30 İyul 16:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tarixən ən çox müsbibətlər, faciələr görmüş, daim müharibə, deportasiyalarla üzləşmiş insanlar İrəvan mahalı, Zəngəzur və Qarabağda yaşayan sakinlərimiz, soydaşlarımız olub, desək şişirtmiş olmarıq. Bu yazımızda İrəvan xanlığına daxil olan Göyçə mahalı, o cümlədən Zod kəndinə edilən hücumlardan danışacağıq. Öncə qısa olaraq Göyçə mahalının tarixinə ekskursiya edək.

Qərbi Azərbaycanın (indiki Ermənistanın) ərazisində, Göyçə gölü ətrafında yerləşmiş Göyçə mahalı 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olub. Ağqoyunluların, Səfəvvilərin və İrəvan xanlığının mahalı olan Göyçə Rusiyanın işğalından sonra tədricən erməniləşdirildi. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölündü. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min km². olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican rayonu ərazisini qanunsuz şəkildə Ermənistana verdi.

Mustafa Hacının qəhrəmanlığı

1828-ci, 1905-ci və 1948-ci illərdə ermənilər tərəfindən Göyçə mahalında, eləcə də Zod kəndində dəhşətli qırğınlar, talanlar, yanğınlar törədilib. 1918-ci ilin aprelində Kəvərdən gələn erməni hərbi dəstəsi Qaranlıq (Martuni) rayonunun Çamurlu kəndini mühasirəyə alır. Kəndin igid oğlu Mustafa Hacı Nağdalı oğlu ermənilərlə təkbaşına atışaraq kənd camaatının, qadın və uşaqların kənddən çıxarılmasına şərait yaradır. Vuruşma uzun müddət davam edir. O, üç ədəd tüfənglə atəş açdığına görə ermənilər elə bilirlər ki, atışmada bir neçə nəfər iştirak edir. Patron qurtarır, Mustafa Hacı Nağdalı oğlu son güllə ilə özünü vurur.

1920-ci ilin aprel ayının 13-20-də Basarkeçər rayonunun əksər kəndlərinin 15 mindən artıq evi, malı-mülkü qarət edilir, Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılır. Sisyan rayonunun 15 kəndində 625 nəfər öldürülür.

Ermənilərin himayədarı Sovet hökumətinin başçısı Stalin yazırdı: "Qoy kimə aiddirsə bilsin ki, köhnə imperialist diplomatiyaların əbəs yerə başlarını sındırıb həll etmək istədikləri erməni məsələsi deyilən məsələ ancaq Sovet hökuməti tərəfindən həll edilə bildi". 1948-50-ci illərdə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı ilə Qərbi Azərbaycandan 8 mindən çox ailə Azərbaycanın aran rayonlarına köçürüldü.

Bu qədim türk diyarından yerli əhalinin ən böyük köçü isə SSRİ-nin son prezidenti bədnam Mixail Qorbaçovun xeyir-duası ilə baş tutdu. 1988-ci ilin dekabrından başlayaraq 300 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edildi.

Tarixi mənbələrdən məlumdur ki, 21 mart 1828-ci ildə Rusiya çarının qərarı ilə Ermənistan vilayəti yaradılıb. Elə o vaxtdan da başlayaraq Ermənistan vilayətindən müxtəlif yollarla azərbaycanlılar köçürülüb. Onların yerinə Türkiyədən, İrandan, Suriyadan və digər ölkələrdən ermənilər gətirilib.

Səməd ağanın qəhrəmanlığı

1918-ci ildə daşnak hökumətinin yaratdığı 25 min nəfərlik qoşunun bir divizyası general Andranikin komandanlığı ilə Naxçıvana, Sisyana və Qarabağın dağlıq hissəsinə, ikinci diviziyası general Arınyan və Dro Qanyanın komandanlığı ilə İrəvana, Zəngəzura, Vedibasara və Qəmərliyə, üçüncü diviziyası isə polkovnik S.Silikyanın başçılığı ilə Göyçə əhalisini məhv etməyə göndərildi.

1917-ci ildə çar II Nikolayın yıxılmasından istifadə edən ermənilər 36 müsəlman kəndini zəbt edərək sakinləri dağlara qovurlar. Osmanlı qoşunu Bakıya girəndə ermənilər qorxub geri çəkilirlər. Bununla yerli əhali öz ev-eşiklərinə qayıdır.

Türk qoşununun qabağından qaçan və Qubadan gələn rotmister Silikov, Korneta, Xaçaturov və onun adyudantı 57 əsgərlə 28 fevral 1919-cu ildə yerli əhalinin gözünü qorxutmaq məqsədi ilə əvvəlcə Zod kəndinə gəlirlər. Kəndin koxası Yunis bəy Silikovu və onun dəstəsini Qərbi Azərbaycanda, Naxçıvanda, Gəncədə adı hörmətlə çəkilən mesenat Səməd ağanın evinə aparır. Onlar yeyib -içəndən sonra Silikov Yunis bəyə deyir ki, kəndin ağsaqqallarını yığ, sözüm var. Koxa ağsaqqalları çağırır. Silikovlar iki qardaş idi, böyüyü qısaboy, yoğun, digəri ucaboy idi. Böyük qardaş camaata deyir ki, 40 xalvar taxıl, 12 araba ot verməlisiniz. Camaat susur, çünki Basarkeçərli Avanes ağanın qızı məlumat vermişdi ki, onlar türkləri qırmağa gəliblər. Ona görə ağsaqqallardan Seyid Həsən, Seyid Sayad, Vəlioğlu Cavay, Məşədi Məcoy və başqaları cavab verirlər ki, o qədər imkanımız yoxdur. O isə razılaşmır, çünki ermənilər ona məlumat vermişdilər ki, Məşədi Ağakişi oğlu Ellərin döyülməmiş 2 arpa tayası, eləcə də kəndin digər sakinlərinin kifayət qədər taxıl və ot ehtiyatları var. Vəziyyətin qəlizliyini qabaqcadan hiss edən Səməd ağa ətraf kəndlərə çapar göndərir. Özü isə vaxtı uzatmağa çalışır.

Zoddan Molla Həşim, onun oğlu Baba, Bayram, Kərbəlayı Süleyman oğlu, Kazım Məşədi Əkbər oğlu, Məşədi Molla Əli, Məcoy, Əlvənd Nağı oğlu, Bəşir Hasanoğlu, İsmayıl Rəhim oğlu, Hüseyn Rüstəm oğlu, Molla Müseyib, kor Hümbət, Qaraimandan Məşədi İsa, Daşkənddən Hacı Rəhim, Məşədi Qasım, Qayabaşından Zəvvar Kərbəlayı Əfsər, Qaraqoyunludan Haxoy, Kərbəlayı Cəfər, Ağkilsədən Aşıq Ələsgər, onun oğlu Bəşir, Nərimanlıdan koxa Vəli və digərləri Səməd ağanın evinin yaxınlığında məsləhətləşdikdən sonra belə qərara gəlirlər ki, Silikovun fikri yerli əhalini qırmaqdır. Ona görə də onlar Silikovu və dəstəsini məhv etmək qərarına gəlirlər.

Səməd ağanın evini yandırmamaq üçün Məşədi İsa içəri girib camaatın onun təklifi ilə razılaşdığını Silikova çatdırır və yemək-içmək adı ilə Məşədi İmişin evinə aparır. Onlar təqribən 500 metr gedəndən sonra Məşədi İsa cəld hasardan tullanır, Silikovun qardaşı naqanla ona atəş açır, güllə papağına dəyir. Camaat Silikovun dəstəsini atəşə tutur. Silikovu zodlu Gülənbəroğlu vurur, qardaşını isə Kor Hümbət xəncərlə öldürür. Silikov yaralanır və qaçıb Əlif kişinin evinə girir. O, Mecini vurur, işi belə görən Kor Hümbət evin üstünü söküb, ona iki güllə atır, yenə də ölmür. Daşkəndli Hacı Rəhim onu xəncərlə öldürür. Atışmada koxa Yunis bəy yaralanır, Qaraqoyunludan bir nəfər ölür.

General Tomson İrəvanda olarkən 1919-cu il martın 18-də qeyri-qanuni erməni hökuməti ona müraciət edir ki, Zod kəndində silahlı banda var. Xahiş edirlər ki, həmin bandanın üzvlərini məsuliyyətə cəlb etmək üçün onları müsəlmanlardan tələb etsin. Zod əhalisi ermənilərin tezliklə kəndə hücum edəcəklərini başa düşdüklərinə görə Kəlbəcərə çəkilməyi qərara alır. Onların gözlədiyi kimi də olur. Ermənilər böyük qüvvə ilə hücuma keçirlər. Camaat kənddən tam çıxmadığına görə Kor Hümbət və Əkbər Molla Əli oğlu kəndin kənarında Qaratəpədə, Uçuq kilsə deyilən yerdə ermənilərlə atışırlar, onları kəndə yaxın qoymurlar. Camaat çıxandan sonra dərə ilə çapıb aradan çıxırlar. Zod camaatı Zod aşırımından Söyüdlüyə, Dəmirçidamına, İstibulağa qaça bilirlər.

Ermənilər türk kəndlərində ciddi müqavimətlə rastlaşırlar. Onlar 1919-cu il martın 14-də Basarkeçərə gələrək, oradan kəndləri top atəşinə tuturlar. Beləliklə, 32 kənd Göyçədən çıxarılır. Həmin qaçhaqaç vaxtı dağlarda qara-borana düşən yüzlərlə adam ölür, minlərlə mal-heyvan qırılır. Kəlbəcərlə Zod arasında Dardərə deyilən yerdə mal-qoyun, adamlar çovğuna düşür. Ona görə həmin dərənin adı Sümüklü adlanır. Bu vəhşiliyin törədilməsində Antanta dövlətləri ermənilərin fəal yardımçısı olur. Bu barədə "Sovet Ermənistanının 40 illiyi" kitabında belə yazılıb:

" ... Antanta dövlətləri daşnaklara böyük hərbi yardım ediblər. İngiltərə 40 min nəfərlik ordunu silahla təmin etməyi, Fransa 10 min tüfəng, 10 milyon patron verməyi vəd edib" və s.

Səməd ağanın 40 dəyirmanı, böyük əkin yeri, mal-dövləti Göyçədə qalmışdı. Basarkeçərdən zərgər Avanes ağa və başqa ermənilər Səməd ağaya sifariş göndərirlər ki, biz sizi müdafiə edəcəyik, qayıdın. Göyçə ağsaqqalları qərara gəlirlər ki, bu növbəti hiylədir. Səməd ağa, Şişqayalı Kor Tanrıverdi, daşkəndli Aşıq Nəcəf barışıq tərəfdarı idilər. Onların hər üçü və Məzrəli İsmayıl Basarkeçərə barışığa gedirlər. Səməd ağanın Basarkeçərə gəlməsi daşnak qoşun başçısı Alobyana çatır. O gəlib Səmədağaya deyir: "Nə üçün Zod əhlini geri qaytarmadın?" Səməd ağa deyir: "Gələnlər gəlib, qalanı da gələcək".

Alobyan Məsimi, Rzanı və Babanı "Tülkü təpə" deyilən yerdə güllələyir. Kor Tanrıverdini, Aşıq Nəcəfi, Məzrəli İsmayılı Basarkeçərə gətirib işgəncə ilə öldürür. Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlayır. Alobyan Şişqayanı mühasirəyə alır, camaatı dama doldurub yandırır.

1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra Göyçənin sağ qalmış adamları öz yurdlarına qayıtdılar. Ancaq onlara qarşı soyqırımı yenə də davam edirdi. 1928-ci ildə Zod kəndində kollektivləşməni Türkiyə ermənisi Arşaquniya aparırdı. O, guya kəndin varlı adamlarının müqavimət göstərməsi adı ilə onları həbs edir, sürgünə göndərir və öldürürdü. 1930-cu ildə Zod kəndində 18 ailənin əmlakı müsadirə edilməklə qolçomaq kimi sürgün edirlər. Bunların arasında Məşədi Məcoy, Bəhlul, Molla Baba, Kərbəlayı Camal, İbrahimxəlil, Əli Haxoy oğlu və başqaları var idi. Sürgün edilənlərin bəziləri qayıtdıqdan sonra 1937-ci ildə yenidən həbs olundular.

Həbs olunanlardan Molla Həşim 5 il İranda, sonra isə 8 il Qahirədə oxumuşdu. Şair Əbülfəti isə "Daş qonaq" kitabına görə tutmuşdular. Ermənilərin daha çox varlı olmasına baxmayaraq rayondan cəmi 6 erməni "kulak", "qolçomaq" çıxdı. Sonra onların hamısı dolayı yolla azadlığa buraxıldı.

Ümumiyyətlə, Göyçədə ermənilər müxtəlif bəhanələrlə dəfələrlə repressiya və deportasiya törətmişlər. Onların törətdikləri soyqırımları xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər