28 Yanvar 2015 21:12
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keyfiyyətdə də çatışmazlıqlar var”

Dünən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə “Su təchizatı sahəsində şəffaflığın artırılması” mövzusunda dəyirmi masa təşkil etdi. “Şəffaflıq Azərbaycan” İB-nin rəhbəri Rəna Səfərəliyeva bildirdi ki, tədbir su təchizatı sahəsində ortaya çıxa biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində çatışmazlıqları müəyyənləşdirmək, bu sahədə şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirlir.

Tədbirdə “Azərsu” ASC-nin əməkdaşları ilə yanaşı digər koommunal qurumların - “Bakıelektrikşəbəkə”ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azəripoçt” MMC-nin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər hökumət qurumları, eləcə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər. Tədbir Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə reallaşdı.

Yeni tipli sayğaclar suya qənaətə yardım edir

Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbut katibi Anar Cəbrayıllı əhalinin su ilə təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışdı. Bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən sonra paytaxtın 78,3 faiz əhalisi 24 saat fasiləsiz su təchizatı ilə təmin olunur və bu su kəmərinin istismara verilməsi “Azərsu” ASC-yə imkan yaradıb ki, hətta digər bölgələrin-Şirvan, Hacıqabul, Biləsuvar, Sabirabad, Saatlı rayonlarınının da su təchizatında həmin mənbələrdən istifadə etsin.

Anar Cəbrayıllı onu da bildirdi ki, “Azərsu” 57 faiz civarında smart-kart tipli yeni sayğaclaşdırma işləri həyata keçirib: “Təkcə Yeni Günəşli qəsəbəsində D masivvində 28 binada apardığımız pilot layihədən sonra məlum oldu ki, bu sakinləri 24 saat fasiləsiz su ilə təmin etməklə yanaşı 14 min kubmetr suya qənaət etmiş olduq. Uğurlu nəticə verdiyindən layihəni genişləndirdik. 2014-cü ilin statistikasına görə 142 min ədəd smart-kart sayğacları quraşdırmışıq”.

“Bakıelektrikşəbəkə” ASC-nin nümayəndəsi Tofiq Abdullayyev son 8 ildə qurumun gördüyü işlərdən, Bakı əhalisinin fasiləsiz enerji təchizatından danışdı.

14 ildir sayğaclaşma başa çatmır

Kommunal xidmətlər sahəsində müstəqil ekspert Ələkbər Ağasıyev su təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquqpozmalarından söz açdı. Bldirdi ki, Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildə əhali qrupundan olan istehlakçıların elektirk, qaz və su sayğacları ilə pulsuz təmin olunması 2002-ci ilin sonunda başa çatdırılmalı idi. Digər kommunal qurumlardan fərqli olaraq yalnız “Azərsu” ASC tərəfindən bu iş yekunlaşımayıb. Dedi ki, 14 il ərzində 57 faiz sayğaclaşma işinin həyata keçirilməsi şox kiçik rəqəmdir və bu nə qədər su itkisi, adambaşına supulunun toplanması ilə dəqiq uçotun aparılmaması deməkdir: “955 qaynar xətti passiv fəaliyyət göstərir, əhalinin müraciətlərinə baxılanda, əlaqədar təşkilatlarla əməkdaşlıq düzgün qurulmur, yaxud mərkəzləşmiş qaydada birgə fəaliyyət olmaması səbəbindən uzun müddət problem aradan qaldırlmır”.

2011-ci ildə də belə bir tədbirin keçirildiyini və orada müvafiq təkliflər verildiyini deyən ekspert bildirdi ki, bu təkliflərin az bir qismi “Sudan istifadə qaydaları”nın yeni variantında nəzərə alınıb: “Məkana, şəraitə, vaxta uyğun olaraq təchizatçı ilə istehlakçı arasında istehlakçının mənafeyini qoruyan əlavə müqavilənin bağlanması təklifimizi digər qurumlardan fərqli olaraq “Azərsu” nəzərə alıb ki, bu, müsbət haldır. Amma qaydalarla müqavilə şərtləri arasında bəzi uyğunsuzluqlar da mövcuddur”.

Azərsu ziyanla işləyən təşkilatdır

Anar Cəbrayıllı səslənən iradların bəziləri ilə razılaşmadı. Bildirdi ki, Smart-kart tipli sayğaclaşmanın ləngiməsinin bir neçə səbəbi var: “Bizim təşkilat ziyanla işləyən təşkilatdı. Çünki əhaliyə satılan suyun maya dəyəri satış qiymətindən yüksəkdir. Ona görə də sayğaclar azdır. Digər tərəfdən, elə sakinlər var sayğaclaşmaya maraqlı deyil. Bakı şəhərində 128 min mənzil var ki, orda cəmi bir nəfər qeydiyatdadır. D massivində olan layihəmiz göstərdi ki, sayğaclaşmanın ləngiməsində “Azərsu” daha çox uduzur”.

Tədbirin Şəffaflıq Azərbaycan təşkilatının hüquqşünası Aytən Əlizamanlı su problemlərinin aradan qaldırılması ilə bağlı sənəddə qeyd olunan tövsiyələri iştirakçılara çatdırdı.

“Azəripoçt” MMC-nin nümayəndəsi dedi ki, kommunal xidmətlərin ödənişlərini 5 faizini banklar, 95 faizini poçtlar icra edir: “Abonentlərlə borcla bağlı bildirişlər veriləndə “Azərsu” və “Azərqaz” poçtlarda bu işin həyata keçirilməsini qeyd etmir”.

Müzakirələr zamanı təklif edildi ki, kommunal xidmətlərdən istifadə zamanı “su, qaz, işıq oğruları” ilə mübarizə aparmaq üçün maarifləndirici proqramlar hazırlansın, onlara qarşı ictimai qınaqlar təşkil olunsun.

Limonad sexi ilə hüquqi təşkilatın su sərfi eynidir?

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də öz təkliflərini səsləndirdi: ““Azərsu”nun maliyyə fəaliyyəti də onu göstərir ki, problem çoxdur, 3 milyard yarım manata yaxın kəsir var, doğrudur, bunun böyük hissəsi investisiyalardır. 2013-cü ildə bütün Bakı kəndlərində su və kanalaizasiya problemləri başa çatacağı vəd edilmişdi, reallıq ondan ibarət oldu ki, yayda əhalinin yaşadığı ərazilərə su çəkildi, daimi yaşayış olan yerlərdə isə bu iş tamamlanmadı. Qeyri-əhali üçün sayğacların qiyməti niyə 247 manatdır, bu açıqlanmır. Niyə kommersiya təşkilatları üçün bu qiymətə sayğac verilməlidir və adambaşına düşən su 1 manat 30 qəpik olmalıdır? “Turan”ın istifadə etdiyi aylıq su sərfi 9 kubmetrdir. Limonad sexi ilə bizim hüquqi təşkilat eyni kateqoriyada deyil axı”.

Anar Cəbrayıllı bildirdi ki, qeyri-əhali qrupuna aid olanlar üçün qiymət vahiddir.

Mehman Əliyev isə təklif etdi ki, qeyri-əhali qrupu arasında da kateqoriyalar müəyyənləşsin: “Azərsu” ilə abonentləri arasında, xüsusilə kommersiya təşkilatları ilə münasibətlərində ciddi problemlər var. Bunlar aradan qaldırılmalıdır. Digər ən vacib məsələ içdiyimiz suyun keyfiyyəti ilə bağlıdır. Suyu fasilələrlə qəbul etmək də mümkündür, amma biz nə içirik?!”.

Ən önəmli məsələ suyun keyfiyyətidir

Suya qənaət və suyun tərkibi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndəsi danışdı. Dedi ki, ETSN-nin su ehtiyatlarının mühafizəsi sahəsində təklifləri var: “Suların dövlət uçotunda müəyyən boşluqlar var ki, aradan qaldırılması bu təkliflərdə nəzərə alınıb. 30 faiz itkilər var. Bu itkilər tək “Azərsu”da deyil, su tərərrüfatı ilə məşğul olan digər qurumlarda da mövcuddur. Biz daha çox maraqlıyıq ki, istehlakçı hüquqularının qorunması birinci növbədə keyfiyyətli su təminatı ilə bərpa olunsun. Bu sahədə çatışmazlıqlar var. Etiraf etməliyik ki, təbii su mənbələrinin hamısında keyfiyyətli su yoxdur. “Azərsu” böyük vəsait qoyub, sutəmizləyən qurğular quraşdırıb. Azərbycanın elə rayonları var ki, Kürün suyunu təmizləmədən lilli içir. Bizim üzərimizə götürdüyümüz öhdəliklər isə mərhələlərlə həyata keçirlir”.

Rəna Səfərəliyeva bildirdi ki, içdiyimiz suyun keyfiyyəti ən önəmli məsələ olduğundan təşkilatın hökumətə təqdim edəcəyi təkliflərdə bu problem bir daha öyrəniləcək və təkliflərdə bu məsələyə geniş yer ayrılacaq.

Sevil HİLALQIZI


Müəllif: