Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Teleqraf.com xəbər verir , bu çərçivədə, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə Şimal-qərb Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların ərazisində yerləşən tibb müəssisələrində radioloji fəaliyyətlə məşğul olan şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə Agentliyin rəisi Nicat Əliyev açaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, qarşıda duran məsələlər, tibb müəssisələrində radiasiya təhlükəsizliyi sahəsində mövcud çətinliklər barədə məlumat verib.
Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.
Tədbir zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təlim kurslarında iştirak etmiş ekspertlər – Agentliyin Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Hüquq şöbəsinin müdiri Aysel Həsənova aidiyyəti mövzularda təqdimatlarla çıxış ediblər.
Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.