17 Oktyabr 17:01
3 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü toplantısı sabah İstanbulda keçiriləcək. Türkiyə xarici işlər naziri Hakan Fidanın ev sahibliyi edəcəyi toplantıya onun Azərbaycan, Ermənistan, İran və Rusiyadan olan həmkarları qatılacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda bölgədə sabitlik və inkişaf yönündə atılacaq addımlar dəyərləndiriləcək. Bu kontekstdə konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsi müzakirə olunacaq.

İclasda həmçinin mühüm regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Hakan Fidanın iclasda çıxışı zamanı Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə toxunacağı və problemlərin həllində regional formatın ən etibarlı üsul olduğunu vurğulayacağı gözlənilir. Fidan Azərbaycan və Ermənistan arasında davam edən sülh müqaviləsi danışıqlarının Türkiyə tərəfindən dəstəkləndiyini, Ankara ilə İrəvan arasında normallaşma prosesinin də başladığını bildirəcək.

Həmçinin Türkiyə xarici işlər naziri müraciətində etimad quruculuğu tədbirləri kimi iqtisadi sahələrin əhəmiyyətini vurğulayacaq, əlaqə və iqtisadi inteqrasiyaya diqqət çəkəcək. Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan qonaq nazirləri qəbul edəcək, xarici işlər naziri Fidan da həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

İclasın sonunda iştirakçı ölkələr tərəfindən Birgə Bəyannamənin qəbul edilməsi planlaşdırılır.

Qəbul ediləcək bəyannamədə diqqətçəkən məqamlar:

Region ölkələrinin problemlərini öz aralarında dialoq yolu ilə həll etmələrinin vacibliyi;

BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər əsasında regionda siyasi mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, ərazi bütövlüyünə və siyasi müstəqilliyə hörmət, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, güc tətbiqi təhlükəsinin qadağan edilməsi və insan hüquqlarına hörmətin zəruriliyi;

Etimadın yaradılması, rifahın artırılması və sabitliyin bərqərar edilməsində konstruktiv rol oynayan regional iqtisadi əməkdaşlıq çərçivəsində tərəflərin müxtəlif iqtisadi sahələrdə, xüsusilə regional nəqliyyat dəhlizlərində (Zəngəzur) və əlaqələrdə əməkdaşlığın artırılmasına dair öhdəlik götürülməsi gözlənilir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər