Azərbaycanda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə dövlət komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda vətəndaşların vicdan azadlığının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə hökm sürən tolerant və multikultural mühit haqqında məlumat verib. O, Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən yəhudilər üçün çox yaxşı birgəyaşayış şəraitinin yaradıldığını diqqətə çatdırıb.
Sədr yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını xalqımızın heç vaxt unutmayacağını qeyd edib.
Akko şəhərinin meri Şimon Lankri Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsinin, ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük fərəh doğurduğunu diqqətə çatdırıb. O, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin böyük rolunun olduğunu bildirib.
BƏXTİYAR