Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ünvanlanan sualların bir qismi özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır:
“Minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarsa, minimum əmək haqqındakı artım onu da əhatə edəcək. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.
Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq.
Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır”.