin yayım və işıqlandırılması ilə bağlı suallar olanda bizə müraciət edirlər. Hətta Ermənistanda tədbirlər keçiriləndə ölkələrimiz arasında münasibəti bilməyən həmkarlarımız sualları ilk bizə göndərirlər. Çünki bizim texniki potensialımız beynəlxalq mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
- Bildiyimiz kimi hazırda Bakı Media Mərkəzi bir sıra filmin çəkilişini aparır. Sosial mediada layihə rəhbəri və baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın olduğu tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin çəkiliş meydançasından paylaşılan görüntülər böyük maraqla qarşılandı. Filmin çəkilişləri başa çatıbmı?
- Bəli, qeyd etdiyiniz kimi Hacı Zeynalabdin Tağıyev haqqında bədii film çəkilir. Filmin çəkilişləri bitib. Tam əminliklə deyə bilərəm ki, “Himayədar” Azərbaycan kino tarixində ən böyük bədii-tarixi film layihəsidir. Film səkkiz seriyadan, başqa sözlə səkkiz saatlıq materialdan ibarətdir. Bu layihəyə 1600 nəfərdən çox insan cəlb olunub. Bu, böyük bir kino istehsal sahəsidir.
Filmin heyəti layihə ilə elə bir təcrübə topladı ki, düşünürəm, onların digər işlərində də bu, özünü göstərəcək. Həm böyük bir təcrübə, həm də peşakarlıq baxımından. Məhz bu müsbət amillərə görə hesab edirəm ki, kino prosesi heç vaxt dayanmamalıdır. Həm də tarixi filmlər bir çox sənət növünü unudulmağa qoymur. Filmdə bu kimi detallar çoxdur.
Hesab edirəm ki, Hacı Zeynalabdin Tağıyevə həsr edilən film vaxt gələcək Azərbaycan film tarixinin gözəl bir nümunəsi olacaq. Necə ki “Arşın mal alan” və digər filmlərimiz dünyaya səs salmışdı, bu film də əminəm ki, yerli və xarici tamaşaçının rəğbətini qazanacaq. Film haqqında öncədən çox danışmaq istəmirəm. Amma düşünürəm ki, hər bir azərbaycanlı o filmlə fəxr edəcək.
Fürsətdən istifadə edərək filmin bütün yaradıcı heyətinə minnətdarlığımı bildirirəm. Xüsusilə filmin rejissoru Zaur Qasımlı yüksək keyfiyyətli və maraqlı filmin istehsalı üçün bütün peşəkar bilik və bacarığını ortaya qoydu. Ona də şəxsən təşəkkürümü bildirirəm.
İndi tam çəkilmiş materiala baxandan sonra əminliklə deyə bilərəm ki, komandamız üzərimizə qoyulan tapşırığın öhdəsindən gəlib.
- Bəs təqdimat nə zaman baş tutacaq?
- Biz üç ildən artıqdır ki, bu layihənin üzərində çalışırıq, ssenarinin yazılması, prodakşın və istehsalat işləri, lokasiya və dekorasiyaların hazırlanması və digər işlərin də daxil olduğu filmin çəkilişləri doqquz ay ərzində 130 gündən çox olub. Yanvarın 31-də filmin son çəkilişləri baş tutub. Çəkilişlər əsasən Bakı, Abşeron və Qəbələdə aparılıb. Təqdimatın tarixi hələlik bəlli deyil. Bu barədə mətbuata zəruri məlumat veriləcək.
- Filmin çəkilişləri zamanı hər hansı çətinliklə qarşılaşdınızmı?
- Bəlkə də “Himayədar” filmi mənim peşəkar fəaliyyətim ərzində ən çətin layihələrdən biri oldu. Bunu tam rahat deyə bilərəm. Bununla belə, mən bu filmin ərsəyə gəlməsinə görə çox qürurluyam.
- Mənəvi baxımından nəzərdə tutursunuz, yoxsa?..
- Şübhəsiz ki, mənəvi məsələlər də vardı. Ən əsası o idi ki, Hacı Zeynalabdin Tağıyevə layiq bir film çəkməli idik.
Bildiyiniz kimi o, öz dövrünün ən zəngin insanlarından olub. Biz onun maddi zənginliyi ilə yanaşı, daxili və mənəvi zənginliyini də göstərməli idik. Layihəyə başlayanda pandemiya oldu, sonra 44 günlük Vətən müharibəsi... Film tariximizin bu əlamətdar dövrlərinə təsadüf etdi. Hətta filmin çəkilişlərinə başlamazdan əvvəl tərəddüd edirdik: başlayaq, yoxsa yox?! Çünki olduqca məsuliyyətli bir layihə idi.
Ən böyük çətinliyimiz isə mütəxəssislər, aktyorlarla bağlı idi. Təsəvvür edin ki, 9 ay-bir il müddətində filmin 8 bölümü çəkilməli idi. Bunun üçün insan resursu çatmırdı. Bu filmlə çox yaxşı aktyor tapıntılarımız da oldu. Ən böyük yük həm də ART-Dekor Departamentinin üzərinə düşdü, dekorasiyalar və kostyumlar hazırlandı, həmin tarixi dövrü yaxından öyrəndilər.
Misal üçün, çox cüzi bir detal haqqında deyim ki, biz filmlə bağlı bu detala necə ciddi yanaşmışıq. Film üçün qədim zamanlarda istifadə edilən 500-600 cüt çarıq hazırlamaq lazım idi. Biz bu peşənin mütəxəssisini tapa bimirdik. Təsadüfən Şəkidə çarıq tikən bir yaşlı kişinin olduğunu öyrəndik.
Bir neçə mütəxəssisi oraya göndərdik və o kişi maraqla soruşdu ki, çarıqlar indi kiməsə lazımdırmı? O, bizim mütəxəssislərə çarıqların hazırlanma qaydasını öyrətdi.
- Filmlə bağlı Arzu xanım Əliyevanın çəkiliş qrupuna əsas tövsiyələri nədən ibarət idi?
- Arzu xanım Əliyevanın özünəməxsus çox incə zövqü var. Bu illər ərzində bu zövq bizi daha da formalaşdırıb. Bu, bizim üçün bir istiqamətdir. O standarta uyğun olmaq üçün daim çalışırıq.
Filmin ssenarisi və ideyası Arzu xanımın tövsiyələri əsasında müəyyənləşib. İstəyirik ki, bu tarixi filmdə istər faktlar, istər də geyim baxımından incəliklər dövrün qaydalarına uyğun olsun. Arzu xanım da bu amilə xüsusi önəm verir.
Arzu xanım bir neçə dəfə filmin çəkiliş meydançasında olub. Hətta Azərbaycana Hollivuddan prodüser və rejissorlar qrupu gəlmişdi. Onlar da çəkiliş meydançasında oldular və işlərimizi gördükdən sonra sözün yaxşı mənasında təəccübləndilər.
Öncə qarşımıza Hacı Zeynalabdin Tağıyevi necə göstərməli idik sualı ortaya çıxırdı. Film necə olmalıdır? Texnika, büdcə və sair hamısı öz yerində idi. Bəs “Himayədar”a baxan insanlar hansı ideya ilə qarşılaşmalı, hansı təsirə düşməlidirlər? Filmin mesajı nədən ibarət olmalıdır? Bu suallara cavabı özümüz üçün tapmalı idik. Çünki Azərbaycanın layiqli oğlu, Hacı Zeynalabdin Tağıyevin çox rəngarəng ömrü olub, fərqli tale yaşayıb.
- Xüsusilə övladının acınacaqlı həyatı ilə bağlı məqam da var...
- Bəli, Hacı Zeynalabdin Tağıyev haqqında bir çox rəvayətlər var. Məsələn, onlardan biri Hacı Zeynalabdin Tağıyevin Avropada restoranı azərbaycanlılar üçün bağlatdırması olub. Deyilənlərə görə, Hacı atlarının üzərinə fransız ətri vurdururmuş. Bu filmlə dünyaya bir azərbaycanlı xeyriyyəçi göstəririksə, onu hansı istiqamətdə təqdim etməliyik? Qarşımıza qoyduğumuz məqsəd və ən böyük çətinliyimiz də məhz bu idi.
Hesab edirəm ki, Arzu xanımın tapşırıqları əsasında çox uğurlu bir ssenari yazılıb. Filmin ən güclü tərəfi məhz ssenarisidir. Şübhəsiz ki, filmdə o rəvayətlərin bir çoxu öz əksini tapacaq. Çünki film kütləvi bir filmdir. Filmə baxan tamaşaçıların zövqü və dünyagörüşü də müxtəlifdir.
Biz filmdə bütün təbəqəyə mesaj verməyə çalışmışıq. Amma ən böyük uğurumuz ondan ibarətdir ki, yüz il öncə Azərbaycanda, İranla sərhəddə müsəlman bir ölkədə dünyasının ən zəngin insanlarından biri, xeyriyyəçinin qızlar məktəbi yaratmaq ideyası, sonradan həmin qızların Azərbaycan cəmiyyətində və ailəsində hansı rolu oynadığını göstərməkdir.
Biz hadisələri daha çox insan üzərində qurmuşuq. Eyni zamanda çalışmışıq ki, filmdə Hacı Zeynalabdin Tağıyevi bir insan kimi göstərək, real həyatda necə insan olub, hansı çətinliyi yaşayıb və sair. Onun yaxınları və tərəfdarlarını öldürüblər, ailəsinə təhdidlər olub, buna baxmayaraq o, fikrindən vaz keçməyib. Dövrünün ən zəngin insanından biri olub və öz məqsədinə çatıb. Cəmiyyət üçün çox iş görüb. Onun qızlar məktəbi ideyası və bu sahədə mübarizə filmin əsas süjet xətlərindən biridir.
Bu film yalnız Azərbaycan tamaşaçısı üçün yox, xarici tamaşaçı üçün də maraqlı olacaq. Filmin Avropa, Amerikada da izlənilməsini istəyirik. Ssenari məhz belə qurulub. Filmin ssenarisi və süjet xətti elə olmalıdır ki, bu materiala maraq olsun və baxmaq istəyək. Hesab edirəm ki, bizim filmimizin uğuru da bunda olacaq.
- Ötən ilin sonunda “Hadrut, sən azadsan!” sənədli filmini təqdim etdiniz. Filmə tamaşaçıların reaksiyası necə oldu?
- İki ay əvvəl Nizami Kino Mərkəzində “Hadrut, sən azadsan!” filminin təqdimat mərasimi baş tutdu. 40 dəqiqəlik sənədli filmdir. Filmə sosial media hesabımızda 230 minə yaxın baxış sayı var, reklamdan istifadə edilməyib. Bu, filmə ən gözəl reaksiya idi.
Film telekanallarda da nümayiş olunur. Eyni zamanda onun müəyyən tədbirlərdə nümayişi üçün çoxlu müraciətlər var və biz sevə-sevə təqdim edirik. Yəni filmə maraq çox böyükdür. Ondan əlavə bu silsilədən olan “Şuşa, sən azadsan!” filminə “Youtub”da bir milyona yaxın baxış sayı var. O da sənədli film olaraq böyük bir izləyici kütləsi olan tarixi mövzuda sənədli filmdir.
- Bəs, Qarababağla bağlı filmlərin davamı olacaqmı?
- Bildiyiniz kimi, Bakı Media Mərkəzi kommersiya xarakterli qurumudur. Biz istəyirik ki, yalnız reklam və televiziya yayımı ilə yadda qalmayaq, sənədli və bədii filmlər də təqdim edək. Çünki tarixdə bunlar qalır.
Şübhəsiz, bu gün Azərbaycanda elə bir tarix yaşanır ki, bu tarix bizim gələcək nəsillər üçün örnək olacaq. Hadrutda hərbi paradı çəkərkən əlimizdən gələni etdik ki, ideal bir görüntü ortaya çıxsın. Çünki bu, tarixi bir materialdır. Vaxt gələcək bu materiala çoxlu istinadlar olacaq.
“Hadrut, sən azadsan!” filminin uğuru bundan ibarətdir ki, orada aktyorlar yox, xüsusi təyinatlılar və Hadrutun azad olunmasında iştirak edən hərbçilərimiz, real qəhrəmanlarımız çəkiliblər. Biz bu silsiləni davam etdirmək istəyirik. Digər əməliyyatlarımızın da görüntülərini sənədləşdirəcəyik. Bədii film çəkməyi də planlaşdırırıq.
“Şuşa, sən azadsan!” filmindəki kadrlar Şuşa azad ediləndən dərhal sonra çəkilib. Vaxt gələcək o xronikalardan istifadə olunacaq.
“Şuşa, sən azadsan!” filmi Mədəniyyət Nazirliyi və “Səlnaməfilm”in, “Hadrut, sən azadsan!” filmi isə Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm”in təşkilati dəstəyi ilə çəkilib.
- “Qarabağ” futbol klubu haqqında "30 mövsüm səfərdə" adlanan sənədli film çəkmisiniz. Film haqqında məlumat verməyinizi istərdik.
- Mədəniyyət Nazirliyi və "Azərbaycanfilm"lə birlikdə “Qarabağ” futbol kulubunun tarixi və bu istiqamətdən müharibəyə baxmaq rakursunu göstəririk. Filmdə futbol klubunun keçmiş və indiki üzvləri, klubun keçdiyi yol və sair təqdim edilir.
Filmdə futbol klubunun xarici fanatlarından müsahibə almaq üçün Avropanın bir neçə ölkələrinə getmişik. İtaliyada “Qarabağ” futbol klubunun fanatlarından biri və bu haqda kitab yazan jurnalistdən, klubun yerli fanatlarından müsahibələr almışıq. Filmdə Qarabağ müharibəsinin futbol klubunun taleyində buraxdığı tarixi izlər, Ağdam şəhərində yerləşən İmarət Stadionu göstərilir.
30 ildən artıqdır futbol klubumuz stadionsuz qalmışdı. Müharibədən sonra İmarət Stadionuna getdik, klub üzvlərinin emosiyalarını lentə aldıq. Filmdə çox təsirli kadrlar var. “30 mövsüm səfərdə" sənədli filmini futbol klubunun tarixi üzərində qurmuşuq.
Filmin artıq çəkilişləri bitib, dörd seriyadan ibarətdir. Təqdimat fevraldan sonra baş tutacaq. Çox maraqlı film olmalıdır.
- İdeya müəllifi və rejissoru olduğuz, II Qarabağ müharibəsinin reallıqlarından bəhs edən “Biz” tarixi-sənədli filmini çəkmisiniz. Qəhrəmanlığımızı əks etdirən yeni film çəkməyi planlaşdırırsınızmı?
- 40-dan çox qısa və tammetrajlı sənədli filmlərin müəllifiyəm. "Lider" telekanalında çalışmışam. İctimai televiziyada İsmayıl Ömərovun rəhbərliyi illərində “Carçıfilm”i yaratmışıq. Bir çox filmlər çəkmişik. Vətən müharibəsində də hər bir azərbaycanlı kimi əlimdən gələni etmək istəyirdim. Bakı Media Mərkəzi olaraq media müharibəsində aktiv iştirak etdik və bir çox video çarxlar, süjetlər, reportajlar hazırladıq.
Azərbaycan xalqının keçirdiyi hissləri filmdə toplamaq istədim. Beləliklə, material topladıq və qəhrəmanlarımızla “Biz” adlı tarixi-sənədli filmi ərsəyə gətirdik. Bu il üçün isə yeni ideyamız var. “Borc” adlı bədii film çəkməyi planlaşdırırıq.
Düzdür, bu il ölkəmizdə mötəbər tədbirlər planlaşdırılıb. Bir çox layihələr var ki, bizim mütəxəssislərimiz orada iştirak edəcəklər.
- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı “Son iclas” bədii-sənədli filmi təqdim edildi. Bildiyiniz kimi, Prezident İlham Əliyev Məmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı sərəncam imzalayıb. Bu silsilədən daha bir film çəkməyi planlaşdırırsınızmı?
- Planlarımız haqqında çox açıqlama verə bilmirəm. Amma hazırda mina axtaranlar haqqında sənədli film çəkirik. Filmin çəkilişlərinin bir hissəsi baş tutub. Filmdə mina axtaran qadınların real həyat tərzləri, mina axtararkən keçirdikləri hisslər öz əksini tapacaq.
“Əbədi ezamiyyət” sənədli filmi və “Son iclas” bədii-sənədli filmi Azərbaycanın Cümhuriyyət illərinə həsr edilən ekran əsərləridir. Hesab edirəm ki, bu filmlər də Azərbaycan sənədli film tarixinin parlaq bir hissəsidir. Ümumiyyətlə, bilirsiniz ki, bu mövzulara o qədər də müraciət olmurdu. Amma Arzu xanım Əliyeva istəyirdi ki, bu tarixi-vacib məqamları da biz işıq tutaq, bu mövzuda filmlər çəkək.
- Filmin nümayişi də çox səs-küy yaratmışdı…
- Bəli, filmin nümayişindən sonra kinoteatrlarda vaxtını bir həftə uzatmışdılar. Hətta bir çox insanlar filmi pilləkəndə oturub izləyiblər. Bu, bizə də böyük qürur verirdi və yeni filmlər çəkməyə ilhamlandırırdı.
- Sizin peşəkar mütəxəssis kimi mövzuya münasibətinizi bilmək istəyirik. Oskar mükafatının 96-cı təqdimetmə mərasiminin siyahısında qondarma erməni soyqırımı haqqında film mətbuatda “Oscar-ın bir addımlığında…” kimi tirajlanırdı. Ermənilər qondarma erməni soyqırımı haqqında çəkdikləri filmlərlə nüfuzlu beynəlxalq festivallara üz tuturlar. Siz, necə düşünürsünüz biz bu sahədə nələr etməliyik?
- Dünyanın bu mövzuya münasibətini görürsünüz, onlar Azərbaycan həqiqətlərinə qısqanc yanaşırlar. Digər tərəfdən, bizim qələbəmizi həzm edə bilmirlər. Bu mövzuda erməni diasporu, erməni təbliğatçıları və lobbi təxribata əl atır. Düşünürəm ki, məhz siyasi məsələ olduğundan növbəti illərdə ermənilərin bu mövzuda çəkdikləri filmlər festivallarda yenə də ön sıralara çəkiləcəklər.
Amma bu gün azərbaycanlı bir rejissor Qarabağ həqiqətləri haqqında film çəkib, onu beynəlxalq nüfuzlu bir festivala təqdim etsə, uğur qazanması çətin olacaq. Burada siyasi və qərəzli bir baxış var.
Ümumiyyətlə, son illər kino sahəsi siyasi instrumentə çevrilib. Bu, heç kimə sirr deyil. Dünyanın bir çox aparıcı ölkələrində azad kino sahəsi yoxdur, bu, müxtəlif istiqamətlərdə idarə olunur. Bilirik ki, festivallara hansı filmlər daxil edilir, hansı mövzulara önəm verirlər. Amma bu demək deyil ki, biz mövzuya zəif yanaşmalı və yaxud bu sahədə çəkilən filmlərin ortaya çıxarılmasında aktiv olmamalıyıq.
Bildiyiniz kimi Kino Agentliyi yaradılıb və buradan gözləntilərimiz var. Həmin qurum gələcəkdə bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurmalıdır. Eyni zamanda, bu sahəni daha çox biznesə çevirmək lazımdır. Hər zaman Azərbaycan kinosu dövlətdən asılı olub. Dövlətdən asılı olan filmlərin bir çoxunda beynəlxalq və kommersiya gözləntiləri o qədər də nəzərə alınmır. Yəni dövlət pul versin, filmi çəkib, dövlətə təqdim edim. Bu, biznes və bu sahənin inkişafı deyil.
Bu sahəni inkişaf etdirmək, bu sahəyə beynəlxalq mütəxəssislərin fikrini cəlb etmək istəyiriksə, biznes tərəfini daha yaxşı qurmalıyıq. Məsələn, Gürcüstanda “Forsaj-9” (The Fast and the Furious) filmi çəkiləndə Bakı haqqında olan hissəsini biz həyata keçirmişdik və Gürcüstanın “Universal”ı ilə ilk müqaviləmiz olan yerli şirkətik.
Bu sahənin inkişafı üçün ilk növbədə müstəqil kinoya önəm vermək lazımdır. Əslində, filmi dövlət çəkməməlidir, dünyanın heç bir yerində belə bir hal yoxdur. Bununla daha çox müstəqil qurumlar məşğul olmalı və bu sahədə biznes mühiti yaradılmalıdır. Bunun üçün bir çox yol və sistemlər var.
Bildiyiniz kimi, Gürcüstan xarici layihələr üçün film vergilərini ləğv edib. Eyni zamanda filmlərin büdcəsinin bəzi hissəsini qarşılaya da bilir. Dövlətdən asılılığımızı azaltmalıyıq. Bəli, dövlət dəstək ola bilər. Çünki kino sahəsi hələ ki maarifləndirmə və vətənpərvərliyin təbliğatı üçün mədəniyyətin ən güclü istiqamətidir. Büdcə məsələsi də var.
Hazırda Azərbaycanın kino sahəsindəki büdcəsi yüksək deyil. Kino yaxşı büdcə tələb edən bir sahədir. Təbii ki, hər zaman büdcə önəm kəsb etməməlidir. Film həm də yaxşı gəlir gətirməlidi. Kinonu biznesə çevirmək və peşəkar ökələrin yanaşmasından istifadə etmək lazımdır. Bunun üçün yaxşı mütəxəssislər var.
- Qardaş Türkiyənin kino sahəsi çox inkişaf edib. Türkiyə ilə BMC-nin hər hansı əməkdaşlığı ola bilərmi?
- Hazırda nəinki biz, bir çox həmkarlarımız türkiyəli prodüser və rejissorlar ilə müxtəlif layihələr icra edirlər. Hesab edirəm ki, zamanla əlaqələrimiz daha da inkişaf edəcək.
Türkiyənin bu sahədə çox güclü bir potensialı var. Bu inkişafa təsir edən amil ondan ibarətdir ki, kinonu biznesə çevirə və bir çox beynəlxalq qurumları oraya cəlb edə biliblər. Hazırda Türkiyə teleserial sahəsində dünyada birinci yerdədir. Bildiyimə görə, keçən il kino və serial satışından 700 milyon dollar gəlir əldə ediblər. Biz də çox istedadlı xalqıq və biz də oxşar uğurları təkrarlaya bilərik.
- Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik.
- Qarşılıqlıdır. Mən də Sizə maraqlı suallarınıza görə təşəkkür edirəm.
Foto: Elnur Muxtar