Sentyabrın 13-15-də Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb.
Teleqraf.com Xidmətə istinadən xəbər verir ki, İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq təlimlərə start verilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr müavini, komissiyanın sədri Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. “Formula 1” yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirən sədr müavini hər bir əməkdaşı öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib.
Qurumun “Formula 1” yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayan sədr müavini bildirib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.
Sədr müavini və komissiya üzvləri Xidmətin “Formula 1” yarışlarına cəlb olunacaq heyətinin hazırlıq səviyyəsi ilə yerindəcə tanış olub, geyim, texniki ləvazimatlar, mal-materiallar, avtomobillərin normativ qaydalara hansı səviyyədə cavab verdiyini müəyyənləşdiriblər. Baxış zamanı sukanal işçiləri tapşırıqları bilavasitə təcrübi olaraq yerinə yetiriblər.
Təlim məşq toplantısında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidməti şöbəsinin müdiri Yaşar Bəşirov açıqlamasında təlim-məşq toplantısının əhəmiyyətindən danışıb.
"Formula 1" yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək.