8 Avqust 15:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün (8 avqust 2024) sonuncu azərbaycanlıların Ermənistandan qovulmasından 33 il keçir. Ermənilərin güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır. Azərbaycan bu ədalətsizliyi heç vaxt qəbul etməyəcək və tarixi ədalətin bərpası üçün sona qədər mübarizə aparacaqdır.

Tarixi ədalətsizlik hər bir xalqın taleyində sağalmaz izlər buraxır və nəsillər dəyişsə də belə unudulmur. Bu gün dünyada tarixi ədalətin bərpası bəzən fundamentalizm kimi başa düşülsə də, bu yarlıq daha çox inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrə yapışdırılır. Böyük güclər isə istədikləri zaman özlərinə sərf edən tarixi ədaləti bərpa edə bilirlər...

Azərbaycan xalqı tarixən çox böyük ədalətsizliklərlə, haqsızlıqlarla üzləşib. Tarixi torpaqlarımız İran və Rusiya arasında bölüşdürüləndən sonra da hissələrə bölündü. Demək olar ki, bütün qonşu ölkələrimizdə Azərbaycan yurdları, rayon və kəndləri vardır. Beynəlxalq hüquq yüz illər öncə bizdən alınmış torpaqımızı tələb etmək haqqımızı tanımır, bunu ərazi iddiası kimi qələmə verir.

Ən böyük tarixi ədalətsizlik İrəvan şəhərinin, Göyçə və Qərbi Zəngəzur mahallarının ermənilərə verilməsidir desək, şişitmiş olmarıq.

Nadir şah Əfşarın 1747-ci ildə vəfatından sonra Azərbaycan torpağında yaranan xamlıqlardan biri də İrəvan xanlığı idi. Ağrı dərəsində və Göyçə gölü ətrafında yerləşən bu xanlıq Araz çayından tutmuş cənubi-qərbə qədər geniş bir ərazini əhatə edirdi. Xanlığın mövcud olduğu illərdə (1747-1828) İrəvan xanlığı dəfələrlə Osmanlı, İran, Kartli-Kaxeti dövlətlərinin hücumlarına məruz qalmışdı.

Nadir şah öldürüləndən sonra Qacar tayfasının başçılarından olan Hüseynəli xan Qacar İrəvani Çuxursəd vilayətinin hakimi oldu. Şahidlərinin yazdığına görə, o, əvvəldən həmin yerlərin böyüklərindən biri olmuşdu. Nadirin hakimiyyəti devriləndən sonra digər yerlərin böyükləri kimi müstəqil hakimiyyət təsis etməyə başladı. İrəvan xanlığı o dövrdə Azərbaycanın mərkəzi şəhərlərindən biri idi. 1 oktyabr 1827-ci il tarixində isə Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, İrəvan xanlığının ləğvi, əyalətin yaradılması 1917-ci ilə qədər İrəvanın Rusiya imperiyasının tərkibində qalması ilə nəticələndi. Azərbaycanın əzəli torpağı olan İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra çarizm mərhələ-mərhələ xanlığın aborigen əhalisi olan azərbaycanlıların diskriminasiyası və xaricdən ermənilərin köçürülməsi hesabına bölgənin etnik tərkibini süni şəkildə dəyişdirməklə bu bölgənin erməniləşdirilməsini həyata keçirdi. İrəvan bölgəsində ermənilər Rusiyanın birbaşa köməyi ilə özlərinin ərazi bazalarını yaratdılar. 1827-ci idən 1917-ci ilədək 90 il müddətində Rusiya imperiyası da özünün antiazərbaycan və antiturkiyə siyasətinin həyala keçirilməsində ermənilərdən bir alət kimi istifadə etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məcburiyyət üzündən İrəvanı Ermənistana siyasi mərkəz kimi güzəştə getməsi isə gələcək faciələrin əsasını qoymuş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başladı və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Ulu Öndər Heydər Əliyev 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında qeyd edirdi ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”

200 il ərzində ermənilərin əsas işi tarixi torpaqlarımızda olan toponimləri təhrif etmək, şəhərləri və kəndləri dağıtmaq, maddi-mədəni sərvətlərimizi məhv etməkdən ibarət olmuşdur. Bu mənfur, faşist ideologiyasına mübtəla olmuş daşnakların ayağı hara dəyibsə orada qan-qada, dağıdılmış infrastruktur və yandırılmış torpaqdan başqa heç nə qalmayıb.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bütün xalq Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı və Zəfərə aparan yolun təməlini qoydu. Cənab Prezidentin 24 dekabrda Qərbi Azərbaycana Qayıdış İctimai Birliyində ziyalılarla görüşdə dediyi kimi “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.”

Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Prezident İlham Əliyev xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövlətimizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı. Ölkə başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum faydalanacağı qeyd edildi. Biz tarixi ədalət bərpa olunmalıdır, deyərkən İrəvanın, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan dövlətinin ərazisinə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət Ermənistandan qovulmuş soydaşlarımızın təhlükəsiz, ləyaqətli şəkildə öz yurd-yuvalarına qayıdışının təmin edilməsindən gedir. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Bu qayıdış haqq davamızın yeni səhifəsidir.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər