İranın BMT-dəki missiyası HƏMAS lideri Yəhya Sinvarın İsrail ordusu tərəfindən öldürülməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə missiyanın X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“ABŞ hərbçiləri Səddam Hüseyni yerin altından çıxaranda, o, silahlı olmasına baxmayaraq, öldürülməməsi üçün yalvarmışdı. Səddamı müqavimət modeli hesab edənlər sonda süqut elədilər. Amma müsəlmanlar Sinvarı döyüş meydanında, döyüş geyimində və açıq havada, gizlənərkən yox, düşmənlə üz-üzə dayandığını görəndə müqavimət ruhu güclənəcək. O, Fələstinin azad edilməsi üçün öz yolunu davam etdirəcək gənclər və uşaqlar üçün nümunə olacaq. Nə qədər ki, işğal və təcavüz var, müqavimət də davam edəcək” – paylaşımda deyilir.
İsrail Baş naziri Benyamin Netanyahu bundan öncə HƏMAS liderinin gizləndiyi yerdə məhv edildiyini açıqlayıb.
“Sinvar sizin həyatınızı məhv etdi. Sizi “aslan” adlandırırdı, amma özü qaçıb qaranlıq bir yuvada gizlənmişdi”, - İsrail lideri qəzzalılara müraciətində deyib.
HƏMAS lideri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail ordusu tərəfindən məhv edilib.