“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar 2015-ci il martın 16-dan 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, “Qaz təsərrüfatının istismarı” şöbəsində və qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” İB təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.
Naibə QURBANOVA