Vergilər Nazirliyi bu yaxınlarda 405 borclu müəssisənin adını açıqlayıb. Borclular arasında “Azərsu” ASC-nin “Birləşmiş Su Kanal” MMC və “Sutikinti” müəssisəsi də var. Ötən ay “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin “Azərsu” ASC-nin iştirakı ilə təşkil olunan tədbirində “Azərsu” şirkətinin ziyanla işlədiyi vurğulanmışdı. Bu isə kifayət qədər maraqlı faktdır: “Azərsu” hansı səbəbdən ziyanla işləyir? Qurumun tabeliyində olan müəssisələrin vergi borcları nədən yaranır?
Suyun maya dəyəri satış qiymətindən yüksəkdir
“Azərsu” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının sözlərinə görə, abonentlərə satılan suyun maya dəyəri satış qiymətindən yüksəkdir. Bu səbəbdən qurumun mənfəətlə işləməsi qeyri-mümkündür.
Mətbuat katibinin sözlərinə görə, təkcə “Azərsu” deyil, bir çox iri təşkilatların analoji problemləri var: “Metropoliten və bu kimi digər müəssisələr də mənfəət götürmür. ”Azərsu" da o sıradadır. Bu, əhalinin sosial təminatına yönəlmiş hökumət siyasəti ilə əlaqədardır. Dünyanın elə ölkələri var ki, şirin su ehtiyatları Azərbaycandan dəfələrlə çoxdur, amma istehlakçıya satılan suyun qiyməti bizdəkindən yüksəkdir".
Bakıda şirin su mənbəyinin olmaması da əlavə xərc deməkdir
Qurum rəsmisi dedi ki, Bakının şirin su mənbəyi yoxdur deyə, su paytaxta uzaq məsafələrdən nəql edilir ki, bu da əlavə xərc yaradır: “Bildiyimiz kimi, Bakıda şirin su mənbəyi demək olar ki, yoxdur. Paytaxtı içməli suyla təmin edən Şollar xətti 180, Kür xətti 160, Oğuz-Qəbələ xətti Bakının 262 kilometrliyindədir. Ceyranbatana su Samur-Abşeron kanalıyla Samur çayı və ya Taxta körpü su anbarından nəql olunur ki, onlar da Bakıdan təxminən 200 kilometrlikdə yerləşir”.
Xərclərin 30-33 faizini işıq pulu aparır
Anar Cəbrayıllı bildirdi ki, Bakı şəhərinin amfiteatr formada olması suyun nasoslar vasitəsilə vurulmasını zəruri edir. Bu da əlavə elektrik enerjisi deməkdir: “Bakıya su daha çox nasoslarla vurulur. Məsələn, Kürdən suyu Bakıya ikipilləli nasoslar vasitəsilə qaldırırıq. Bundan başqa, paytaxtda ”64-Şərq", “110-Qərb”, “126-Qaraçuxur” anbarlarından da suyu nasoslarla vururuq. Ona görə də “Azərsu” ASC-nin xərclərinin böyük hissəsi elektrikə gedir. Xərclərin təxminən 30-33 faizi elektrik enerjisinin payına düşür. Bu səbəbdən suyun emalı, nəqli, paylanması satış qiymətindən baha başa gəlir".
Anar Cəbrayıllının sözlərinə görə, bütün bunlara baxmayaraq, müəssisə suyun itki faizinin azaldılması, satışın artması, qeyri-qanuni birləşmələrin qarşısının alınması hesabına gəlirini xeyli artırıb: “Ötən il ”Azərsu" ASC-nin illik gəliri 150 milyon manata çatıb. Amma ümumilikdə xərclərimiz gəlirlərimizi 20-25 faiz üstələyir".
Su oğruları
Həyətyanı torpaq sahəsi olanların əksəriyyəti sayğaclaşmaya maraq göstərmir. Anar Cəbrayıllının fikrincə, bu, həm su israfçlığına, həm də su oğurluğuna səbəb olur: “Bakı şəhərində həyət evində 1 sot-sotyarım sahədə ev tikib, qalan 3-4 sotda gül-çiçək, meyvə-tərəvəz, bostan məhsulları yetişdirənlər var ki, bu da içməli suyun əlavə sərfiyyatına səbəb olur. Təkcə bir həyət evi ilə bağlı sayğaclaşmadan əvvəlki və sonrakı müqayisəni aparsaq, mənzərə aydın olar.
Nəzərdə tutduğum həmin ev sahibi yayda bir ay ərzində işlətdiyi suyun pulunu il ərzində ödəmirdi. Sayğaclaşmadan əvvəl 10 manatı zorla ödəyirdisə, sayğaclaşmadan sonra yay aylarında 90 manata yaxın supulu verir.
Bakıda hətta smart-kartlara qoyulan filtrlərin plombunu qırıb oğurluq su işlədənlər də var. Bundan başqa, sayğaclaşmaya maraq göstərməyənlər arasında yay aylarında böyük sututumu olan hovuzlardan istifadə edən imkanlı şəxslər də az deyil. Elə adam var ki, hovuzu ay ərzində iki dəfə doldurduqda ən azı 10 manatlıq su istifadə edir.
Təkcə Bakı şəhərində sayğac quraşdırılmayan 120 minə yaxın mənzil var ki, onlarda yalnız bir nəfər qeydiyyatdadır. Həmin mənzillərdə yaşayan sakinlərin sayından asılı olmayaraq və bütün günü sudan istifadə edildi-edilmədi, bir nəfərin yerinə 1 manat 80 qəpik ödənilir".
Qeyri-əhali qrupu bir ildə 1 milyon manatlıq ziyan vurub
Anar Cəbrayıllı bildirdi ki, qeyri-əhali qrupundan xalçayuma sexləri, “moyka”lar, limonad sexləri də suyun sərfiyyatında qanunsuz olaraq həddən artıq israfçılığa yol verirlər: “Hətta böyük müəssisələrdən biri suyu oğurluq yolla kanalizasiya xəttinin içərisindən aparmışdı. Bütün su xətlərini kəsdik, gördük yenə də sudan istifadə edir. Gizli araşdırmadan sonra fakt aşkarlandı. Ona görə də ötən il biz təkcə qeyri-əhali qrupu üzrə 1 milyondan artıq dəymiş ziyan hesablamışıq”.
2014-cü ildə içməli su sərfiyyatında bəzi rəqəmləri xatırladan qurum rəsmisi dedi ki, ötən il “Azərsu” ASC-nin su satışı 92 faiz civarında olub. Sudan qanunsuz istifadəyə görə 1134 fakt aşkarlanıb, 1 milyon 136 min manata yaxın cərimə ödənilib. Bunun 136 min manatı əvvəlki illərdən olan ödənişlər olub: “Ötən il ölkə üzrə 57 faiz sayğaclaşma aparılıb. 50 mini regionlarda olmaq 146 min sayğac quraşdırılıb ki, bunun 142 mini smart-kart tipli sayğaclardır”.
“Azərişıq”ın abunəçi sayı niyə “Azərsu”dan qat-qat çoxdur
Qeyd edək ki, “Azərsu” ASC-nin 1 milyon 322 min abunəçisi var, onun 1 milyon 267 mini əhali qrupudur. Nə səbəbə “Azərişıq”da abunəçi sayı “Azərsu”dan dəfələrlə çoxdur? Digər tərəfdən, su üzrə müstəqil mütəxəssislər bildirirlər ki, su ehtiyatı bir mərkəzdən idarə olunsa, həm sərfiyyata qənaət edilər, həm də xərclər minimuma enər.
Sualımıza və mütəxəssislərin təklifinə Anar Cəbrayıllı belə cavab verdi: “Elektrik enerjisi istifadəçilərinin sayı ona görə çoxdur ki, onların hamısı bir mərkəzdən elektrik enerjisi alır. Amma su istifadəçiləri arasında elələri var, suyu quyudan götürür. Rayonların, Bakının elə kəndləri var ki, bizə aidiyyəti yoxdur. Məsələn, Ucarın 64 kəndi, Zirə, Türkan kəndləri bizim abunəçilərimiz deyil. Halbuki rayonların hamısı ”Azərsu"yun balansındadır. O ki qaldı suyun mərkəzləşmiş qaydada idarə olunmasına, bu məsələ, bizim səlahiyyətimizə aid deyil".
“Borcu hissə-hisə ödəyirik”
“Azərsu” ASC-nin 34 tabeli təşkilatı olduğunu bildirən qurum təmsilçisinin sözlərinə görə, Vergilər Nazirliyinə borcu olan təşkilatlar onu hissə-hissə ödəməyə başlayıb: “Bu gün ”Azərsu"yun digər təşkilatlara da borcu var. Hər bir müəssisənin xərcləri bölünəndə ilk növbədə işçilərin əməkhaqqının tam ödənişinə çalışır.
Təşkilatlarımızın vergi borclarına gəlincə, hissə-hissə ödənişlər həyata keçirilir. Artıq “Sutikinti” 200 minə yaxını ödəniş aparıb".
Sevil Hilalqızı