Azərbaycan xalqı son iki yüz il ərzində bir çox silahlı münaqişələrin, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımların qurbanı olub. Anti-Azərbaycan hərəkatının başında sözsüz ki, ermənilər və onların havadarları dururdular. Aparılan deportasiya və soyqırımı nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirilib, deportasiyaya məruz qalıblar. Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilmiş azərbaycanlıların üzləşdikləri müsibətlər daha dəhşətli olub. Bu günə qədər Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər ətraflı tədqiq olunmayıb və ermənilər hüquqi məsuliyyətə cəlb edilməyiblər. Amma bu gün biz hüquqi məsuliyyət məsuliyyət məsələsini gündəmə gətirməliyik.
Üç mərhələdə həyata keçirilən deportasiya
Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyasının ötən əsrin əvvəllərindən başlayaraq üç mərhələdə həyata keçirilmişdir: 1905-1920,1948-1953 və1987-1991-ci illər.
Azərbaycanlıların deportasiyası zamanı yüz minlərlə azərbaycanlı (sadəcə sonuncu deportasiya mərhələsində 250 mindən artıq) əhali qanuni yerləşdiyi yerlərindən qovulmuş, yaşamaq, azadlıq və mülkiyyət hüquqlarından məhrum edilmişlər. Minlərlə insan qətlə yetirilmiş və çoxlu sayda yaşayış evləri dağıdılmışdır. Ötən dövr ərzində ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş (bu barədə SSRİ Nazirlər Kabinetinin və Ermənistan SSRİ-nin çoxlu sayda sərəncamları mövcuddur), azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilmişdir. Manuk Vardanyanın etirafına görə, ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi üçün onlara 2007-ci ilin sonuna qədər vaxt lazım olub.
“Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci il tarixli Fərman imzalanmışdır. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyasının yekununda Azərbaycan Respublikası Prezidentinin Fərmanı kimi yayımlandı. Fərmanda qeyd edilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Bu proses bölgəni etnik cəhətdən yekcins (homogen) etmək, indiki Ermənistan ərazisini "təmizlənmək" məqsədi ilə azərbaycanlıların yaşadığı yerlərdən sistematik şəkildə, zorakılıqla çıxarılması prosesidir. Yəni etnik təmizləmədir.
Azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilik, onların məhz azərbaycanlı olmaları idi
Etnik təmizləmə müəyyən bir ərazinin homogen etnik tərkibinin yaradılması cəhdi kimi tövsif edilir. Azərbaycanlılara qarşı etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir. Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilik, onların məhz azərbaycanlı olmaları idi. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Azərbaycanlılara qarşı törədilmiş bu deportasiya, irqi-ayrıseçkilik və s. cinayətlərə dair hələ də Beynəlxalq Ədalət Məhkəməsində - Haaqada hüquqi qiymət verilməyib. Digər tərəfdən 1991-ci ilədək Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşamış azərbaycanlılar Ermənistan SSR-nin vətəndaşları olublar. Onların bu günədək həmin vətəndaşlıqdan məhrum edilməsi və ya vətəndaşlıqdan imtina etmələri barədə hər hansı hüquqi əsas mövcud deyil. Əgər vətəndaş yaşadığı ölkədən öz iradəsinin ziddinə olaraq, işgəncə, ölüm və digər zorakılıq hərəkətləri nəticəsində zorla çıxarılıbsa, bu, onun həmin ölkə vətəndaşlığından məhrum edilməsi üçün əsas verə bilməz. Ermənistan SSR-nin həmin dövrdə qüvvədə olan 1978-ci il Konstitusiyasının 31-ci maddəsinə əsasən “vahid SSRİ vətəndaşlığı barədə qaydalara uyğun olaraq, hər bir Ermənistan vətəndaşı, həm də SSRİ vətəndaşıdır”. “SSRİ vətəndaşlığı” haqqında qanunun 7-ci maddəsinə görə isə vətəndaşlığın itirilməsi yalnız məhkəmə qərarı ilə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən həyata keçirilə bilər. Ermənistan SSR-dən zorla çıxarılmış yerli azərbaycanlıların həmin ölkədəki vətəndaşlıq hüquqlarının itirilməsi barədə heç bir məhkəmə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı mövcud deyil.
Məsuliyyəti Ermənistan Respublikası daşıyır
Ermənistan müstəqilliyi haqqında 21 sentyabr 1991-ci il tarixli bəyannaməyə əsasən, Ermənistan Respublikası özünü Ermənistan SSR-nin siyasi və hüquqi varisi elan etmişdir. Bununla da sələfinin bütün beynəlxalq və ölkədaxili bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Bu isə o deməkdir ki, Ermənistan SSR zamanında öz vətəndaşları olan qərbi azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlərə görə, eyni zamanda, onların geri qayıdış hüquqlarının təmin olunmasında indiki Ermənistan Respublikası birbaşa həm siyasi, həm də hüquqi məsuliyyət daşıyır. Qeyd edilən hüquqi əsaslara əsasən, hesab edirəm ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlıq hüquqları bərpa olunmalıdır.
İndiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi, eyni zamanda, onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır. Qərbi azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüquqları vardır. Belə ki, beynəlxalq insan hüquqları standartlarını formalaşdıran, insanların bərabər hüquqlara malik olması fikrinə əsaslanan, BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci il tarixində qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən “Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi universal beynəlxalq hüquqi aktdır, Bəyannamədə nəzərdə tutulmuş bir sıra hüquqlardan irəli gələn öhdəliklər “erga omnes” xarakterlidir, yəni beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır.
Nəzərə alaq ki, “Ermənistanın müstəqilliyi” haqqında 21 sentyabr 1991-ci il tarixli Bəyannaməyə əsasən, Ermənistan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur, belə olan halda onlar həm dövlətdaxili hüquqa, həm də beynəlxalq hüquqa əsasən, Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, eyni zamanda, azərbaycanlıların öz doğma torpaqları olan indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə borcludur. Bundan başqa, “Mülki və siyasi hüquqlar” haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, “Hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz”.
Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlər arasında Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır.
Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalov bildirib ki, 30 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etməvə ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur. Həqiqətən də, qeyd olunan faktlarla beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan soyqırımı, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, adam öldürmə cinayətlərinin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə cinayət işi başlanaraq, istintaq aparılması yerində atılmış bir addımdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Qərbi Azərbaycan İcması tərəfindən müstəsna əhəmiyyət kəsb edən işlər görülməkdədir.
Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları sülh müqaviləsi ilə öz həllini tapa bilər
Məlum olduğu kimi, Bakıda və digər Azərbaycan şəhərlərində minlərlə erməni əhali yaşamaqdadır. Ermənistan və bəzi qərb dövlətləri son anti-terror tədbirləri nəticəsində bölgədən köç etmiş ermənilərin müəyyən şərtlər daxilində Azərbaycana qayıtmalarını və bu məsələnin Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsində öz həllini tapmasını istəyirlər. Buna uyğun olaraq Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları məsələsi şərt kimi irəli sürülə və bağlanacaq sülh müqaviləsi ilə öz həllini tapa bilər.
Digər bir məsələ, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləridir. Ermənistan və Azərbaycanın ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən Birinci Qarabağ müharibəsi dövründən son anti-terror tədbirlərinə qədər olan dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırımı), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir.
Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, cinayəti törədən həm Ermənistan dövlətidir, həm də bu ölkənin ayrı-ayrı rəsmi şəxsləridir. Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.