13 Mart 19:45
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci və üçüncü dərəcəli qohumluğu olan şəxslər arasında nikahın qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik aparılması ciddi müzakirə mövzusuna çevrilib.

Bu barədə ötən gün Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib. O bildirib ki, bura xala uşaqları, əmi uşaqları və sair daxildir:

"Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir".

Qohum evliliyi – ailə quran şəxslər arasında qan bağının olmasıdır. Bacı və qardaşın uşaqlarının (yəni əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu - əmiqızı, xalaqızı, dayıqızı, bibiqızı) bir-biri ilə nikaha daxil olması qohum evliliyi sayılır və bir sıra fəsadların meydana çıxmasına səbəb olur.

Mama- genekoloq Rəşad Sultan Teleqraf.com-a açıqlamasında bildirib ki, qan bağının yaxınlıq dərəcəsi artdıqca, fəsadların meydana çıxma riski yüksəlir:

“Qohum evliliyi quran insanların ümumi bir əcdadı olur. Məsələn, əgər bunlar xalaoğlu-xalaqızı, əmiqızı-əmioğludurlarsa, onlar ümumi nənə-babanın nəvələridir. Daha uzaq qohumlardırlarsa, üçüncü, yaxud beşinci nəsildə toqquşurlar. Qohum evliliyində olan kişi ilə qadının genləri eyni insanlardan qaynaqlanır. Nəticədə gələcək uşaqda genetik xəstəliklərə rast gəlmə ehtimalı artır.

Bu məqamda insanın genlərinin hansı əhəmiyyət kəsb etdiyi barədə danışmaq lazımdır. İnsanın bütün əlamətləri – funksiyalarımız, bədənimizdə gedən proseslər genlərdə kodlaşır. Qohum evliliyində uşağın qüsurlu, genetik xəstəliyə tutulma ehtimalının çox olmasını nəzərə alaraq biz həkim olaraq qohum evliliklərinə qarşıyıq. Eyni nənə-babanın nəvələridirlərsə, bu halda risklər daha artıq olur.

Genetik xəstəliklər çoxdur. Azərbaycanda yayılmış genetik xəstəliklərdən bir neçəsini deyə bilərəm: qlükoza-6-fosfat dehidrogenaza çatışmazlığı, talassemiya, oraqvari hüceyrə anemiyası, ailəvi ağ dəniz qızdırması xəstəliyi, hemefoliya xəstəliyi və sair”.

Rəşad Sultanın sözlərinə görə, ailə quran cütlüklər konsultasiya üçün müraciət edəndə onlara verilən ilk sual qohum evliliyi ilə bağlıdır:

“Bizim həkim kimi işimiz yalnız müayinə edib, diaqnoz qoymaq, yaxud uşağı doğuzdurmaqdan ibarət deyil. Ailə quran cütlüklər konsultasiya üçün müraciət edəndə öncə qohum evliliyinin olub-olmadığını soruşuruq və onun ciddi fəsadlarından danışırıq. Hamiləlik dövründə artıq iş-işdən keçmiş olsa, yenə bu sualla müraciət edirik. Əgər fakt varsa, bunun uşaq üçün riskli olduğunu deyirik. Həmin uşağın daha detallı müayinəyə cəlb edilməsini, yəni ona potensial qüsurlu yanaşılma lazım olduğunu vurğulayırıq.

Mən fərdi maarifləndirmənin cəmiyyətdə işə yaradığına inanmıram. Maarifləndirmə dövlət səviyyəsində daha geniş miqyasda aparılmalıdır. Bu məsələdə çox sərt və birbaşa qadağanın lehinə deyiləm. Çünki bu başqa məqamlara yol aça bilər.”.

Mütəxəssislər hesab edirlər ki, anada və atada mövcud olan müxtəlif xüsusiyyətlərin daha sonrakı nəslə ötürülməsi genlər tərəfindən təmin edilir. Bu genlərdə hər hansı səbəbdən xəstəliyə gətirib çıxaran mutasiyalar meydana gələ və bu mutasiyalar daha sonrakı nəslə ötürülə bilər. Qohum şəxslər isə öz genlərini ortaq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşıma ehtimalları qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur. Beləliklə, genlərində mutasiya olan cütlüyün dünyaya gətirdiyi hər körpədə bu xəstəliyin meydana çıxma riski 25 faiz olacaq.

Hüquqşünas Əliməmməd Nuriyev qohum evliliyinin qadağan olunması ilə bağlı məsələyə münasibətini bu cür ifadə edib:

“Məsələ ilə bağlı hələlik ilkin müzakirələr başlayıb. Amma qohum evliliklərinin törətdiyi fəsadlarla bağlı cəmiyyətdə zaman-zaman müzakirələr, diskussiyalar aparılır. Elmi cəhətdən sübut olunub ki, qohum evlilikləri ağır fəsadlara gətirib çıxarır. Fikir versəniz, əlilliyin səbəblərini araşdıranda ən tez üzə çıxan məqam qohum evliliyinin olmasıdır.

Qanunda birinci dərəcəli (ata, ana, bacı, qardaş, ögey bacı, qardaş, baba, nənə) qohum evliliyi qadağandır. Bu, birmənalıdır. İndi qanunvericiliyin daha da sərtləşdirilməsi yönündə fikirlər səsləndirilib. Bunun konsepsiyası necə olacaq, hansı dairəni əhatə edəcək? Bütün bunlar müəyyənləşməlidir.

Hesab edirəm ki, fəsadları göz önünə gətirəndə evliliyin ikinci, üçüncü dərəcəli qohumluğa qədər qadağan edilməsi daha məqsədəuyğun olardı. Çünki ən çox risk məhz bu dərəcəli, yəni çox yaxın qohumlar arasında olan evlilikdə rast gəlinir.

Cəmiyyətimizdə qohum evliliyinə səbəb olan bir çox amillər var, düşünülür ki, bu cür evliliklər daha möhkəm olur. Amma yalnış fikirdir. Qohum evliliyi məişət zorakılığı üçün geniş imkanlar açır, qadın hüquqları pozulur, çünki qohumlar tərəfindən ciddi təzyiqlər tətbiq edilir və baş verən xoşagəlməz hallar haqda məlumat gizlədilir. Bilirik ki, bir çox qətllərin baş verməsində də yaxın qohum evliliklərinin rolu böyükdür.

Hesab edirəm ki, yaxın qohumların evlililiyi ilə bağlı tədbirlər daha çox maarifçilik istiqamətində olmalıdır. Düzdür, bu yöndə müəyyən işlər görülüb və görülür. Eyni zamanda həkimlərimiz tərəfindən vaxtaşırı çıxışlar edilir. Amma bunu kütləvi informasiya və sosial şəbəkələr vasitəsilə daha da kütləviləşdirməli, miqyasını genişləşdirməliyik. Məktəblərdə bununla bağlı ayrıca dərslər salınmalıdır”.


Müəllif: Nərmin Muradova