Göz sağlamlığına əhəmiyyətli dərəcədə təsir edən az bilinən bir amil var, bu da demodex parazitləri adlanır. Adətən insan dərisində hiss olunmadan yaşayan bu kiçik parazitlər xüsusilə makiyaj həvəskarları üçün böyük təhlükə yarada bilər.
Teleqraf.com xəbər verir ki, türkiyəli göz xəstəlikləri mütəxəssisi Sevil Karaman göz sağlamlığı üçün göz makiyajı ilə bağlı vacib məlumatlar haqda danışıb.
"Göz sağlamlığında biz, ümumiyyətlə, müntəzəm müayinələrə, yaxşı gigiyena və balanslı qidalanmaya diqqət yetiririk, amma başqa bir amil də var ki, o da insan dərisində fərq edilmədən yaşayan kiçik parazitlərdir.
Biz bunlara Demodex parazitləri deyirik. Onlar, xüsusilə, makiyaj həvəskarları və tez-tez göz makiyajı edənlər üçün böyük risk yaradır", - deyə bildirib.
Karaman Demodex parazitlərini belə tərif edib: "Bu parazitlər dəridə, xüsusilə saç kökləri və yağ bezləri ətrafında yaşayan mikroskopik parazitlərdir. İnsanlara təsir edən iki əsas növ var: Demodex folliculorum və Demodex brevis. Bu parazitlər təbii bir parazit olsa da, dəri ekosisteminin bir hissəsi, onların populyasiyaları böyüdükdə problemli ola bilərlər."
Mütəxəssis bildirib ki, göz ətrafında qaşınma, qıcıqlanma, göz qapaqlarının qızarması, gözlərdə quruluq və qum hissi, kirpiklərin tökülməsi və təkrarlanan göz infeksiyaları bu xəstəliyin əlamətlərindəndir.
Göz makiyajı məhsullarından bir neçə nəfərin istifadəsi Demodex parazitlərini bir insandan digərinə ötürə bilər. Bu parazitlərdən xilas olmaq üçün ilk işin gigiyena olduğunu söyləyən Karamanın fikrincə, bu məüamlara diqqət etmək lazımdır: ”Yatmazdan əvvəl həmişə makiyajınızı təmizləyin. Tərkibində çay ağacı yağı olan zərif təmizləyicilərdən istifadə edin ki, bu da bütün qalıqları, xüsusən Demodex parazitlərini effektiv şəkildə təmizləyir. Yağ və dəri hüceyrələrinin yığılmasının qarşısını almaq üçün makiyaj fırçalarını və aplikatorları mütəmadi olaraq təmizləyin”.
Mələksəda Zeynallı