11 İyul 16:32
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) mediatur təşkil olunub.

Teleqraf.com xəbər verir ki, iştirakçılar vətəndaşların qəbulu və Agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev bildirib ki, Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir, həmçinin elektron xidmətlərlə bağlı texniki yardım göstərilir: “Eyni zamanda quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir”.

Onun sözlərinə görə, bu ilin 6 ayında Dövlət Agentliyi ümumilikdə 43 553 müraciəti cavablandırıb: “Çağrı Mərkəzinə 23 803, Vətəndaş Qəbulu Mərkəzinə 1 456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formadakı müraciətlərin sayı 12 398, “Whatsapp” və sosial media xidməti vasitəsilə daxil olan müraciətlərin sayı isə 5 896 olub”.

EATDA-nın Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tələbələrin köçürülməsi, ali təhsilin kredit sistemi ilə təşkili, orta ixtisas təhsil müəssisələri və digər mövzular barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Samir Həmidov vurğulayıb ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu ilin 6 ayı ərzində daxil olan 6 000-dən çox yazılı müraciətin böyük əksəriyyəti ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır: “Eyni zamanda digər universitet və kolleclərlə bağlı da quruma müxtəlif tipli müraciətlər daxil olur. Müraciət edən tələbələrin əksər hissəsi təhsil haqlarının ödənilməsi ilə bağlı yaranan çətinliklərdir. Həmin tələbələrin bəziləri Təhsil Tələbə Krediti Fondu barədə, həmçinin güzəştli kateqoriyaya daxil olmaqları ilə bağlı məlumatlı deyillər. Həmçinin tələbələrin köçürülməsi, bərpa və sair məsələlərlə bağlı da bizə çox böyük sayda müraciətlər var”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Aqşin Abasov bildirib ki, bu ilin 6 ayı ərzində ali təhsil müəssisələri və kolleclərin müraciətləri əsasında ümumilikdə 7 500-dən çox müxtəlif adda təhsil sənədi təhvil verilib, hazırda cari ilin məzunları ilə bağlı işlər davam etdirilir.

Daha sonra Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov müasir elmi laboratoriyaların qurulması, elmmetrik göstəricilərə əsasən alimlərin qiymətləndirilməsi mexanizmləri, eləcə də alimlərin qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yollarından bəhs edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər