14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan baş həkim işləmiş Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Aruz Əliyevin vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkilinin həbsdə saxlanılması üçün əsas yoxdur. O, Aruz Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına verilməsini istəyib.
Vəkil daha sonra Babəli Babazadənin Fazil Nağıyevlə üzləşmə protokolunun, həmçinin Fazil Nağıyevin şahid qismində dindirilməsinin prokurorluğun sübutlar siyahısına, Fazil Nağıyevin adının isə şahidlər siyahısına əlavə edilməsi və şahid qismində ifadə verməsi üçün çağırılması barədə vəsatət verib.
Daha sonra Ehtiram Kərimovun vəkili vəsatətlə çıxış edib. Bildirib ki, ittiham qurama əsassızdır. O, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi istəyib.
Zərərçəkmiş Babəli Babazadənin vəkili vəsatətlərə etiraz edib. Vəkil bildirib ki, işdə faktlarla bağlı sübutlar var. Onun sözlərinə görə, həm Aruz Əliyevin, həm də Ehtiram Kərimovun səs yazıları mövcuddur.
Ehtiram Kərimov vəkilin çıxışına etiraz edib və bildirib ki, heç bir günahı yoxdur, bir ildir girov saxlanılır.
Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb: "Amma biz deyə bilmərik ki, şəxslər bu cinayəti törədib. Çünki araşdırma aparılır. Araşdırma zamanı məlum olub ki, Ehtiram Kərimov dəfələrlə məhkum olunub. İşdə 20 şahid var, onlar dindirilməlidir. Günah var, ya yox, araşdırma tələb edir. Buna görə də hazırkı mərhələdə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur. Əlavə şahidlərin dindirilməsi üçün çağırılması ilə bağlı vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılılsın".
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi üçün əsaslar oluduğunu vurğulayıb və işin məhkəmə baxışına verilməsini təklif edib.
İşin məhkəmə baxışına verilməsinə digər tərəflər də etiraz etməyib. Daha sonra hakimlər müşavirəyə gedib.
Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, vəsatətlər təmin edilməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Əlavə şahidlərin dindirilməsi barədə vəsatətin baxılması təxirə salınıb.
Məhkəmə baxışı oktyabrın 31-ə təyin olunub.
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.
Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.
Aruz Əliyev özü həkim-cərrahdır. O bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.
İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.
Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.
Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.
İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.
Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.
Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.
Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.