Həyat yoldaşınızla mübahisə etmək istəyirsinizsə, öncə kəmərinizin altını bərkitməlisiniz. Ac insanların bir-birini dinləməyə hövsələsi çatmır. Qarın və mədədən gələn gurultular qulaqlarınızı batırdığı üçün deyilən sözləri eşitmirsiniz. Aranızdakı məsafə yaxın olsa da, ruhunuz bir-birindən uzaqlaşır və ona görə də ucadan danışmağa, daha doğrusu, qışqırmağa başlayırsınız. Məgər, astadan mübahisə edə bilməzsiniz? Hislərinizi idarə edə bilsəniz bacararsınız, amma heç də hər şey sizin əlinizdə deyil. Qarşı tərəf də sizinlə eyni xarakterə malikdirsə, hətta sizdən daha emosionaldırsa, onda bu yazını axıra kimi oxuyun.
Ac olanda qanda qlükozanın səviyyəsi aşağı düşür, baş fırlanır, göz qaranlıq gətirir, qulaqlarda uğultu olur. Hirsini üzərinə tökməyə adam axtarırsan. O adam da ər və arvaddan "yaxşısı" ola bilməz.
21 gün ərzində 107 cütlük arasında aparılan tədqiqat zamanı hər bir iştirakçıya həyat yoldaşını əvəz edən bir oyuncaq və bir iynə veriblər. İştirakçılara tapşırılıb ki, əsəbi olanda iynəni kuklaya sancınlar.
Müəyyən edilib ki, iştirakçılar qanda şəkərin səviyyəsi aşağı olanda, kuklalara da o qədər çox iynə batırıblar.
Ohayo Dövlət Universitetinin aparıcı tədqiqat müəllifi Brad Bushman deyir ki, beynimiz digər orqanlarımızdan daha kiçik olsa da, kalorilərimizin 20 faizini istehlak edir. Odur ki, həyat yoldaşınızla mübahisə edərkən vaxtı doğru seçin. Məşhur reklamda deyildiyi ki, ac olanda sən o sən olmursan...
Çalışın mübahisəli məsələləri toxqarına müzakirə edin!