2 Sentyabr 15:10
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə 28-29 avqust 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin, fövqəladə hallar könüllülərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarının və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəsislərinin iştirakı ilə paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev Dəstənin şəxsi heyəti ilə gecə və gündüz saatlarında keçirilən taktiki-xüsusi təlimin məqsəd və vəzifələrindən danışıb. Türkiyəli mütəxəssislər – AFAD-ın INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin mentoru Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupunun üzvləri Haluk Önay Erten, Ramazan Yerli və Murat Balcı təlimdə beynəlxalq axtarış-xilasetmə təlimatlarına uyğun effektiv nəticənin əldə olunması məqsədilə Dəstənin idarəetmə, koordinasiya, axtarış və xilasetmə, logistika və tibb heyətinə müvafiq tövsiyələrini veriblər.

Taktiki-xüsusi təlim zamanı təbii və texnogen hadisələr nəticəsində dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə prosedurların tətbiqi həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq şəxsi heyətə texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına xüsusi diqqət yetirilib.

Təlim zamanı “fəlakət bölgəsi”ndə zərərçəkmiş, media, yerli dövlət qurumunun nümayəndəsi və s. istiqamətlər üzrə uğurla iştirak edən fövqəladə hallar könüllülərinə sertifikatlar təqdim olunub.

Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər