2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq 3.2 milyard kub metr olub.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Avropa ilə yanaşı Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kub metr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kub metr olub:
“Azərbaycanda 12.6 milyard kub metr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kub metr çoxdur. Bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib. Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir".