Dövlət büdcəsindən ən çox pul ayrılan ikinci sahə təhsildir. Hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Dörd milyard manat vəsait məhz təhsil sisteminin saxlanmasına ayrılıb. Kifayət qədər yüksək rəqəmdir. Amma etiraf edək ki, bir sıra ali təhsil müəssisələrimiz milli kvalifikasiyalar istiqamətində peşəkar kadr hazırlığında ciddi problem yaşayırlar.
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Filologiya elmləri doktoru, professor Telman Vəlixanlı elm və təhsil nazirinə ünvanladığı dörd bəndlik müraciəti şərh edən təhsil eksperti də bildirib ki, ali təhsil müəssisələrinin maddi-texniki bazası müasir dövrlərin tələblərinə uyğun deyil: "Xüsusən laboratoriya istiqamətində ciddi problemlər var. Hətta bizim dövlət universitetlərimiz arasında formal laboratoriyaları olanlar da var. Yəni universitetlərin maddi-texniki bazalarının vəziyyəti heç də ürəkaçan deyil. Yalnız bir neçə universitetin laboratoriyaları, maddi-texniki bazaları, kitabxanalarında vəziyyətin normal olduğunu görə bilərik".
Ekspertin sözlərinə görə, ali təhsilin bakalavr pilləsində mütəxəssis hazırlığında maddi-texniki baza əsas faktor rolunu oynayır: "Xüsusən kimya, fizika, biologiya istiqamətində kadr hazırlığında laboratoriyalar çox vacibdir. İstər dövlət, istər özəl universitetlərin böyük əksəriyyətində bu yoxdur. Əslində bir laboratoriyanın hazırlanması böyük vəsait hesabına başa gəlir. Məsələn, normal bir fizika laboratoriyası 100 min manata ərsəyə gəlir. Azərbaycanda universitetlərin bir çoxunda bu büdcə var".
Kamran Əsədov ali təhsil müəssisələrimizdə elektronlaşma ilə bağlı professor Telman Vəlixanlının fikirlərini bölüşdüyünü deyib: "Nanotexnologiyanın, İKT-nin tədrisin təşkili və qiymətləndirilməsində tətbiqi istiqamətində vəziyyət ürəkaçan deyil. Biz kadr təyinatında da şəffaflıq müşahidə edə bilmirik. Demək olar ki, ali təhsil müəssisələrində işə qəbul prosesi şəxsi maraqlar prinsipinə xidmət edir. Yəni ali təhsil müəssisələrində işəgötürmə qismində iştirak edən istedadlı gənclər prosesdən kənarda qalır.
Bir çox hallarda universitetin rektorları öz maraqlarına uyğun şəxslərin qəbulunu həyata keçirr. Məsələn, biz ali təhsil müəssisələrinin son beş il ərzində vakant çıxardığı yerlərin statistik göstəricilərə baxanda görürük ki, vəziyyət o qədər də ürəkaçan deyil. Yəni bu gün ali təhsil müəssisələrində professorlar o qədər də ciddi elmi-tədqiqatla məşğul ola bilmirlər. Çünki elmi mühit yoxdur. Azərbaycan ali təhsil müəssisələrinin adı dünya reytinqində yoxdur".
Kamran Əsədovun fikrincə, ali təhsil müəssisələrimizin böyük əksəriyyəti formal və vizual olaraq mövcuddur: "Reallıqda biz ali təhsil müəssisələrini əmək bazarında görməliyik. Məzunların işə qəbul prosesində statistikasına baxanda məlum olur ki, universitetlərdən məzun olanların yalnız 42 faizi ixtisası üzrə işləyə bilir. İşəgötürənlərin ali təhsilli məzunlarla bağlı məmnuniyyəti çox aşağı səviyyədədir. Çünki maddi-texniki baza təcrübələri zəifdir. Məzunlar elektronika, İKT avadanlıqlarından istifadə edə, problemli və böhran vəziyyətdən çıxa bilmirlər.
Ali məktəb dərsliklərinin yazılması ilə bağlı qüsurlar var. Ali təhsil müəssisələrində yalnız kimlərinsə dissertasiya və doktorluq işlərini kitab halında çap edib tələbələrə verirlər. Saat hesabı dərslər çox aşağıdır. Qiymətlərin ödənilməsi, qonorar sistemi yox dərəcəsindədir.
Hansısa xarici mütəxəssisləri cəlb edib mühazirə deməsini təşkil etmək lazımdır ki, onlar gənc nəslin müasir bilik və bacarıqlara uyğun yiyələnməsinə xidmət etsin. Düşünürəm ki, ali təhsil müəssisələrimizdə yeni bir islahata ehtiyac var. Biz uzun illərdir yalnız təhsil islahatlarının orta məktəb bazasını həyata keçiririk. Artıq ən vacib hissə ali məktəbdir”.