Qanunvericiliyə edilən dəyişikliyə əsasən mülki işlər üzrə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ təsbit olundu.
Teleqraf.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Vəkillər Kollegoyasının bugün keçirilən iclasında çıxışı zamanı deyib.
“Ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və göründüyü kimi, vəkillik sahəsində aparılan islahatlar son nəticədə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə şərait yaradır.
Ombudsman təsisatı olaraq əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər Kollegiyası ilə əməkdaşlıq davam etdirilir.
Xüsusi ilə vurğulanmalıdır ki, Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə vəkillik fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində yaxından iştirak edir”.
Onun sözlərinə görə, vəkillərin fəaliyyəti ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərlə bağlı müvafiq araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün tərəfimizdən Vəkillər Kollegiyasına göndərilmiş müraciətlərə xüsusi həssaslıqla yanaşılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Bundan başqa, vəkillər tərəfindən Ombudsmana ünvanlanan şikayətlərə də qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq cavablandırılması təmin edilir.