18 Mart 2015 09:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif vaxtlarda akademik və ya bəzi politoloqlar səviyyəsində türk dünyasının ortaq ordusunun yaradılması fikri səsləndirilsə də, dövlətlər səviyyəsində bu istiqamətdə hər hansı addım atılmır.

Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

O, qeyd edib: “Sadəcə, türk dünyası ilə məhdudlaşmayan, jandarmeriya qüvvələrinin birlikdə fəaliyyət göstərməsini nəzərdə tutan və türk dünyasındakı qardaşlarımızı da əhatə edən bir əməkdaşlıq var”.

Səfir deyib ki, ortaq ordu deyildikdə, təbii ki, ortaq idarəetmə altında birləşdirilmiş, bütün strukturları ilə vahid mərkəzdən idarə olunan bir ordu nəzərdə tutulur: “Təbii ki, belə bir ordunun yaradılması çox çətindir. Fərqli hərbi birləşmələri, hava qüvvələrini, ordu birləşmələrini nəzərə alsaq, bunun çox çətin olduğunu görmək olar”.

Türkiyəli diplomatın sözlərinə görə, bütün hərbi qüvvələrin birlikdə fəaliyyət göstərməsini təmin etmək hər bir ölkə üçün ciddi bir sınaqdır: “Bu məsələdə NATO-ya örnək kimi baxa bilərik. Bəzən kənardan baxılanda NATO ölkələrinin ortaq orduya sahib olduğu güman edilir. Əslində isə belə deyil. NATO çərçivəsində hər hansı bir əməliyyatın keçirilməsi gündəmə gəldikdə, belə bir qərar qəbul olunduqda, NATO Şurası tərəfindən qüvvələrin təşkil edilməsinə qərar verilir ve vaxt lazım olur. NATO çərçivəsində hər hansı əməliyyatın aparılması üçün alyansa üzv olan ölkələrin imkanları nəzərə alınır”.

İ.A.Coşqun onu da qeyd edib ki, türk dünyası qapalı, digərlərinə qarşı sədd çəkmiş bir düşüncə ilə deyil, dünyanın çox önəmli bir mərkəzi, iqtisadi potensialı və coğrafi mövqeyi etibarilə bütün dünyanın inkişafına ciddi töhfə verə biləcək bir ərazidə yerləşir: “Dolayısilə, adıgedən regiondakı və dünyadakı qardaşlarımızı dünyaya inteqrasiya etdirəcək addımlar atılmalıdır. Bunu edərkən bir yandan infrastrukturumuzu inkişaf etdirəcək, digər tərəfdən isə mədəniyyətimizə sahib çıxacaq və tariximizi anladacaq, eyni zamanda, siyasi əlaqələrimizi möhkəmləndirəcəyik. Bütün bunlarla yanaşı, sabitlik və təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməyimiz lazımdır”.

Diplomatın sözlərinə görə, əgər türk dünyası sadalanan məqamlar üzrə bir araya gəlsə, yuxarıda bəhs olunan nöqtədən başlamaq lazımdır: “Başqa sözlə, bununla maraqlanacaq dövlətlərin təhlükəsizlik güclərinin bir-biri ilə dialoq aparması lazımdır. Bu məsələdə sadəcə olaraq dialoqla kifayətlənmək deyil, texniki özəlliklərə də sahib olmaq lazımdır”.

Səfir deyib ki, Türkiyə türk dünyası daxilində bunu ən yüksək şəkildə Azərbaycanla həyata keçirir: “Keçən il Azərbaycanda təşkil edilən təlimlər, bu il isə Türkiyədə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər bunun bariz nümunəsidir. Türkiyənin NATO standartları üzrə təcrübəsindən Azərbaycanla birgə istifadə etmək şərtilə, Azərbaycanın da NATO standartlarına çatma hədəfini nəzər alaraq, əlavə fəaliyyət göstəririk”.

İ.A.Coşqun bildirib ki, bu kimi tədbirlərin keçirilməsi güc strukturlarının bir-birini tanıması və bölgənin sabitliyi üçün birgə fəaliyyət göstərməsi baxımından çox önəmlidir.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, təlim metodları paylaşıla bilər: “Hər bir ölkənin bu sahədə özünəməxsus təcrübəsi var. Birgə təlimlərin keçirilməsi ilə bu təcrübələrdən faydalanmaq mümkündür”.

Səfir vurğulayıb ki, bu təlimlər həm nəzəri, həm də praktik olaraq həyata keçirilə bilər: “Hər bir ölkənin öz təcrübəsini digərinə çatdırması, digərinin təcrübəsindən istifadə etməsi ilə daha önəmli əməkdaşlıq şəbəkəsi hazırlaya, bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək bacarığını inkişaf etdirə bilərik”.

Diplomat qeyd edib ki, türk dünyasının hədəfi qarşısında baryer qoymaq deyil: “Nə Türkiyənin, nə də türkdilli ölkələrin təhdidlər qarşısında sərtləşmək kimi düşüncəsi yoxdur, lakin regionda ortaq risklərimiz və təhlükələrimiz var, həll edilməsi lazım olan məsələlər var. Qarşılıqlı töhfə baxımından türk dünyasının daha yaxın və bir-birinə inteqrasiya olması hər kəsin maraqlarına xidmət edə bilər”.

Səfir əlavə edib ki, bu cür təşkilatlanmalar ən bəsit nöqtədən başlayaraq daha yüksək səviyyəyədək inkişaf etdi və hərbi sahədə daha yaxın əməkdaşlığın olması ilə nəticələndi: “İstər türk dünyasının vahid ordusu olsun, istərsə də olmasın, dövlətlərimiz arasında işbirliyi var və bu işbirliyinə sadəcə türk dünyası deyil, kənardan da müşahidəçi qismində qatılmaq istəyən ölkələr ola bilər”.

İ.A.Coşqun deyib ki, bunun bənzəri NATO-da mövcuddur: “Belə ki, NATO-ya üzv olan ölkələrlə yanaşı, alyansa bir sıra müşahidəçi dövlətlərin qatıldığını görmək olar ki, bu da öz növbəsində, problemlərin yarandığı anda həlli baxımından çox önəmlidir”.


Müəllif:

Oxşar xəbərlər