"Bütün araşdırmalar müəllimin peşəkarlığının təhsilə təsir edən ən əsas amillərdən biri olduğunu göstərir".
Teleqraf.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.
"2014-cü ildən etibarən nazirlik tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet kimi qiymətləndirilir. Bu istiqamətin icrasına diaqnostik qiymətləndirmə ilə başlanılıb və 2018-ci ilə qədər davam edib. 35 faizə yaxın müəllimin əməkhaqqı artırılıb. 2018-ci ildən isə qanunvericiliyə sertifikasiya anlayışı daxil edilib. 2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimlərinin qiymətləndirilməsinə başlanıldı. 30 min iştirak oldu. Nəticələrə uyğun olaraq əməkhaqlarına artım olunub. 2023-cü ildə təkrar sertifikasiyada uğur qazana bilməyən 800 nəfərə yaxın müəllim tutduğu vəzifədən kənarlaşdırılıb.
Bu proses 2026-cı ilə qədər bütün ölkəni və fənnləri əhatə edəcək. 2026-cı ildən sonra ilk dəfə sertifikasiyadan keçənlər yenidən imtahana cəlb olunacaq. 8 iyun tarixində 8 minə yaxın müəllimin iştirak edəcəyi imtahan keçiriləcək. 21, 22, 24 iyun tarixlərində ilk dəfə 25 minə yaxın iştirakçını əhatə edən riyaziyyat, ingilis, alman və fransız dili müəllimləri də imtahan verəcək. Sentyabrdan maaşını artımla alan 32 minə yaxın müəllim sıralarına 20 mindən çox müəllim də qoşulacaq".
E.Bağırov qeyd edib ki, ümumilikdə, yüksək nəticə toplayan 8 minə yaxın müəllimin orta aylıq əməkhaqqı 1300 manata yaxındır.