Bakı şəhərindəki 156 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin 9-cu sinifdən məzun olmuş qıza qarşı qeyri-etik hərəkəri cəmiyyətdə ciddi narahatlıq doğurub.
Sosial mediada bu cür biabırçı hərəkətlərə yol verən yeniyetmələrə qarşı ciddi cəza tədbirlərinin görülməsi barədə təkliflər səslənir. Yeni dövrün tələbləri fonunda şagirdlərlə davranış barədə hansı iş aparılır? Bu hadisədə hansı cəza növləri tətbiq oluna bilər?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, müasir dövrün texniki və texnoloji yenilikləri məktəbin rolunu üçüncü plana salıb.
"Valideynlər övladlarına uduzurlar"
Kamran Əsədovun sözlərinə görə, məktəb proseslərin gerisində qalıb: “Ona görə ki, məktəbdə hər hansı cəza tədbiri görəndə hamımız müəllimin üzərinə cumuruq ki, sən kimsən, mənimlə bərabər uşağa tərbiyə vermisən?
Bir neçə gün bundan əvvəl Gəncədə məktəbli gedib şagird yoldaşını bıçaqlayıb öldürdü. Ondan bir müddət əvvəl Tovuzda qız şagird digərini bıçaqlamışdı. Ötən gün uşaqlara təlim-tərbiyə verən 59 nömrəli məktəbin direktorunu öz övladı qətlə yetirdi. Bütün bunlar göstərir ki, artıq valideynlər övladlarına uduzurlar. Azərbaycanda valideynlər sosial şəbəkələrdə vaxt keçirdiyi qədər övladı ilə vaxt keçirmir. Ata-ana əlində telefon tutduğu qədər uşağın əlindən tutmur. Sosial şəbəkələrdə başqalarının problemini həll etdiyi, şərh yazdığı qədər, vatsapda onunla-bununla danışdığı qədər övladı ilə danışmır.
Hazırda Azərbaycanın 4 432 ümumi orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Çox valideynlər təəssüf ki, bu sayda uşaqların böyük əksəriyyətinə tərbiyə verə bilmir. Uşaqlar sosial şəbəkələrin əhvalıyla, telekanalların seriallarıyla böyüyürlər. Baş verən hadisə hansısa serial səhnəsidir.
Seriallarda da ərköyün qızlar fiziki, psixoloji, maddi baxımdan zəif birini öz aləmlərində alçaldıb, cəzalandırırdılar. Bunu bizim kitablar yazmayıb, Azərbaycan müəllimləri etməyib. Bu tərbiyəsizliyin başında Azərbaycan valideyni dayanır.
Ticarət mərkəzlərinə diqqət yetirdikdə tipik mənzərə göz qabağına gəlir. Bütün valideynlərin əllərində telefon uşaqların qabağına yemək və telefon qoyur, onlarla heç maraqlanmırlar. Bunun daha təhlükəli nəticəsi olacaq. Pandemiya dövründə uşaqlar onlayn dərslərə qoşulsun deyə hamıya telefon, planşet, kompüter alıb verdik. Amma onlara nəzarət etmədik. Sosial şəbəkədə monitorinq aparanda görürük ki, uşaqlar hansı təbliğatın təsiri altına düşürlər. Özlərini oğru-cinayətkar aləminə yaxın hesab edirlər".
Kamran Əsədov qeyd edib ki, valideyn özünün övladına vermədiyi qayğını məktəbdən gözləyir: "Məktəbin funksiyası təhsil verməkdir. Amma görünən odur ki, valideyn-məktəb kommunikasiyası çox aşağı səviyyədədir. Təəssüf ki, uşaqlar cinayətkar aləmə daha çox meyillənirlər. Bunun qarşısını almaq üçün proqramlar hazırlanmalıdır.
Başqa bir şəxsi alçaltmağa heç kimin ixtiyarı yoxdur. Alnının yazılması, başında yumurta qırılması, saçının kəsilməsi - bunların hamısı ayrı-ayrı elementlərdir. Bu elementləri hansısa kriminal aləmin, mafiya kinolarının obrazlarında görə bilirik. Azərbaycan məktəblisi çox təəssüflər olsun ki, sosial şəbəkələrə və seriallara məğlub olub".
Ekspert vurğulayıb ki, Azərbaycanda qanunvericilik aktları yumşaqdır:
“Bəzi uşaqlar valideyn himayəsindən məhrum olunmalıdır. Cəzalanma belə uşaqların təhsil almaq hüququnu tamamilə məhdudlaşdırma ilə bitməlidir. Video-görüntüsü yayılmayan nə qədər bu cür hərəkətlərə məruz qalmış uşaqlar var. Qanunlar sərtləşdirilməlidir”.
"Valideynlərlə müəllimlər saziş bağlamalıdır"
Azərbaycan dili və ədəbiyyatı müəllimi, yazıçı-publisist Həcər Paşayeva bildirib ki, bir pedaqoq kimi hər bir şagirdin valideynini tanıyır və şagirdlərin hər biri ilə fərdi söhbət aparmaq imkanı olur: "İndiyəcən neqativ hadisə ilə rastlaşmamışıq. Yalnız bir dəfə mən dərsə gələrkən məktəbin arxa tərəfindəki pəncərədən 10-cu sinif şagirdimizin ikinci mərtəbədən yerə tullandığını gördüm. Hadisə yerinə yüyürdüm. Nümunəvi bir ailənin uşağı idi, ayağı topuqdan sınmışdı.
Təcili yardım çağırdıq, müalicəsinə kömək etdik. Sinifdə sorğu apardıq. Dedilər, sinif yoldaşı ilə mərc gəlib ki, pəncərədən aşağı tullana bilər. Düşünün: burada müəlimin, rəhbərliyin nə günahı var?
Şagirdlərin hərəsi bir ailədən gəlir və məktəbdə böyük bir ailənin üzvü olurlar. Onların davranışının formalaşmasında ailə, genetik faktor böyük rol oynayır. Cəmiyyətin, məktəbin də təsiri, rolu böyükdür. Şagirdin ailə mühiti dözülməz olsa da, sinif rəhbəri, müəllim fərdi yanaşma ilə onu aydınlaşdırmalı, səbəbi aradan qaldırmalı, şagirdin psixoloji travma almasına imkan verməməlidir.
Müəllim onun ürəyinin buzunu əritməyi, səmimi münasibət yaratmağı bacarmalıdır. Psixoloq şagirdlərin hər birinin problemi ilə maraqlanmalı, məktəbdə davranışına göz qoymalıdır. Söhbət hadisə baş verməzdən aparılmalıdır və bu, çox şeyin qarşısını ala bilər.
156 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı videoçarxla tanışam. Müəllimlər qrupuna göndərmişdilər. Biz çox gərgin, çətin bir zamanla üz-üzə dayanmışıq. Bir yandan böyük zəfərimiz, Qarabağın alınması, şəhidlərin müqəddəs amalı və xatirəsi, gənclərimizin, yeniyetmələrin təhsildə, idmanda böyük uğurları ilə bağlı tez-tez rast gəldiyimiz ürəkaçan xəbərlər, digər yandan uşaqların telefon xəstəliyi, erkən yaşdan maddə asılılığı, ailələrdə iqtisadi çətinliklərlə bağlı şagird psixologiyasına təsir edən cansıxıcı amillər və sair. Bunlar o qədər xaotik bir mühit formalaşdırıb ki, baş çıxarmaq çətindir".
Həcər Paşayeva da günahın böyük hissəsini sosial şəbəkələrdə görür: "Sanki uşaqları əlimizdən alıblar. Onlara təsir etmək imkanlarımız get-gedə məhdudlaşır. Valideynlərlə məktəb saziş bağlamalı və telefon uşaqların əlindən birdəfəlik alinmalidir.
Bir şagirdim vardı. Anası tez-tez məktəbə gəlir, gileylənirdi ki, qızın əlindən telefonu ala bilmir. Atası qızını çox istəyir, xətrinə dəymir. Ana ilə razılaşdıq ki, telefonu saatla versin. Əvvəlki günlər 4 saat, sonra 3 saat, sonra 2 və sair. Beləliklə, qızımız telefonu əlindən birdəfəlik yerə qoydu.
Uşaqda fikir dağınıqlığı vardı, daim fikri başqa yerdə olur, dərsə adaptasiya ola bilmirdi. Birlikdə çalışdıq, onun içindən istədiyimiz gözəl qızı çıxara bildik. İndi hər şey qaydasındadır".