Müstəqilliyin ilk illərində tikilmiş ilk su elektrik stansiyasının generasiya gücü 4.5 mVtdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Heydər Əliyev Su Anbarı üzərindəki SES-in direktoru Tərxan Qafarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2006-cı ildə istifadəyə verilən Heydər Əliyev Su Anbarı üzərindəki SES kiçik kateqoriyalı stansiya hesab olunmasına baxmayaraq həmin stansiyanın inşa olunması elektroenergetikanın bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi yönündə ilk tarixi addım adlandırmaq olar:
"Stansiya Naxçıvan MR Nazirlər Kabineti ilə Türkiyə Respublikasının “Cengiz İnşaat AŞ və Aksoy ortaq təşəbbüsü” arasında imzalanmış 19 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən H.Əliyev su anbarında tikilib quraşdırılmışdır. Su anbarının tutumu 100 milyon kubmetrdir. Stansiyada 2 ədəd hər birinin gücü 2 meqavat və 1 ədəd gücü 0,5 meqavat olan hidroturbinlər qoyulmuşdur. 2006-cı ilin iyul ayında stansiyada sınaq-sazlama işləri yekunlaşdırılmış və enerjisistemə qoşulmuşdur. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz” elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güc transformatorları, paylayıcı quruluşlar Türkiyə Respublikasının, turbin və generatorlar isə Fransa Respublikasının istehsalıdır. Stansiyanın layihəsi, quraşdırılması, sazlanması ilə əlaqədar görülən işlərin dəyəri tamamilə Naxçıvan MR Dövlət Energetika Xidmətinin elektrik enerjisi satışından topladığı vəsait hesabına ödənilmişdir. Stansiyada il ərzində 7 milyon kilovatsaat enerji istehsal edir. İstehsalın 12 milyon kilovatsaata çatdırılması nəzərdə tutulur".