18 Oktyabr 14:27
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis yaşıllıqları məhv etmə və ya zədələməyə görə cərimələrin artırılmasını I oxunuşda təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə görə, yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmin əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə səsverməyə qoyularaq ilk oxunuşda təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər